EN

Məsuliyyət Ermənistanın və havadarlarının üzərinə düşür -Arzuxan Əlizadə

Rəsmi İrəvan sərhəd xətləri boyunca delimitasiya və demarkasiya olunmamış adsız təpəliklər və dərələrlə bağlı belə bir iddia irəli sürür ki, guya bu ərazilər Ermənistan təşkil olunduğu vaxt ona məxsus imiş. Real fakt budur ki, Azərbaycan sərhədçiləri sovet vaxtından qalan xəritələri əldə rəhbər tutaraq hərəkət ediblər. Əslində iki ölkə arasında mübahisəli ərazilərlə bağlı məsələ yoxdur. Mürəkkəb məsələ anklav və eksklavlarla bağlıdır. 

Bu fikirləri “İki Sahil”ə açıqlamasında Azərbaycan Mili İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.

Arzuxan Əlizadə qeyd edib ki, Ermənistan sərhəd delimitasiya danışıqlarının çox uzun sürəcək bir proses olduğunu yaxşı bilir. Bu növ danışıqlara dərhal razılıq verməklə həm özünü konstruktiv  tərəf kimi göstərmək fürsəti tapır, həm də  heç kimin onu danışıqları tez yekunlaşdırmağa tələsdirməyəcəyini bilir. Hamı görür ki, sərhədlərin delimitasiyası hər metr xəttin müzakirəsi deməkdir, çətin prosesdir, tez bitməyəcək və illərlə davam edəcək. Hesab edirəm ki, Azərbaycan öz anklavlarını güc yolu ilə özünə qaytarmaq niyyətində deyil.

Hələ heç bir hərəkət olmadan Ermənistan Azərbaycanı şantaj etməyə cəhd edir ki, guya biz həmin kəndləri geri almaq üçün hərbi əməliyyatlara hazırlaşırıq.  Marıqda yatan ABŞ və Fransa kimi dövlətlər, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar hər tərəfdən üstümüzə ayaq almağa çalışırlar. Təəssüf ki, bir vaxtlar ikitərəfli danışıqlar variantında çox təkid edən ABŞ-ın da baxışları bu gün dəyişib. ABŞ ikitərəfli danışıqlar variantını əvvəlki mövqedən fərqli olaraq indi elə şərtlər çərçivəsində təşfiq edir ki, çətin baş tuta bilsin. Məsələn, Qarabağ ermənilərinin qayıdışına ayrıca bir status çərçivəsində baxır, rus sülhməramlılarının əvəzlənməsi perspektivindən danışır, Azərbaycandan elə bir konstruktivlik umur ki, süverenliyimizin bir parçasından imtina edək, Paşinyanın mifik  "dünya  kəsişməsi"  layihəsini Zəngəzur dəhlizinin alternativi kimi qəbul edək və sair. Məqsədli şəkildə cəhd edirlər ki, Azərbaycan Ermənistanla birlikdə Rusiyaya qarşı bir oyunun içində olsun.

AMİP sədri bildirib ki, Fransa başda olmaqla Qərb dövlətləri, digər tərəfdən isə Hindistanın Ermənistanı sürətlə silahlandırılması İrəvanın Azərbaycana qarşı yenidən müharibəyə başlayacağı ehtimalının gündəlikdə qalmasına səbəb olur. Bu gün Azərbaycan- Ermənistan sülh sazişi danışıqlarının dalana girməsinin tam məsuliyyətini Ermənistan və havadarları daşıyır.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
402
50
ikisahil.az

10Sources