Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb."Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.Bildirilib ki, DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.Keçirilmiş tədbirlər nəticəsində Xəzər dənizinin cənub istiqamətində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində “BA-580” bort nömrəli “Yamaha-25” mühərriklə təchiz edilmiş qayıqda Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Ağayev Cəfər Bahadır oğlu sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb.Qayığa baxış zamanı yeddi bağlamada ümumi çəkisi 29 kiloqram 715 qram narkotik vasitə marixuana, “Baikal” ov tüfəngi, iyirmi dörd ədəd patron, həmçinin “Garmin” GPS cihazı, “Samsung Galaxy A5” və “KGTEL” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.