EN

«Metsamor» AES ən böyük regional təhlükədir

Azərbaycan COP29-da bu məsələni gündəmə gətirmək və onun bağlanması üçün beynəlxalq dəstək imkanları qazanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasnın Azərbaycanda keçirilməsi həm də onunla aktualdır ki, biz yalnız qlobal ekoloji təhlükələri deyil, həm də regional təhlükələri də dünya ictimaiyyətinin diqqətinə çatdırmaq imkanı qazanırıq. Xüsusilə Ermənistanın işğalçı xarakteri ilə bərabər, onun hələ də bölgə üçün ciddi ekoloji təhdidlər törətməsinə dair əsaslı faktları  dünya ictimaiyyətinə çatdırmaq imkanlarına sahibik. Xüsusilə Ermənistandakı «Metsamor» Atom Elektrik Stansiyasının (AES) təhlükəsi barədə ciddi faktlar ortaya qoyulmaqla onun bağlanması prioitet məsələyə çevrirməliyik.  

Burada bir haşiyə çıxaraq bildirək ki,  hazırda dünyanı təhdid edən ən ciddi məsələ Rusiya- Ukrayna müharibəsi zamanı AES- lərin döyüş zonasına daxil olmasıdır. Belə ki, Rusiya ordusu Ukraynadakı Zaporojye AES-ə nəzarəti həyata keçirir. Eyni zamanda, son ik ayda Ukrayna ordusu Rusiyanın Kursk vilayətindəki  AES-i mühasirəyə alıb. Demək, hər iki AES-ə bilərəkdən və ya  bilməyərəkdən zədə yetirilsə bölgə əhalisi, o cümlədən ətraf ölkələr böyük fəlakətlə üzləşəcəklər.

Ötən il Zaporoyje AES-də baş verən yanğından sonra Moskva və Kiyev qarşılıqlı ittihamlarla çıxış etdilər. .Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, stansiyaya dronla endirilən zərbə nüvə obyektinin əsas reaktorlarına təsir göstərməyib: «Bu məsuliyyətsiz hücumlar stansiyada nüvə təhlükəsizliyini təhdid edir və qəza riskini artırır. Belə hücumlar dərhal dayandırılmalıdır.»

Rusiya  isə Kursk AES-ə Ukraynanın hücum edəcəyinə dair məlumat yayıb, onun qarşısını almaq üçün müdafiə istehkamları qurub. Belə bir vəziyyət Çernobıl faciəsinin təkrarlanma ehtimalını artırır. Bildirilir ki, ümumiyyətlə,  Rusiya ərazisində hazırda 11 AES-də 37 enerji bloku istismar olunur. Onların ümumi gücü 28,5 QBT-dan çoxdur. Ukraynada isə 4 AES-də 15 enerji bloku fəaliyyət göstərir.

Bir sözlə, indi dünya yeni təhdidin - AES-lərin partladılması təhlükəsi ilə üz-üzədir. Azərbaycanın qonşuluğundakı iki ölkədə də AES-lər fəaliyyət göstərir: Ermənistanda «Metsamor» və İranda «Buşehr» AES. İsrail İrandakı bu AES-in partladılmasına dair bir neçə dəfə bəyanatlar verib. İsrail hökumətinin iddiasına görə, 2024-cü ildə İranın İsrailə iki dəfə həyata keçirdiyi raket və dron  hücumlarına cavab olaraq bu addım atılacaq.  «Metsamor» AES də bu gün qonşu ölkələr üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Çünki mütəxəssislərin  qəti fikrinə görə, Ermənistandakı «Metsamor» AES istismara yararsız olduğu halda hələ də işlədilir. Hətta qonşu ölkələrdən  bu AES-in bağlanması barədə  BAEA-ya dəfələrlə rəsmi müraciət edilib. Təəssüf ki, agentlik hələ də bu çağırışlara məhəl qoymur.

«Metsamor» AES Türkiyə sərhədindən cəmi 17,5, İran sərhədindən 60, Azərbaycan sərhədindən isə 75 kilometr məsafədə yerləşir. Ermənistanın hazırkı böhranlı vəziyyətində stansiyaya qulluq etmək üçün maliyyə vəsaiti çatışmazlığı mövcuddur.  Bu isə Ermənistanın «Metsamor» AES-in  təhlükəsiz istismarının mümkün olmadığının təsdiqidir. Əslində rəsmi İrəvanın sözügedən AES-in bağlanmasına dair öhdəliyi də var. Belə ki, hələ bir neçə il əvvəl ABŞ Dövlət katibi müşavirinin Avropa və Avrasiya məsələləri üzrə o vaxtkı müavini Erik Rubinin sədrlik etdiyi iclasda bu stansiyanın fəaliyyəti də müzakirə olunmuşdu. Onda Ermənistan stansiyanın fəaliyyətini dayandıracağına dair sənəd imzalamışdı. Sənədi Ermənistan tərəfdən keçmiş energetika naziri Armen Movsisyan, ABŞ tərəfdən isə Ermənistandakı keçmiş səfir Con Heffern imza atmışdılar. Səfir bildirmişdi ki, ABŞ Avropa İttifaqının sözügedən AES-in 2016-cı ilədək dayandırılacağı barədə mövqeyini bölüşür.

Aydın görünür ki, Ermənistan hələ də «Metsamor» AES-in fəaliyyətini dayandıracağı ilə bağlı öhdəliyini yerinə yetirmir. Bu stansiyanın mövcudluğu Cənubi Qafqazda və ətraf bölgədə yaşayan 20 milyon insanın həyatını, sağlamlığını təhlükə altında qoyur. Əgər regionda qarışıqlıq yaratmaq istəyən qüvvələrdən biri  «Metsamor» AES-ə Zaporojyedəki olduğu kimi, dron hücumu həyata keçirərsə o zaman fəlakətin miqyası çox böyük olar. Belə bir şəraitdə sual yaranır: istismar müddəti başa çatan stansiyanın təhlükəsizliyi necə təmin olunur?  Mütəxəssisələrin fikrincə, «Metsamor» AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra, böyük çətinliklə söndürülmüşdü. «Metsamor» AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan  beş tektonik qırılmadan biri stansiyanın cəmi 500 metrliyindədir. 1988-ci ildə zəlzələ nəticəsində dağılmış Spitak şəhəri Metsamor AES-in cəmi 75 kilometrliyində yerləşir.

O da məlumdur ki, Spitak zəlzələsindən sonra seysmik təhlükəni anlayan keçmiş SSRİ-nin  rəhbərliyi «Metsamor» AES-in fəaliyyətini tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan 1995-ci ildə ikinci bloku yenidən işə saldı. Bir məqamı da xatırlatmaq vacibdir ki, elementar təhlükəsizlik standartlarına  cavab verməyən «Metsamor» AES yalnız region ölkələrini deyil, dünya birliyini də narahat edir. Belə ki, Avropa İttifaqı 2000-ci ildə onun fəaliyyətinin dayandırılması müqabilində Ermənistana 138 milyon avro təklif etsə də, Yerevan məbləğin azlığını əsas gətirərək təklifi  rədd etmişdi.

COP29-da  ölkəmizin əlinə düşən geniş imkanlardan istifadə etməklə bu AES-in region üçün ciddi təhlükə olduğunu dünyaya bir daha bildirməliyik. Yəni, son məqsəd birmənalı olaraq  onun fəaliyyətinin davam etdirilməsinə imkan verməməkdir. Xüsusilə region ölkələri, bu məsələdə qəti mövqe bildirməlidirlər.

Lakin görünür beynəlxalq hüququ və qonşu ölkələrin təhlükəsizliyini heçə sayan Ermənistan nəinki «Metsamor»u  bağlamaq niyyətində  deyil, əksinə onu daha da genişləndirmək fikrindədir. Belə ki, hazırda Ermənistan və Rusiya 2026-cı ildən sonra «Metsamor» AES-in ikinci enerji blokunun istismar müddətinin artırılmasını müzakirə edirlər. Erməni mətbuatı yazır ki, 2026-cı ildən sonra ikinci enerji blokunun istismarının əvvəlcə  beş, sonra isə daha on il müddətinə uzaldılması nəzərdə tutulur.

Son 45 ildə bəzi AES-lərin təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları ciddi fəlakətlərə səbəb olub. Belə ki, 1979-cu il martın 28-də ABŞ-ın Tri-Meyl-Aylend AES-də baş vermiş qəzanı, 1986-cı ildə Çernobıl qəzasını və  2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzanı misal göstərmək olar. Bu  fəlakətlərin dəhşətli fəsadları hələ də qalmaqdadır. «Metsamor» AES də  bu faciəni yaşada bilərmi? sualı isə hələ də aktual olaraq qalır.

Elçin Zaman, «İki sahil»

Chosen
22
ikisahil.az

1Sources