Özbəkistanın nəqliyyat nazirinin birinci müavini Mamanbiy Omarov mediaya müsahibəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə məlumat və sənəd mübadiləsində rəqəmsal transformasiyanın zamanın tələbi olduğunu və dəhlizin inkişafına güclü təkan verə biləcəyini qeyd edib. O, eyni zamanda rəqəmsal transformasiyanın gömrük rəsmiləşdirməsi, yüklərin izlənilməsi, yerlərinin monitorinqi və nəqliyyat marşrutunun infrastrukturunun idarə olunmasına müsbət təsir göstərəcəyini də diqqətə çatdırıb. M.Omarov, həmçinin rəqəmsal texnologiyaların tətbiqinin ləngimələri qısalda və yük daşımalarının ümumi səmərəliliyini yüksəldə, dəhliz iştirakçıları arasında qanuni məlumat mübadiləsinin təmin oluna biləcəyini də vurğulayıb.
Özbəkistanın nəqliyyat nazirinin birinci müavini söhbətində bu sistemin tətbiqinin uğurlu nümunəsi kimi ölkəsi ilə Türkiyə arasında istifadə olunan “E-PERMIT” elektron sisteminin, eləcə də Qazaxıstan, Qırğızıstan və Tacikistanla “E-TIR” elektron kitabçasının tətbiqini misal çəkib. M.Omarov bununla da 2020-ci noyabrın 17-də Özbəkistan və Qazaxıstan arasında elektron təminatların tətbiq olunduğu (“E-TIR”) ilk pilot avtomobil daşımalarının reallaşdığını deyib və sonrakı analoji daşınmaların Özbəkistanla Tacikistan arasında, 2022-ci ilin mart ayında isə Qırğızıstan Respublikası ilə sınaqdan keçirildiyini bildirib.
Bundan başqa, 2022-ci ilin dekabr ayında Özbəkistanla Azərbaycan arasında Beynəlxalq Yük Daşımaları (BYD) Konvensiyasının 11-ci əlavəsinə uyğun olaraq dünyada “E-TIR” sistemi üzrə ilk daşınmalar həyata keçirilib. Beləliklə, Özbəkistanın aparıcı elektron “BYD” vasitələrinin tam və sürətli tətbiqinə və onların əsasında mütəmadi fəaliyyətə keçidə tam hazırlığı təsdiqlənib. Cari ilin avqust ayının 22-də Özbəkistan və Azərbaycan nəqliyyat nazirlikləri arasında “е-Рermit” informasiya sisteminin tətbiqi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb.
Yeri gəlmişkən, ekspertlər rəqəmsal texnologiyaların tətbiqi ilə Orta Dəhlizin inkişafının sürətlənməsindən danışarkən bildirirlər ki, avtomobil daşınmalarının sadələşdirilməsi məqsədilə elektron məlumat mübadiləsinə keçid daha çox dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri üçün zəruridir. Bu, dəniz limanlarına və dünya bazarlarına çıxış imkanının yaxşılaşdırılması üçün quru yollarının inkişafına da imkan verir. Ekspertlər, eyni zamanda, dəhlizlə bağlı müəyyən problemlərin, məsələn, çatdırılma müddəti, daşımaların yüksək qiyməti, marşrutun ötürücülk imkanlarının məhdudluğu ilə bağlı çətinliklər yaşandığını, eləcə də Xəzər dənizinin dayazlaşması ilə əlaqədar qlobal problemin mövcudluğunu vurğulayır, belə amillərin isə daşımalara mənfi təsir göstərdiyini vurğulayırlar. 2022-ci ildə yük daşımalarının həcminin 2 dəfədən çox artaraq, təqribən, 1 milyon ton təşkil etməsi, cari ilin 9 ayı ərzində isə bu göstəricinin 22 faiz azalaraq 500 min ton olması faktını da məhz həmin problemlə əlaqələndirirlər.
Qarşıdakı dövrdə həmin problemlərin həlli istiqamətində müəyyən tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulur. Özbəkistanın nəqliyyat nazirinin birinci müavini M.Omarov mediaya müsahibəsində bununla bağlı danışaraq, ilk növbədə, dəhlizin potensialından birgə istifadə mexanizminin hazırlanmasının, eləcə də, region və Avropa İttifaqı ölkələrinin nəqliyyat idarələrinin nümayəndələrinin mütəmadi görüşlərinin təşkilinin zəruriliyini vurğulayır. O, eyni zamanda bu məsələdə infrastrukturun ötürücülük imkanlarının, eləcə də Xəzər dənizində dəniz gəmilərinin sayının artırılması, bütün marşrut boyu çevik tarif siyasətinə keçilməsi, Xəzər dənizinin sahil limanlarında dib dərinləşdirmə işlərinin aparılması, malların və müşayiətedici sənədlərin gömrük rəsmiləşdirməsi prosedurlarının “E-Permit”, “E-TIR” və “E-Transit” kimi rəqəmsal tətbiqinin sürətləndirilməsi kimi layihələrin icrasına başlanılmasının vaxtının çatdığını da bildirir.
Samir HEYDƏROV, iqtisadçı-ekspert
Beynəlxalq aləmdə Çin–Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrut kimi yüksək dəyərləndirilir. Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan bu dəhlizə beynəlxalq səviyyədə böyük maraq yarandığı, Şimal Dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməklə daşınmaların mümkünlüyü də diqqətə çatdırılır.
Daşınma məsafəsini və zamanı azaltmağa imkan verən Orta Dəhliz, həm də dəyər zənciri kimi diqqəti cəlb edir. İlk növbədə, zaman və məsafənin azalması daşıyıcılar, yük sahibləri üçün cəlbedicidir. Daşınma xərclərinin hazır məhsulların üzərində təsiri yeni dəyər formalaşdırır. Bu dəyərin formalaşmasında dəhlizlər boyunca bütün ölkələrin bu və yaxud digər şəkildə payı var. Eyni zamanda bu dəyər cəmiyyətin layiqli həyat səviyyəsinə və iqtisadiyyatın normal fəaliyyətinə ciddi şəkildə təsir imkanlarına malikdir.
Digər tərəfdən, Orta Dəhlizdə daşınmaların həcminin artması labüddür və bu istiqamətdə davamlı işlər aparılır. Azərbaycan bununla bağlı ayrı-ayrı ölkələrlə əməkdaşlıq edir ki, bu da ölkəyə əlavə investisiyaların cəlb olunmasını şərtləndirir. Daşınma həcminin artması hər bir iştirakçı ölkədə sənayenin müxtəlif istiqamətlərinin, xidmət sahələrinin və s. inkişafına təkan verir ki, bu da əlavə dəyər yaradaraq əlavə gəlir gətirir. Azərbaycan öz ərazilərindən daşınan yüklərə əlavə dəyər qatmaqla – emal dərinliyini artırmaqla daha çox faydalanır.
Zəngəzur Dəhlizi fəaliyyətə başladıqdan sonra isə Azərbaycanın Orta Dəhlizlə gələn yükləri aşırmaq imkanları daha da genişlənəcək. Eyni zamanda bütün region dövlətləri yeni fürsətlər qazanacaq. Naxçıvandan Türkiyəyə və oradan da daha geniş coğrafiyaya çıxış imkanı yaradacaq Zəngəzur dəhlizi Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək.
Dünya Bankının müvafiq hesabatında da bildirilir ki, Orta Dəhlizin fəaliyyətinin koordinasiyasının gücləndirilməsi və vahid (uzlaşdırılmış) idarəetmənin olması çox vacibdir. Xüsusilə, yükün mənşəyindən təyinat məntəqəsinə qədər daşınmalara cavabdeh operatorun olmaması interfeyslərdə və daşınmalarda vaxt itkisinə gətirib çıxarır. Vahid operatorun yaradılması ilə bağlı əldə edilən razılaşma düzgün həyata keçirildiyi təqdirdə isə problem aradan qalxa, vaxt azala bilər ki, bu da yük cəlbediciliyi üçün önəmlidir.
Orta Dəhlizlə bağlı vacib məsələlərdən biri də həm Xəzər, həm də Qara dənizdə limanların, eləcə də Xəzərdə gəmiçilik xidmətlərinin gücləndirilməsidir. Bəzi limanların dəmir yolları ilə ilk/son mil əlaqəsinin gücləndirilməsi məqsədəuyğun sayılır. Bəzən isə iqlim şəraitinə görə, ilin müəyyən dövrlərində liman-dəmir yolu əlaqəsinin yaradılması mümkün olmur ki, bütün bunlar da yüklərin limanlarda qalma müddətlərini artırır və izafi xərclər yaradır.
Bütün bunlarla yanaşı, Xəzərdə istismar edilən gəmilərin sayının artırılması və hərəkət sürətinin yüksəldilməsi, o cümlədən daha cəlbedici daşınma tariflərinin təklifi vacib hesab olunur. Eyni zamanda dənizin səviyyəsinin aşağı düşməsi limanın dərinləşdirilməsi və yaxud daha az suçəkmə qabiliyyətinə malik yeni nəsil gəmilərin qəbulu kimi mühəndis həllərini də aktuallaşdıra bilər. Bura, həmçinin naviqasiya və liman gəmilərinin hərəkətinin müasir idarəetmə sistemləri, yedək gəmiləri və s. daxil ola bilər.
Vaqif BAYRAMOV XQ