Honor şirkəti Honor Magic V3-dən əlavə olaraq daha bir qatlana bilən smartfonunu təqdim edib. Söhbət, Honor Magic V3-ün sadələşdirilmiş versiyası olan Honor Magic Vs3-dən gedir. Öz ölçüsü baxımından bu smartfon keçən ilki Magic V2 ilə yenicə təqdim olunmuş Magic V3-ün arasında yerləşir. Honor Magic Vs3-ün qatlanmış vəziyyətdə qalınlığı 9.8 mm, tam açıq vəziyyətdə qalınlığı isə 4.65 mm təşkil edir. Smartfonun çəkisi isə 229 qramm-dır. Honor Magic V3-də olduğu kimi bu smartfonda da 500 000 qatlanmaya rahatlıqla tab gətirə bilən təkmilləşdirilmiş şarnir konstruksiyasından istifadə edilir. Beləliklə Honor Magic Vs3 smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2376х1060 piksel keyfiyyətli 6.43 düym ölçülü xarici LTPO OLED ekran və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2344х2156 piksel keyfiyyətli 7.97 düym ölçülü daxili LTPO OLED ekranla təchiz olunub. Hər iki ekranda stilus dəstəyi reallaşdırılıb. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Honor Magic Vs3 smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 40 MP + 8 MP üçlü arxa kameraya və hər bir ekran üzərində 16 MP-lik ön kameraya sahibdir. Smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. O, qutudan Android 14 vasitəsilə çalışır. Honor Magic Vs3 19 iyul tarixində Çində satışa çıxacaq. Smartfonun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Çin bazarında isə satış qiymətləri aşağıdakı kimi olacaq.- 12 GB RAM + 256 GB yaddaş - 965$- 16 GB RAM + 512 GB yaddaş - 1060$- 16 GB RAM + 1 TB yaddaş - 1199$.