Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
(B.Vahabzadə)
Bu misralarda da deyildiyi kimi, bayraq mənlikdir, bayraq namusdur, şərəfdir, bayraq dövlətin var olma səbəbidir. Qədimdən bəri bayraq ən müqəddəs varlıq olmuş, onun uğrunda ərənlər canından keçmiş, bayrağı qoruyub-saxlamaq üçün ən son damla qanlarına qədər vuruşmuşlar. Bayraq Vətən deməkdir, Vətən uğrunda döyüşmək elə bayraq uğrunda döyüşmək deməkdir. Çünki bayraq dövlətin əsas atributudur. Bayrağa edilən hər hansı hörmətsizlik həmin bayrağın mənsub olduğu dövlətə qarşı edilən təhqirdir. Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar hiss etməsin. Bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Azərbaycan Respublikasının Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.
Azərbaycan Xalq Cümhuriyyətinin qaldırdığı müstəqillik rəmzi
Üçrəngli Dövlət Bayrağımız Şərqdə ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib. Üstündə ay-ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluq anlamını ifadə edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 70 il sonra Ümummilli Lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması və eləcə də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrildi. Dövlət bayrağı kimi üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başlanan yolun davamı idi. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-nin Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.
Yeni mərhələnin təntənəsi...
Ulu Öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kursu və dövlətçilik fəlsəfəsidir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza münasibətdə açıq-aydın görünürdü. “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da dövlətçiliyə sədaqətin, yüksək ehtiramın ifadəsi idi. Ölkə başçısının 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. Artıq 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsi idi.
Zəfər işığında dalğalanan üçrəngli bayrağımız
Üç il öncəyə qədər hansı Azərbaycan vətəndaşından “Ən böyük arzun nədir?” deyə soruşulanda, birmənalı şəkildə “o gün olsun bayrağımız Qarabağda – Şuşada dalğalansın” deyərdi. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyevin bayraqla bağlı çıxışı demişdir: “Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır”. Nəhayət, qüdrətli Ali Baş Komandanımızın başçılığı ilə, rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçək oldu. Bu gün üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımız olan Qarabağın səmalarını bəzəyir. Bu gün Azərbaycan torpaqlarından zəfər qoxusu gəlir, qalibiyyətin rəmzi olan xarıbülbül öz qələbə ətrini bütün Azərbaycana yayır. 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad edilmiş torpaqlarımıza üçrəngli, aylı-ulduzlu bayrağımız qəhrəman əsgərlərimiz tərəfindən sancıldıqca Azərbaycan xalqının qəlbi də fərəhlə dolurdu. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı Sərəncama əsasən hər il noyabrın 8-i ölkədə Zəfər Gününü kimi qeyd edilir. Bu möhtəşəm Zəfər tarixinin 8 noyabrda qeyd edilməsi də təsadüfi deyil, belə ki, həmin gün Qarabağın göz bəbəyi olan Şuşa şəhəri azad edildi. Həm də Şuşa uğrunda gedən döyüşlər müharibənin taleyini həll edərək qələbəni sürətləndirdi. Böyük Qələbəmizin təcəssümü olan Zəfər Günü ilə Dövlət Bayrağı Gününün ardıcıl olaraq qeyd edilməsi təqvimdə xoş bir təsadüf oldu. Şanlı Zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu, Qarabağ diyarını öz ay-ulduzu ilə bəzədi.
Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlədiyi, ümumiyyətlə, işğaldan yeni azad edilən ərazilərdə dövlət bayrağımızın qaldırılmasını hər birimiz hərsətlə gözləyirdik. Nəhayət, Prezident İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfərində bir daha belə bir qürurlu anları xalqımıza yaşatdı. Belə ki, bu səfər çərçivəsində dövlətimizin başçısı Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində, eləcə də Tərtər rayonunda Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimində iştirak etdi. Bu səfərin ən əlamətdar hadisəsi cənab Prezidentin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması və buradan xalqa canlı müraciət etməsi idi. Bu, Ali Baş Komandanın növbəti Zəfər çıxışı idi. Prezident İlham Əliyev: “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
Sevinc Azadi, “İki sahil”