EN

Tarixin ən bərbad olimpiadası: Qarət, xaos, satanizm və cinsi azlıqlarla şou...

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paris-2024 Yay Olimpiya Oyunları artıq açılış mərasimindən etibarən oyunların tarixinin ən bərbad nümunəsi olmağa iddialıdır. Hətta bir çoxları üçün bu məsələ artıq iddia olmaqdan çıxaraq reallığa çevrilib.
Sosial şəbəkələrdə Fransa paytaxtında keçirilən tədbirlə bağlı çoxsaylı şikayət və narazılıqları müşahidə etmək olar. Bu narazılıqların kökü isə Fransanın dövlət kimi formalaşdırdığı imic və həyata keçirdiyi "parlaq" siyasətə əsaslanır. Bu siyasətin təzahürləri hələ oyunlar başlamamışdan əvvəl öz mahiyyətini ortaya qoyurdu, ancaq tədbirin başlanğıcından etibarən əsl fiaskoya çevrildi.
Fransa beynəlxalq hüququ tapdalamağı özünün haqqı hesab edən bir ölkədir. Bu, Paris üçün sözügedən ölkənin dünya xalqlarına qarşı yürütdüyü müstəmləkəçilik siyasətinin bəxş etdiyi bir bəladır. Görünür, Fransa bu bəladan yaxa qurtarmaqdansa, əksinə, onu bütün bəşəriyyətə sırımaq niyyətindədir. Elə Paris olimpiadası da bunun üçün əla fürsətdir. Ancaq ortada olan mənzərə odur ki, Paris bu işin də öhdəsindən gəlmir və əldə etdiyi yalnız öz mahiyyətini ortaya qoymaqdır.
Gəlin faktlara nəzər salaq:
1.İnsan hüquqlarını sadəcə pafoslu çıxışlar və öz maraqları ilə üst-üstə düşəndə qəbul edən Fransa Olimpiya Oyunları ilə bağlı mühacirləri zorla Parisdən çıxardı. Fransa dövləti növbəti dəfə öz maraqlarını humanizm prinsiplərindən üstün tutduğunu göstərdi.
2. Nəqliyyatda xaos - Fransa dövlətinin bu cür mötəbər tədbirə laqeyd, etinasız yanaşması, onun beynəlxalq ictimaiyyətin dəyərlərinə hörmətsiz yanaşmasının təzahürüdür. Odur ki, illər öncədən hazırlıqlar görülən bir tədbir əsnasında nəqliyyatda xaosun yaranması məhz Fransa kimi ölkədə məqbul sayıla bilərdi.
3. Bir-birinin ardınca gələn qarət xəbərləri (Argentina milli komandası, məşhur braziliyalı veteran futbolçu Ziko və s. - red.) və buna əlavə olaraq avstraliyalı turistin bir neçə nəfərin zorakılığına məruz qalması ölkənin təhlükəsizlik sisteminin də ürəkaçan vəziyyətdə olmadığından xəbər verir. Hər halda Yay Olimpiya Oyunları kimi mötəbər tədbirə ev sahibliyi edirsənsə, qonaqların təhlükəsizliyi məsələsi ön planda olmalı idi. Ancaq faktlar göstərir ki, Fransa üçün bu amil də önəm kəsb etməyib. Faktlar həm də Fransada kriminal vəziyyətin həyəcan təbili çalmağa əsas verdiyini ortaya qoyur.
Sadalanan amillər hələ aysberqin suyun üzündə qalan hissəsidir. Görünməyən tərəf isə daha dəhşətli və rüsvayçıdır. Fransa hər zaman islamofobiyanın geniş vüsət aldığı dövlət kimi tanınıb. Bu ölkədə dəfələrlə islam dini təhqir olunub. İslam peyğəmbərinə və dinin müqəddəs dəyərlərinə qarşı nifrət ön planda dayanıb. Bu isə Fransa dövlətinin siyasi kursuna nəzər salanda bir növ anlaşılandır. Ancaq Olimpiya Oyunlarının açılışında baş verənlər artıq xristian dininin də rəsmi Paris üçün önəm daşımadığını göstərir. Fransa gördüyü böyük hazırlıqlardan sonra açılış mərasimi təşkil olunur və burada İsa peyğəmbər təhqiramiz şəkildə təqdim olunur. Bunu təsadüf hesab etmək olarmı? Əsla. Sözügedən addımda satanizm elementlərini sezməmək mümkün deyil. Üstəlik, açılış mərasimini izləyən hər kəs aşkar şəkildə cinsi azlıqların təbliğatının aparıldığını müşahidə edə bilərdi.
Bu, məhz Fransada Makron hökumətinin, onun komandasının yürütdüyü siyasətdən və vicdan azadlığına münasibətindən irəli gəlir.
Sadalanan faktlar özlüyündə göstərir ki, hazırda bütün dünyada dolanan "tarixin ən bərbad Olimpiya Oyunları" fikri heç də əsassız sayıla bilməz. Fransa dövləti idmanı siyasətə alət edir və bu prosesdə də dünya ictimaiyyətinə rəzil olmağa davam edir.
Orxan Tağıyev
Chosen
127
16
oxu.az

10Sources