Sivil dünya təbiətin ana təbiətin “ağ ciyərləri” sayılan meşələrin qorunmasına böyük önəm verir. Amma erməni vandalları 30 ilə yaxın müddətdə Azərbaycan təbiətinə, xüsusilə də meşələrimizə qarşı əsl soyqırımı həyata keçiriblər. Onlar Azərbaycan ərazisindəki çox qiymətli ağacları vəhşicəsinə doğrayaraq, onların qiymətli oduncağını xarici bazarlara çıxarıb satmışlar.
2020-ci ilin payızında 44 günlük şanlı savaşdan sonra erməniləri əraziləmizdən qovandan sonra məlum olmuşdur ki, Cəbrayıl rayonundakı Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmayıb, burada yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də rayon mərkəzində el arasında “Xan çinarı” adlandırılan, yaşı 800 ildən çox olan şərq çinarını məhv etmişlər.
Həmin azman çinarın dibindən dumduru göz kimi kəhriz suyu axırdı və şəhər sakinləri, eləcə də çox sayda qonaqlar o sudan içdikcə doydum deməzdilər. İndi nə o çinar, nə də kəhriz qalıb. Ermənilər çinarı kəsib doğrayıblar, kəhrizi isə dağıdıblar.
Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov ürək ağrısı ilə qeyd etdi ki, işğal dönəmində rayon ərazisindən keçən Araz çayı vadisindəki bütün ağaclar yandırılıb. Həmçinin çoxyaşlı iridiametrli qoz ağacları material kimi doğranaraq müxtəlif məqsədlər üçün Ermənistana daşınıb və bir hissəsi xaricə satılıb. Bundan başqa, Cəbrayılın çox qiymətli Sirik meşələri da insafsızcasına talanaraq yandırılıb.
Ağsaqqal ziyalı sonra hiddətini boğa bilməyərək dedi:
– Cəbrayılın yandırılan meşə və yaşıllıqlarına baxanda düşünürsən ki, sanki bu ərazilərdən vəhşi tayfalar keçiblər. Çünki zərrəcə insafı olan bir toplum təbiətə qarşı belə barbarlığa yol verməzdi.
Ermənilər həmçinin Cəbrayılla qonşu Füzuli rayonunun geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağacları bütünlüklə qırıblar, rayonun Qoçəhmədli kəndinin əsas işlək yolu boyunca sıralanan uca ağacları kütləvi şəkildə məhv ediblər, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqları tamamilə yox ediblər. Düşmən Füzuli rayonundan qovulandan sonra bəlli olub ki, vandallar rayonun on minlərlə hektar ərazisini yandırıblar.
İşğalçılar Zəngilan və Qubadlı rayonlarında da təbiətə qarşı ağlasığmaz vəhşiliklər törədiblər. Xüsusilə Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Çinar Meşəsində ermənilərin törətdiyi bədxah əməllər işğalçıların vəhşi xislətini bir daha ortaya qoyur. Bu yaxınlarda ekologiya üzrə vətəndaş cəmiyyəti fəalı Habil Niftalı həmin qoruqda olub. O, kədərli səslə söylədi ki, düşmənlər 107 hektar ərazini əhatə edən bu qoruqqda qiymətli şərq çinarı ağaclarını vəhşicəsinə qırıblar.
Vandallar eyni yaramaz əməlləri Qubadlı rayonunun meşələrinə qarşı da tətbiq ediblər. Bu bölgədən olan qocaman ziyalı Razim Əliyev bizimlə söhbətində qeyd etdi ki, onun doğulub boya-baş çatdığı Əyində (mərhum Xalq yazıçısı Süleyman Rəhimovun rəndidir-red) haylar qırdığını qırıb, qıra bilmədiyini isə yandırıblar. Razim müəllim əmindir ki, erməni faşistləri Qarabağda törətdikləri ekoloji terrora görə də layiqincə cəzalandırılacaqlar.
Hayların vəhşi əməllərindən ən çox əziyyət çəkən bölgələrimizdən biri isə Laçındır. Bura haqlı olaraq flora və faunasına görə Azərbaycanın ən zəngin bölgələrindən sayılır. Hesablamalara görə, Böyük və Kiçik Qafqaza xas olan 600 bitki növündən 540-ü Laçın bölgəsində təbii olaraq bitir. Bu göstərici Yer kürəsinin digər coğrafi məkanları ilə müqayisədə ölçüyəgəlməz dərəcədə böyükdür.
Ermənilər 30 il ərzində fransalı havadarları ilə birlikdə işğal altında olan ərazilərdə Dəmirağacı, Qırmızı palıd kimi qiymətli ağacları qıraraq daşıyıblar. Məlumat üçün bildirək ki, Laçın rayonu ərazisində Dəmirağac və Qırmızı palıd Həkəri çayının sahillərində bitir. Bu bölgədə yerləşən Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Yasaqlığının zəngin flora və faunası da dağıdılaraq talan edilmişdir.
Daşnaklar Laçın rayonundakı Picəniş və Hacışamlı meşəliklərindən Qırmızı palıd ağaclarını qıraraq konyak, çaxır istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya aparmışlar. Hacılar - Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi da bu niyyətin qurbanı olmuşdur.
Məlumat üçün bildirək ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində məşhur iş adamları – Nobel qardaşları Dəmirağacının əsas alıcıları olaraq onu dünya bazarına çıxarmışlar. Bu qiymətli materialdan istifadə edən sənətkarlar original ornamentli oymaları olan gözəl sənət inciləri yaratmışlar. Laçın meşələrindəki Dəmirağacdan hazırlanmış və rus çarı II Nikolaya hədiyyə edilmiş taxt-tac hazırda Sankt-Peterburqdakı Ermitaj Muzeyində saxlanılır.
Belə bir sual ortaya çıxır: Beynəlxalq qurumların ermənilərin meşələrimizə qarşı uzun illər ərzində törətdikləri terrordan xəbəri olubmu? Əlbəttə, olub. Lakin susublar. Bu haqsızlığa göz yumublar, hayların təbiətə qarşı apardıqları “səssiz terror”ub qarşısını almaq üçün heç bir addım atmayıblar.
Bəli, bu, danılmaz bir həqiqətdir ki, ermənilərin dağıtdıqları və yandıqdıqları meşə və yaşıllıqlar səbəbindən ölkəmizdə çox sayda bulaqların gözü bağlanmış, kəhrizlər sıradan çıxmışdır.
Burada el ağsaqqallarının qiymətli kəlamları yada düşür: ağac da, su da müqəddəsidir, kəhrizlərimizə, çeşmələrimizə yad nəfəsi, xain əli dəyəndə onlar quruyur, axar səmtini belə dəyişirlər.
Ulu Dədə Qorqud demişkən, qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy, çıraqlarımız sönməsin!
Ziyadxan Nəbibəyli,texnika elmləri doktoru, professor
Məlumdur ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi zəbt olunub. Düşmən tərəfindən Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurulub, bu da öz növbəsində ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb.
Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla, ümumi ərazinin 14 faizini təşkil edir. Yeri gəlmişkən, Azərbaycanın ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür.
Meşələr respublikamızın sosial- iqtisadi, mədəni, müdafiə sahəsindəki inkişafında da əhəmiyyətli rol oynayır. Burada xatlrlatmaq yerinə düşər ki, Ermənistan meşələrinin sahəsi respublikamızın meşələrinin sahəsindən 3 dəfə azdır.
Bu, danılmaz faktdır ki, işğal aıtnda qalmış ərazilərimiz vəhşicəsinə qırılıb talan edilmişdir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını böhran həddə çatdırmışdır.
Haylar Laçın təbiətinə məxsus nadir heyvan və quşları da məhv etmişlər. Azğınlaşmış düşmənin təbiətə qarşı talançılığı ekoloji təbii tarazlığın pozulmasına da öz mənfi təsirini göstərmişdir.
İndi söyləyəcəyim fakt çoxlarını şoka salacaq. Zəhmət olmasa, belə bir k kəskin təzada diqqət yetirin. Fransada hələ 1215-ci ildə dünyada ilk dəfə olaraq “Su və meşələr barədə” dekret qəbul edilmişdir. Çox yaxşı! Amma işğalçı ermənilərlə əlbir olan fransalı işbazlar Azərbaycanın işğal altında olan ərazisindəki gözəl və bənzərsiz meşələrə divan tutmağı özlərinə rəva görüblər. Buradakı qiymətli ağacları isə qeyri-leqal qazanc xətrinə məhv ediblər.
Belə çıxır ki, fransızlar özlərinkini qoruyurlar, bizimkiləri isə dağıdırlar. “Sivil”, “mədəni” dövlətin və xalqın ədaləti budurmu? Yox, bu ədalət deyil, cinayətdir!
Bu gün dünya ekoloqları haqlı olaraq həyəcan təbili çalırlar ki, planetimin bir çox guşələrində meşələrin insafsızcasına qırılması baş verir. Bu səbəbdən şirin su mənbələri azalır.
Kəmalə ABDİNOVA,Məsaim ABDULLAYEVXQ