EN

İdarəetmə Sistemləri İnstitutunun nümayəndə heyəti beynəlxalq sammitdə iştirak EDİB

6 noyabr 2024-cü il tarixində Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təşkilatçılığı ilə “World Space Leaders Summit” keçirilib.

"Unikal" xəbər verir ki, sammitdə dünyanın qabaqcıl 40 ölkəsinin aerokosmik şirkət və dövlət müəssisələrinin, o cümlədən AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun nümayəndə heyəti iştirak edib. Tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində COP29 tələblərinə cavab verən fəaliyyət növləri barədə danışıqlar aparılıb, “COP29 Impact and Output: International Pledge for Space-Based Climate Action” adlı razılıq sənədi təsdiqlənib. 

Azərkosmosun rəhbərliyi ilə keçirilən tədbir çərçivəsində “Kosmosdan Yerə: Dəyişən İqlimdə Məlumata əsaslanan qərarların qəbulu" (From Space to Earth: Data-Driven Decision Making in a Changing Climate) adlı panel sessiyada plenar məruzəçi qismində çıxış edən İSİ-nin baş direktoru, akademik Əli Abbasov Azərbaycanda qlobal iqlim dəyişikliklərilə bağlı problemlərin həlli istiqamətində kosmik və peyk texnologiyalarının tətbiqindən bəhs edib. Son on ildə sözügedən sahədə görülmüş işlər barədə ətraflı məlumat verən Ə.Abbasov Azərbaycanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Çin Milli Aerokosmik Administrasiyası (CNSA) ilə əməkdaşlıq əlaqələrindən və qlobal təşəbbüslərdə iştirakından danışıb. 

Ətraf mühitin mühafizəsi istiqamətində  Azərbaycan alimləri tərəfindən həyata keçirilən işlərdən söz açan Ə.Abbasov məlumata əsaslanan qərarların qəbulu ilə bağlı müxtəlif sektorlar üçün məlumatlar təqdim edən uzaqdan zondlama, süni intellektlə idarə olunan modellər və IoT cihazları kimi peyk texnologiyalarının inteqrasiyası barədə danışıb. Bildirib ki, hazırda ölkəmizdə qeyri-səlis məntiq və neyroşəbəkələri peyk məlumatları ilə birləşdirərək kənd təsərrüfatı sahəsində qlobal problemləri həll edən intellektual idarəetmə sistemləri hazırlanaraq tətbiq edilir. Yerin Müşahidəsi (EO) texnologiyaları yerli, regional və qlobal miqyasda iqlim dəyişikliyinin təsirlərini izləmək və proqnozlaşdırmaq üçün kosmik məlumatların istifadəsində əsas rol oynayır. Bu texnologiyalar Azərbaycan da daxil olmaqla ölkələrə mövcud problemləri qiymətləndirməyə kömək edə biləcək genişmiqyaslı və dəqiq məlumatlar təqdim edir.

Ə.Abbasov Qara dəniz, Anadolu, Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya vasitəsilə Avropa və Asiyanı birləşdirən fiber-optik kabellərin transformativ şəbəkəsi olan Rəqəmsal İpək Yolu layihəsi layihəsindən söz açıb. Akademik, həmçinin Azərbaycan Milli Aviasiya Akademiyası tərəfindən neft-qaz hasilatı zamanı baş verən çirklənmələrin su səthində məsafədən zondlanması üçün LIDAR texnologiyasının tətbiqi barədə tədbir iştirakçılarına məlumat verib.

Çıxışının sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinin önəmini vurğulayan Ə.Abbasov ətraf mühitin mühafizəsi istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib.

Chosen
2
50
unikal.az

10Sources