EN

Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb

Noyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

“İki sahil” xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbirdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib. O, parlamentlə hökumət arasında işgüzar münasibətlərin mövcud olduğunu, təqdim edilən büdcə sənədlərinin hər zaman yüksək keyfiyyət parametrlərinə cavab verdiyini söyləyib. Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi ölkəmizdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və onun rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi və sosial siyasət sahəsində əldə edilən nailiyyətləri özündə ehtiva edir. Büdcədə ötən müddətdə qazanılan uğurlarla yanaşı, hökumətin növbəti ildə əsas məqsəd və prioritetləri öz əksini tapır.

Əli Əhmədov vurğulayıb ki, növbəti ildə Azərbaycan Hökumətinin əsas prioritetləri ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, dövlət təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulmasıişlərinin miqyasının genişləndirilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün layihələrin reallaşdırılması ilə bağlıdır. O, hazırda Azərbaycanda dünyanın ən mötəbər tədbirlərindən biri kimi qiymətləndirilən COP29 konfransının keçirildiyini, bu tədbir çərçivəsində ölkəmizin öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini xüsusi qeyd edib.

2025-ci il dövlət büdcəsinin əsas parametrləri ilə bağlı diqqətə çatdırılıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38316,0 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41367,6 milyon manat proqnozlaşdırılır.

Sonra iclasda maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. O bildirib ki, 2025-cü il üzrə dövlət və icmal büdcələrinin layihələri, sonrakı üç il üçün icmal büdcənin əsas göstəriciləri Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi ölkəmizin prioritet inkişaf istiqamətlərini, eyni zamanda, hədəfləri özündə ehtiva edir və “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanıb.

Büdcə-vergi siyasətinin əsas istiqamətləri ilə bağlı məlumat verilib ki, 2025-ci və sonrakı üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Belə ki, 2025-2028-ci illər üçün Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı çağırışlar, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə vəzifələr diqqətdə saxlanılıb.

Diqqətə çatdırılıb ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41367,6 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1625,3 milyon manat və ya 4,1 faiz çoxdur. Büdcə xərclərinin 92,6 faizi və ya 38316,0 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Gəlirlərlə təmin edilməyən xərclər 3052,0 milyon manat təşkil edəcək.

Nazir bildirib ki, növbəti il “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Ölkənin milli təhlükəsizliyininvə müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün büdcə xərclərinin 20,3 faizi və ya 8396,0 milyon manat vəsait proqnozlaşdırılır.

Qeyd edilib ki, 2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək. Növbəti ilin dövlət büdcəsində bu xərclər 16909,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz çoxdur. Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893,0 milyon manat, investisiya yönlü layihələrin həyata keçirilməsi üçün 1100,0 milyon manat, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üçün 150,0 milyon manatın ayrılması nəzərdə tutulub.

Bildirilib ki, büdcə layihəsində əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial müdafiə və sosial təminat xərcləri üçün 4812,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə 1600,0 milyon manat vəsait dövlət büdcəsindən transfert şəklində ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 311,0 milyon manat vəsait proqnozlaşdırılır.

Növbəti ildə təhsil xərclərinə 4946,1 milyon manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz, çoxdur. Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq üçün tələbə kreditlərinin verilməsi üçün növbəti ilin büdcəsində Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalının 126,0 milyon manata çatdırılması nəzərdə tutulur.

2025-ci ilin dövlət və icmal büdcələrində səhiyyə xərcləri üçün cəm olaraq 3525,0 milyon manat vəsait nəzərdə tutulub. İcbari Tibbi Sığorta Fondunun öz gəlirləri və ilin sonuna qalıqları istisna olmaqla, dövlət büdcəsində səhiyyə xərcləri üçün 1999,0 milyon manat vəsait ayrılacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində nəzərdə tutulmuş 1410,0 milyon manat vəsaitin 1267,0 milyon manatının və yaxud 90 faizinin dövlətin əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəliyi təşkil edəcək.

2025-ci ildə ətraf mühitin mühafizəsi ilə bağlı xərclər üçün 418,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Bu vəsaitin 271,0 milyon manatı rayon, şəhər və qəsəbələrin sanitar və abadlaşdırılması ilə bağlı xərclərə, 91,0 milyon manatı meşə təsərrüfatı, hidrometrologiya, bioloji zənginliyin qorunmasına, 56,0 milyon manatı isə digər xidmətlərin maliyyə təminatına yönəldiləcək.

2025-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması və Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalından Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üzrə 754,2 milyon manat vəsait proqnozlaşdırılır. Bu xərclərin 205,0 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması xərclərinə, 32,0 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərclərinə, 8,0 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 238,1 milyon manatı beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə yönəldiləcək.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib. O qeyd edib ki, həyata keçirilən dövlət siyasətinin əsas məqsədi əhalinin rifahının və sosial təminatının yüksəldilməsi, həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bu baxımdan dövlət büdcəsində sosialyönlü xərclər prioritet təşkil edir. Bu xərclər büdcənin 41 faizini əhatə edir və 16,9 milyard manat məbləğində müəyyən edilib. Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət və bu qəbildən olan sosial xərclər üzrə növbəti ilin büdcəsi cari ilin büdcəsindən 1 milyard manat artıq olmaqla 12,6 milyard manat təşkil edəcək. Sosial müdafiə, sosial təminat xərcləri 4,8 milyard manat vəsait nəzərdə tutulub. Əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi kimi tədbirlərə 2,6 milyard manat vəsait ayrılıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılmasına cari ildən 368 milyon manat çox olaraq 1,6 milyard manat vəsait ayrılıb.

Sahil Babayev diqqətə çatdırıb ki, növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri cari illə müqayisədə 727 milyon manat və ya 11 faiz çox olacaq, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri isə cari illə müqayisədə 10 faiz artıq olmaqla 260,7 milyon manat təşkil edəcək.

Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozlar, habelə büdcə parametrlərinin layihələndirildiyi dövrdə ölkədə makroiqtisadi meyillər barədə söhbət açıb. Büdcə zərfinə daxil edilən sənəd və göstəricilərin “Büdcə sistemi haqqında” Qanuna, büdcə zərfinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olduğunu, büdcə sənədləşməsinin beynəlxalq təcrübəyə əsaslandığını deyib.

Palata sədri fiskal risklər, icmal büdcənin təhlili, ortamüddətli büdcə planlaşdırılması ilə bağlı qeydlərini açıqlayıb. Dövlət büdcəsi gəlirlərinin və xərclərinin 2024-cü ilin 8 ayında icra vəziyyəti, 2025-ci il üçün gəlir və xərclərin, habelə büdcə kəsiri və kəsirin maliyyələşdirilməsinin təhlilini təqdim edib, Palatanın bəzi tövsiyələrini diqqətə çatdırıb.

Sonra iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış ediblər.

Çıxışlarda 2025-ci ilin dövlət büdcəsinin mükəmməl hazırlandığı bildirilib, bir sıra qeyd və təkliflər səsləndirilib.

Sonra iclasda deputatlar Jalə Əliyeva, Nəsib Məhəməliyev, Məlahət İbrahimqızı, Rəşad Mahmudov, Asim Mollazadə, Müşfiq Məmmədli, Vüqar Bayramov, Gülşən Paşayeva, Asif Əsgərov çıxış edib, 2025-ci ilin büdcə layihəsi barədə fikirlərini və bəzi qeydlərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirilən fikirlərə münasibətlərini açıqlayıblar.

Sonda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Chosen
433
3
ikisahil.az

5Sources