EN

Daha bir bank bağlandı! Vətəndaşlar hansı məqamlarda diqqətli olmalıdır?

"Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv etdi. Muğan Bank artıq fəaliyyət göstərməyəcək. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr müvәqqәti inzibatçıya keçib. Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Rəqəmlər göstərir ki, Muğan Bankın müflis olması bank sektorunun maliyyə dayanıqlığı üçün təhdid yaratmır".




Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib. 




O bildirib ki, müflis elan edilən bankın internet səhifəsi də artıq aktiv deyil: "Mərkəzi Bankın elan etdiyi rəqəmlər ilə yanaşı Muğan Bankın fəaliyyəti ilə bağlı digər bir sıra göstəririclər də diqqəti cəlb edir. 1 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, aktivlərin həcminə görə Muğan Bank Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni, aktivlərin həcminə görə banklar arasında ən sonuncu yerlərdə qərarlaşmamışdı. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. Muğan Bankın həmin müddətdə aktivləri 18.9 faiz azalıb".
Deputatın sözlərinə görə, digər tərəfdən, bu ilin ilk 9 ayında 3 bank zərərlə işləyib: "1 milyon 287 min zərəri qeydə alınan Muğan Bank həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub. Mərkəzi Bankın açıqlamasında bankın ümumi kredit portfelinin həcmi açıqlanmayıb. Bununla yanaşı, baş bank bildirib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Mərkəz Bank elan edib ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
Bununla yanaşı, üçüncü rübün yekunlarına əsasən, Muğan Bankda depozitlərin həcmi 322 milyon 478 min manat olub. Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə o zaman Muğan Bankın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub.
Muğan Bankın müflis olması bir daha göstərir ki, vətəndaşlarımız əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər. Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz".
Ayna,
Sitat.info

Chosen
645
3
sitat.info

4Sources