Niyazinin Mənzil-muzeyi – 30
Milli dirijorluğu ucaldan fitri istedad, ömür və sənət yolunun parlaq mənzərəsi və bir mənzildə dolaşan sənətkar ruhu... Düz 30 ildir ki, görkəmli dirijor və bəstəkar, Xalq artisti Niyazinin mənzil-muzeyinə daxil olan hər kəs bu auraya düşür.
Burada unudulmaz sənətkara aid bütün bilgilər tarix üçün əbədi olaraq arxivləşdirilib. Mənzil-muzey xalqımızın maddi-mənəvi xəzinəsinin zəngin guşələrindəndir. Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1958-ci ildən ömrünün sonunadək, yəni 1984-cü ilədək ömür-gün yoldaşı Həcər xanımla bu ünvanda yaşayıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan ev-muzeyinin açılışı 1994-cü il sentyabrın 18-də ulu öndər Heydər Əliyevin iştirakı ilə gerçəkləşib.
Muzeyə daxil olanları öncə maestronun divardan asılan böyük portreti salamlayır. Memorial otaqlar, ekspozisiya zalı və qonaq otağında onun ölməz ruhunu hiss edirsən, bir daha bəstəkar-dirijorun sənət əzəmətinə şahid olursan.
Bu tarixi məkanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramovla görüşdük. Müsahibimiz dedi:
– Muzey Niyazi irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində səmərəli fəaliyyətini davam etdirir. Hər bir muzeyin siması onun zəngin fondları və eksponatlarıdır. Muzeyin sərvəti isə onun fondlarındakı eksponatların dəyəri və qədəri ilə ölçülür. Son 2 ildə maestronun yaradıcılığına aid 47 material əldə etmişik. Bunlar, əsasən, fotolar, kitablar, proqramlar, sənədlər, afişalar, DVD və CD diskləridir. Təkcə 2024-cü ildə əldə olunmuş materialların sayı 24-dür. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazi irsinin tədqiqi və təbliği istiqamətində də xeyli iş görüb.
Mənzil-muzeyində maestroya aid əşyalar, yaradıcılığını əks etdirən eksponatlara nəzər yetirmək bir ayrı ovqat yaradır. Əlbəttə, burada yer alan hər bir əşyanın mədəniyyətimizin təbliği baxımından böyük əhəmiyyəti var. Əsas amal bu əşya və eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ etmək, bütün bunları gələcək nəsillərə tanıtmaqdır.
Direktordan öyrəndik ki, muzey yaradılarkən maestroya aid əldə edilmiş materialların sayı 4707 ədəd olub. Hazırda isə muzeydə qorunub saxlanılan eksponat və sənədlərin sayı 6500-dəkdir. Bunlar əsasən, maestronun müəllif not əlyazmaları, proqramları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramofon valları, fotoşəkilləri və şəxsi əşyalarından ibarətdir. Niyaziyə aid materiallar, eyni zamanda, Azərbaycan Tarix Muzeyində 273 ədəd, S.Mümtaz adına Azərbaycan Dövlət İncəsənət və Ədəbiyyat arxivində 1604 qovluqda 4905 ədəd, Dövlət Səs Yazıları Arxivində 214 ədəd saxlanılır. Ümumiyyətlə, Niyazi arxivinin zənginləşdirilməsi, tədqiqi və təbliği məqsədilə toplama işləri həmişə diqqət mərkəzində saxlanılır.
Ən son nəşr “Niyazi xatirələrdə” kitabıdır. 1987-ci ildə “İşıq” nəşriyyatında rus dilində çıxmış “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının “Xatirələr” bölməsini ilk dəfə olaraq muzey əməkdaşlar dilimizə çeviriblər və bu, 2023-cü ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən “Niyazi xatirələrdə” kitabı adı ilə nəşr edilib. Bu kitabda görkəmli ədəbiyyat və incəsənət xadimlərinin maestro haqqında xatirələri muzeyin zəngin kolleksiyasının fotomaterialları ilə birlikdə təqdim olunub. Niyazinin şəxsiyyəti və yaradıcılığı ilə və ümumilikdə, XX əsr Azərbaycan musiqi mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitaba, həmçinin Azərbaycan və Türkiyənın ünlü incəsənət xadimlərinin xatirələri əlavə edilib. Eyni zamanda, xatirələr toplusunun elektron variantı ilə muzeyin saytında tanış olmaq olar.
Muzeydə vaxtaşırı olaraq ölkəmizin musiqi həyatında baş verən əlamətdar hadisələrə həsr edilən tədbirlər, Niyazinin xatirə gecələri, sərgilər təşkil olunur. Bu gün muzeyə elmi-tədqiqat işləri üçün müraciət edənlərin sayı da yetərincədir. Muzeyin direktoru bu barədə də danışaraq dedi:
– Hər zaman Niyazinin fond materiallarından istifadə üçün muzeyə üz tutan hər bir şəxsə, təşkilata, elm və mədəniyyət müəssisələrinin nümayəndələrinə film, o cümlədən veriliş çəkilişi üçün müraciət edən televiziya şirkətlərinə müvafiq qaydada imkanlar yaradılıb. Muzeyə mütəmadi olaraq arxivlərdən istifadə etməklə tədqiqat işləri aparmaq üçün müxtəlif tədris, elm və mədəniyyət müəssisələrinin nümayəndələri – bəstəkarlar, musiqişünaslar, ali təhsil ocaqlarının bakalavr və magistrləri müraciət edirlər. Eləcə də hər il tələbələr muzeydə tədris təcrübəsi keçirlər. Dünya şöhrətli xarici qonaqlar – dirijorlar, bəstəkarlar da ölkəmizə səfərə gələndə unudulmaz həmkarlarını yad etməkdən ötrü muzeyə baş çəkirlər.
Son dövrlərdə məşhur opera müğənnisi, RF Xalq artisti Tamara Sinyavskaya, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeylər Birliyinin baş direktoru Mixail Brızqalov, dünya şöhrətli dirijorlar Yuri Temirkanov (Rusiya), Vyaçeslav Voliç (Belarus), Andris Vekumnieks (Latviya), Gürer Aykal, məşhur pianoçu İdil Biret (Türkiyə) və başqaları Niyazinin mənzil-muzeyində qonaq olublar.
Rza Bayramov onu da xüsusi vurğuladı ki, maestronun mənzil-muzeyinə dövlətimiz yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizə və incəsənətimizə göstərdikləri yüksək diqqət muzey əməkdaşlarını daim ruhlandırır.
Mənzil-muzeydə bir daha əmin olduq ki, Niyazi sənəti əbədidir. Onun istedadı və yaradıcılıq fəaliyyəti əsl ümumxalq məhəbbəti qazanıb.
Ceyhun ALIŞLI
XQ