EN

Artıq 1000-dən çox maraqlı tərəf "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsini dəstəkləyib - Rəşad Nəbiyev

Bakı, TurkicWorld

Artıq 1000-dən çox maraqlı tərəf "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsini dəstəkləyib.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"İnanıram ki, birgə səylərlə rəqəmsal texnologiyaların potensialından istifadə edərək, davamlı və aşağı karbonlu gələcək yarada bilərik", - nazir vurğulayıb.

R.Nəbiyev qeyd edib ki, Azərbaycanın davamlı və ekoloji gələcəyə gedən yolu texnoloji innovasiyaların tətbiqi ilə sıx bağlıdır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
22
2
turkic.world

3Sources