EN

Söz azadlığı və jurnalist ləyaqəti - Telman Orucov yazır

Telman ORUCOV


Azərbaycan hakimiyyəti söz azadlığına qayğı göstərmək və onun real təsdiqi üçün müxtəlif vasitələrdən istifadə edir. Qəzetlərin xeyli hissəsi il ərzində dövlətdən böyük maddi yardım alır, bu, onların nəşr üçün çəkdikləri xərci ödəməyə və redaksiya işçilərinin maaşını artırmağa şərait yaradır. Media işçiləri üçün respublika Prezidentinin göstərişi ilə çox mərtəbəli evlər tikilir və oradakı mənzillər pulsuz şəkildə ehtiyacı olan jurnalistlərə və televiziya-radio işçilərinə paylanır. Ən varlı dövlətlərdə belə, media əməkdaşlarına bu qaydada qayğı göstərilmir.

Qəzet, oxucu zövqünün müxtəlifliyini nəzərə alaraq bol ziyafət süfrəsi kimi olmalıdır, axı burada geniş çeşiddə olan xörəklər, qəlyanaltılar qonaqların tələbatını ödəməyə və zövqünə uyğun gəlməyə xidmət edir. XIX əsrin üçüncü rübündə (1868-1880-cı illər) Böyük Britaniyanın Baş naziri olmuş Bencamin Dizraeli isə təklif edirdi ki, ziyafətdə xörəklərin sayı, əvvəllər güman edilən Muzaların - ilahələrin sayından az, sonralar siyahısı artan Muzaların sayından isə çox olmamalıdır. Başqa sözlə, xörəklərin növü üçdən az, doqquzdan çox olmamalıdır.  Deməli, hətta ziyafətdə də xörəklərin çeşidində lüzumsuz ifrata yol vermək olmaz. Qəzetlərə gəldikdə, onlar guya marağı artırmaq, sensasiya xatirinə çeşid bolluğuna can atmamalı, özünün reputasiyasını "sarı mətbuat" səviyyəsinə endirməməlidir. Qəzetlərdə təhqirə, söyüşə də kəskin tabu qoyulmalıdır.

Süfrəyə heç kəs üfunət yayan xörək qoymur. Yəqin ki, Cənubi-Şərqi Asiyada bol vitamininə görə olduqca faydalı meyvə hesab edilən, kəsildikdə və yeyildikdə olduqca pis qoxu verən duryan meyvəsini heç kəs ümumi məclisdə yemir, ona olan iştahını yalnız tək olanda, ya da ailəsi ilə birlikdə söndürür. Kəsilib satılanda da həmin meyvə örtülü qabda olur. Qəzet redaktorları da belə süfrə mədəniyyətini əsas götürsələr, heç də səhv etməzlər. Peyin torpağı münbitləşdirmək üçün olduqca qiymətli vasitədir, lakin onun öz təyinatından kənar istifadə edilməsi yolverilməzdir. Baxmayaraq ki, Amerikada peyin satanlar malının müştərini tez və yaxşı cəlb etməsi üçün vaxtilə peyin nümunəsini ağızlarında gəzdirirdilər, həmin qəribə təcrübəni bu yaxınlada ABŞ-nin rəsmisi, admiral Con Kirbi yada salmışdı. Oxucu isə müəllifdən qələmdən çıxan ağıl ifrazı deyil, təmiz və keyfiyyətli məhsul gözləyir, özünə hörmət edən jurnalist bu müddəanı yaddan çıxarmamalıdır.

Hər bir qələm əhlində Şerlok Holms kimi müşahidə qabiliyyəti inkişaf edir və təsvir etdiyi hadisələri ümumiləşdirmək meyli yaranır, çünki bu, yazının təsir dalğasını genişləndirir. Lakin ümumiləşdirmə də ümumiləşdirmədən fərqlidir. Hansısa terror təşkilatının, istər onun hərbi, istərsə də siyasi qanadının cinayətkar fəaliyyətini bütöv bir millətin, xalqın adına şamil etmək heç də məqbul sayılmamalıdır. Bu məsələdə Türkiyənin təcrübəsi ibrətamizdir. Burada PKK terrorunu, kürd separatçılarının cəhdlərini bütövlükdə millətin adına yazılmasına, milli ədavət yaranmasına imkan verilmir, bu, dövlətin həm terrora, həm də separatizmin eybəcərliklərinə qarşı uğurlu mübarizə aparmaq səylərini nəinki zəiflədir, əksinə, onun səmərəsini daha da yüksəldir. Bu problemdən daha iri ziddiyyətlər yaranmasının mümkünlüyü bütünlüklə yoxa çıxır. Türkiyə Respublikası vətəndaşlarının vətənpərvərlik potensialı, ölkənin iqtisadi və hərbi qüdrəti PKK terrorçularını zərərsizləşdirməyə, əsasən, sıradan çıxarmağa imkan verir. Dünya da Türkiyə dövlətinin apardığı mübarizənin haqlı xarakter daşıdığı qənaətinə gələrək, onu müdafiə edir.

Bizdə isə bəzən rüşvətxorların ifşası, onlara qarşı ittihamlar öz mahiyyətini itirmək təhlükəsi ilə üzləşir, hansısa regiondan olan xırda bir qrup, onlara qarşı hücuma keçildiyi barədə haray qaldırırır... Regionçuluğun belə ifrat qaydada şişirdilməsi, az qala, adamların DNK (və ya DNA) müayinəsindən keçirilməsi kimi ağılsız tələblərə gəlib çıxır. Belə şəraitdə hamının, açıq şəkildə olmasa da, nifrət bəslədiyi ən mənfur cinayətkar bütün təqsirləri sübut edilib, layiqli cəzaya məhkum edisə də, öz yaxınları və yerliləri arasında az qala "qəhrəmana" çevrilir, məhbəsdə də özünü guya qisasın qurbanı olduğu kimi aparır. Bundan həm də həmin cani özünə əlavə tərəfdarlar yığmaq üçün istifadə etməyə çalışır, guya o, region adamlarının mənafeyini qoruduğuna görə cəzalandırılmışdır, onun başqa hansısa elə bir günahı yoxdur. Əslində isə o, özünün hədd bilməyən yerliçilik fəaliyyəti ilə çoxlarında qəzəb hissləri yaradırdı. Axı traybalizm ideyasını yaymaq və özünü onun lideri kimi qələmə vermək kiməsə nə vaxt fayda vermişdir? Bu məsələdə xalqı süni surətdə parçalamaq cəhdindən, yerliçilikdə ifrata varmaqdan yalnız ziyan görmək olar.

Xalqın vahid birliyini pozmaq cəhdləri müxtəlif şəkillərdə meydana çıxır. Tarixi misallar da bunu təsdiq edir. XX əsrin birinci yarısında Əlcəzairdə fransız müstəmləkəçilərinə yarınmaq üçün dərs kitablarında yazırdılar ki, "bizim əcdadlarımız (fransızların ulu babası olan) qallardır". Bunu məhz milli xəyanətə yol verən ziyalılar edirdi, çünki xalq dərs kitabları yazıb, nəşr etdirmir. Belə münasibət öz acı nəticəsini göstərməkdə gecikmədi. Buradakı fransız generalları əsrin ortalarında prezident Şarl de Qollun Əlcəzairə müstəqillik vermək istəyinə qarşı qiyam qaldırdılar və öz ölkəsinin istiqlaliyyəti uğrunda yerli xalqın mübarizəsini yatırtmaq üçün, kütləvi qırğın vasitəsinə əl atdılar. Erməni separatizminin  dəhşətlərindən əzab çəkmiş Azərbaycan, öz daxilindəki tam fərqli olduğunu sübut etməyə çalışan və bundan daha böyük mənfəət əldə etmək istəyən qrupların mübtala olduğu xəstəliyin işartılarının epidemiyaya çevrilməsinə yol verə bilməz. Erməni separatizminin bəlaları bizə çox şeyi öyrətmişdir.

Hər şey öz adı ilə adlanmalıdır. Hansı regiona və ya qrupa məxsus olmasından asılı olmayaraq, hər bir cani layiq olduğu ifşa payını almalı,  kənar dövlətin təsiri ilə, dini qaydaları qorumaq adı altında terrorçulara dəstək verənlər, onlara maddi yardım göstərənlər aşkar edilməklə, qanun qarşısında cavab verməlidirlər. Bu mübarizə pərdəsi altında vətəndaşların konstitusiya hüquqlarının pozulmasına da yol vermək olmaz. Milli, region mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş özünün toxunulmaz hüquqlarından maneəsiz istifadə etmək imkanına malik olmalıdır. Bir qrup əclafa görə bütöv region barədə şübhə toxumu səpmək, ölkədəki vətəndaş həmrəyliyinə ziyan vurur, ayrı-seçkilik, bir-birinə  qarşı şübhə, yadlaşma kimi arzuolunmaz prosesə əlavə intensivlik verir. Klan ədədi əmtəədir, onu ovlamaq üçün sığınacaq tapmaq istədiyi bütün meşəni yandırmaq zərurəti böyük ağıldan xəbər vermir. Bu məsələyə münasibətdə Qədim Romanın nəcib imperatorlarından biri olan Trayanın qanunlara etdiyi bir düzəlişdən istifadə etmək daha düzgün olardı: "Yaxşı hal odur ki, qoy cinayət törətmiş bir günahkar cəzasız qalsın, nəinki bir günahsız olan cəzalansın".

Qanun hamı üçün mütləq xarakter daşıyır, təqsiri sübut olunmamış heç kəs məsuliyyətə cəlb edilə bilməz. Çünki səhv hesabına verilən hər bir cəzanın özündə böyük ədalətsizlik payı vardır və bu, kimin üçünsə bəlaya səbəb olan cəhətin isə xeyiri guya ondan ibarət olur ki, onun əvəzi ictimai fayda ilə ödənilir. İstənilən cəza ayrı-ayrı fərdlər üçün ağır  məhrumiyyət bəxş edir, cəza ədalətsiz olduqda isə onun vurduğu yara daha dərin olur, ictimai rifahın yaxşılaşması belə, həmin əziyyətləri unutdurmağa qadir olmur. Allah, Bibliyada göstərildiyi kimi, İovu sınağa çəkmək üçün ağır əzablara düçar etmişdi, qanun isə belə təcrübələri bütünlüklə inkar edir.

Söz yarası güllə yarası qədər dağıdıcı, bəzən məhvedici olmasa da, heç də onun qədər tez və asanlıqla sağalmır. Evdə tüfəng saxlandıqda, uşaqların onunla ehtiyatsız davranması təhlükəsi olan kimi, sözdən naşılıqla istifadə etmənin də başqalarının əsəbinə, əhvali-ruhiyyəsinə zəhər qatmaq qorxusu vardır. Dodaqdan çıxan söz, qələm ucundan süzülən hərflərdən əmələ gələn ifadə uçan quşa bənzəyir, sərbəstlik, azadlıq mühitini sevir. Lakin hər bir azadlığı qoruyan, həm də onun üçün daşınan məsuliyyət hissidir. Bu məsuliyyət quşun qanadları üçün dayaq rolunu oynayan hava ilə müqayisə oluna bilər. Havasızlıqda isə nəinki uçuş, hətta quşun özünün mövcudluğu da sual altında olur.

Mətbuat növləri olan qəzetlərin, jurnalların məzmunlu çıxması, oxucu marağını cəlb etməsi üçün məhz savadlı, həm də istedadlı adamların, onların redaksiyalarında işləməsi ehtiyacı vardır. Axı insanın sağlamlığı keşiyində duran həkimə bu sənəti mənimsəməsi və bilməsi lazımdır. Jurnalist də özündən əsrlərlə yaşlı olan yazıçılar kimi insanların ruhi sağlamlığı qayğısına qalır. Yazıçı yaradıcılıq sahəsində sərbəst olduğu halda, jurnalist muzdlu işçi kimi çalışır, gündəlik fəaliyyət göstərir. Jurnalistin istedadı onun yaradıcılığında üzə çıxır. İstedad isə sağlamlığın özü kimi cazibədarlığa malikdir, istedadsızlıq isə L.N.Tolstoyun sözləri ilə desək, "çirkinlik, xəstəlik kimi cazibəsizdir". Yaradıcı insan üçün isə yalnız çörək qazandıran iş, dahi yazıçının qeyd etdiyi kimi, əslində heyvana məxsus olan bir həyatın zəruri şərtidir.

İstedad jurnalist üçün vacibdir, lakin ondan necə və nə məqsədə istifadə edilməsi də az əhəmiyyətli məsələ deyildir. İstedadı şərə xidmət üçün də işlətmək olar, bunun iyrənc nümunələri tarixə məlumdur. Faşist Almaniyasında, Ermənistanda isə XX əsrin sonundan başlayaraq, yaradıcı ziyalılar irqçilik və qatı millətçilik ideyalarını yaymaq sahəsində geniş fəaliyyət göstərmişlər. Azərbaycan jurnalistikası, xoşbəxtlikdən bu qorxulu xəstəliyə sirayətlənməmişdir. Lakin söz azadlığının hakim kəsildiyi şəraitdə büdrəmələr də mümkündür. Mühitdən də çox şey asılıdır. Hitler və Ermənistan rəhbərliyi insanlığa qarşı cinayətlərə və onları tərənnüm edənlərə rəvac verirdilər. Britaniyalılar isə Hindistan subkontinentində müstəmləkəçilik siyasətini daha uğurlu etmək üçün,  XIX əsrin 30-cu illərində belə məqsəd güdürdülər ki, burada adam "dərisinin rənginə və qana görə hindli olaraq qalsa da, lakin öz idrakına, hisslərinə və zövqlərinə görə ingilis olacaqdır". Bununla onlar özlərinə fayda verən kifayət qədər möhkəm hindli təbəqəsi yetişdirmək istəyirdilər. Belə tədbirlər hesabına, Hindistanda Britaniyanın ağalığı sonrakı dövrdə bir əsrdən də artıq müddətdə davam etdi.

 Yaradıcı ziyalılar, o cümlədən, jurnalistlər də müəyyən təsir altında öz borclarını unudub, aza bilər, hansısa "novatorluq" xatirinə milli xüsusiyyətimizə, mentaletitimizə yad olan fəaliyyət cərəyanına düşə bilərlər. Bu məsələyə qarşı münasibətdə yumşaqlığa, xüsusən laqeydliyə qətiyyən yol vermək olmaz. Biz son vaxtlar yaxşı nüfuz qazanan milli mətbuatımızın ideya səviyyəsini itirə bilərik və bununla da düşmənlərimizi də sevindirərik.

(Ardı var)























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
191
50
525.az

10Sources