Bu gün ölkə ictimaiyyəti və bütün dünya azərbaycanlıları böyük təntənə və qürur hissi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbənin növbəti ildönümünü qeyd edir. Üç il bundan öncə Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və əzmi, Azərbaycan əsgərinin rəşadəti və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırılmış və 8 Noyabr tariximizə Zəfər Günü kimi əbədi həkk olunmuşdur. İşğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən müqəddəs savaş xalqımızın şərəf və ləyaqət rəmzi kimi çağdaş tariximizi zənginləşdirmişdir. Builki Zəfər bayramı həm də ona görə əlamətdardır ki, həm “Heydər Əliyev İli”nə, həm də ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam şəkildə bərpa olunduğu dövrə təsadüf edir.
Əbədi yaşayacaq tarix
Vətən müharibəsinədək Qarabağ probleminin danışıqlar yolu ilə həllinin alternativinin olmaması ilə bağlı bir sıra beynəlxalq təşkilatların və aparıcı dünya dövlətlərinin ikili standartlara söykənən subyektiv yanaşmaları mövcud idi. Lakin hələ müstəqilliyimizin bərpasının ilk dövrlərində müdrik lider və təcrübəli siyasətçi Heydər Əliyev öz fəaliyyəti ilə sübut etmişdi ki, istənilən şəraitdə problemin həllinə düzgün yanaşma sayəsində uğur qazanmaq mümkündür. Belə ki, başı hakimiyyət uğrunda mübarizəyə qarışmış AXC – Müsavat cütlüyünün tutduğu xəyanətkar mövqe nəticəsində 1993-cü ilin ortalarınadək ölkənin 20 faizdən artıq ərazisi Ermənistanın nəzarəti altına keçmişdi. Bütövlükdə, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dövlətçiliyi real təhlükələrlə üzləşmişdi. Bu istiqamətdə dönüş yalnız ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Onun, bilavasitə, rəhbərliyi ilə 1994-cü ilin yanvar ayında Azərbaycan Ordusunun böyük uğurla yerinə yetirdiyi “Horadiz əməliyyatı” nəticəsində 23 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu uğuru 2016-cı ilin aprel ayında böyük hərbi-strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini ələ keçirməklə Prezident İlham Əliyev də təkrarladı. Ordumuzun böyük üstünlüyünü və xalqın qələbə əzmini nümayiş etdirən Aprel döyüşləri münaqişənin hərb yolu ilə həllinin mümkünlüyü barədə qarşı tərəfə və beynəlxalq təşkilatlara ünvanlanmış bir ismarıc idi.
Təəssüf ki, Ermənistan bu dərslərdən düzgün nəticə çıxarmadı və keçmiş Dağlıq Qarabağda 30 ilə yaxın davam edən status-kvo və son dövrlər formalaşmış geosiyasi vəziyyət Vətən müharibəsinin qaçılmaz olduğunu şərtləndirən bir sıra ciddi amilləri ortaya qoydu. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev problemin həllinə yanaşmada güzəşt siyasətinə deyil, diplomatik hücum taktikasına üstünlük vermiş, bütün çıxışlarında Azərbaycan xalqının işğal faktoru ilə heç zaman barışmayacağını və torpaqlarımızı azad etmək üçün mümkün vasitələrdən istifadə ediləcəyini dönə-dönə təkrar etmişdir.
Müharibənin bitdiyi gün müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir... Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır...”
Ordumuzun qüdrəti
Azərbaycanın hərb tarixinə şərəfli salnamə yazan ordumuzun inamlı və möhtəşəm qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi xalqımızın və dövlətimizin milli dəyərlərə söykənən çoxsaylı cəhətləri ilə səciyyəvidir. Əlbəttə, bizi bu zirvəyə aparan yol heç də hamar olmayıb, çox böyük çətinliklərdən, maneələrdən keçib. Bu savaş sübut etdi ki, böyük Qələbə heç də təsadüfi deyil, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin siyasi prioriteti kimi uğurla davam etdirilən ordu quruculuğu prosesinin nəticəsidir.
Azərbaycan Silahlı Qüvvələri bu gün regionun müasir texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Bu müddət ərzində NATO-nun ikinci ən güclü ordusuna malik Türkyə modelinə uyğunlaşdırılan Azərbaycanın Silahlı Qüvvələri müasir standartlar səviyyəsinə çıxaraq dünyanın 50 ən güclü ordusundan birinə çevrilmişdir. Bu istiqamətdə böyük uzaqgörənlik nümayiş etdirən Prezident İlham Əliyev 2003-cü ildən bəri ölkə büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin 17 dəfəyə qədər artırılaraq 6,5 milyard manata yaxın bir səviyyəyə qalxmasını təmin edib ki, bu da digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə qat-qat çoxdur.
Ölkəmizdə müasir hərbi-sənaye kompleksinin formalaşması və qısa zaman ərzində 20-dən çox hərbi zavodun işə salınması Azərbaycanın öz daxili imkanları hesabına arsenalını formalaşdırmaq üçün əhəmiyyətli baza rolunu oynayır. Dünyanın aparıcı silah ixracatçılarından ən müasir silahların alınması və bu sahədə də şaxələndirilmiş siyasətin verdiyi dividendlər əldə edilmiş Qələbəni təmin edən mühüm faktordur.
Hayların xəyanətkar xisləti
Müharibənin gedişində döyüş meydanında yenilməz ordumuz qarşısında duruş gətirə bilməyən işğalçı Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycanın dinc əhalisini və mülki obyektlərini atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərini, daha dəqiq desək, 1949-cu il Cenevrə Konvensiyasını kobud surətdə pozaraq, ağıır cinayətlər törətmişdir. İkinci Qarabağ müharibəsi ərzində düşmən Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb mülki obyektləri ağır artilleriyadan atəşə tutaraq terror əməllərindən çəkinməmişdir. Hətta erməni diasporunun və beynəlxalq hüquq normalarını cinayətkarcasına pozmaqla xarici ölkələrədən gətirilmiş muzdlu terror qruplarının uğursuz cəhdləri Ermənistanı düşdüyü aciz durumdan xilas edə bilmədi.
Əlbəttə, xalqımız inanırdı ki, zaman gələcək bu cinayətlərə görə erməni vandalları və onlara havadarlıq edənlər beynəlxalq mühakimə qarşısında cavab verəcəklər. Azərbaycan hökuməti artıq bu istiqamətdə çevik və qətiyyətli addımlar ataraq müsbət nəticələr əldə edir. Bu proses, xüsusilə, Laçın sərhəd-buraxılış məntəqəsinin Azərbaycanın bilavasitə nəzarəti altında fəaliyyətə başlaması və Qarabağda həyata keçirilmiş antiterror tədbirlərinin uğurlu nəticələrindən sonra daha məhsuldar və intensiv səciyyə daşıyır.
“Prezident – Xalq – Ordu” birliyi
Möhtəşəm Qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Əldə etdiyimiz tarixi nailiyyətin əsas şərtlərindən biri ən yüksək həddə təzahür edən “xalq–iqtidar–ordu” birliyindən doğan reallıqdır. Postmüharibə dövründə regionda formalaşmaqda olan yeni siyasi konfiqurasiya fonunda ümummilli məsələlərlə bağlı müqəddəs amal uğrunda ictimai-siyasi həmrəyliyin mövcudluğu son dövrün ən mühüm nailiyyətlərindəndir. O dövrdə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya tərəfindən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatın imzalanması söylənənlərə əyani sübutdur. Müqayisə üçün qeyd edək ki, müharibənin gedişində 10 mindən çox erməni fərarinin mövcud olduğu zaman Azərbaycanda bir dənə də olsun belə hal qeydə alınmamışdır. Cənab İlham Əliyevin səsləndirdiyi “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik” fikri Azərbaycan xalqının ürəyində Vətən sevğisinin nə dərəcədə böyük olduğunun bariz sübutudur. Bu monolit birliyə arxalanan Ali Baş Komandanımızın çevik taktiki gedişləri, bənzərsiz diplomatiya bacarığı, kritik vəziyyətlərdə hədəfləri və istiqamətləri düzgün müəyyənləşdirmək qabiliyyəti, güçlü və dönməz iradəsi möhtəşəm Zəfərin əldə olunmasında müstəsna əhəmiyyət kəsb edən meyardır.
İnformasiya müharibəsinin önündə
Ötən 20 ilə nəzər salsaq, görərik ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin həllinin daim gündəlikdə qalması üçün əlindən gələni edib. Bütün nitq və çıxışlarında, beynəlxalq təşkilatların tribunalarında, dünya liderləri ilə görüşlərində, müsahibələrində bu barədə danışıb. Çalışıb ki, təcavüzkarın və zərərçəkmiş tərəfin kim olduğunu hər kəs bilsin. Vətən müharibəsinin uğurunu şərtləndirən əsas amillərin biri də məhz budur.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Azərbaycan bu platformada da işğalçı ölkəni üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olundu, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Erməni kiber hücümlarının da qarşısı layiqincə alınırdı. Prezident İlham Əliyev dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi, informasiya cəbhəsini təkbaşına yardı.
Xatırlayırsınızsa, xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri mətləbi yayındırır, feyk məlumatlara istinad edərək Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Lakin xarici kütləvi informasiya vasitələrinin əməkdaşları İlham Əliyevin siyasi və diplomatik cavabları, tutarlı arqumentləri və ensiklopedik tarixi bilgiləri qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Döyüşlərin ilk günündən beynəlxalq erməni lobbisi Azərbaycana qarşı təzyiq rıçaqlarını işə saldı, BMT-də qətnamə qəbul etmək istədilər. Hətta, Prezidentdən müsahibə alan bəzi xarici kütləvi informasiya vasitələri təxribatçı sualları ilə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirdi. Lakin hər bir mərhələdə erməni təəssübkeşləri məğlubiyyətə uğradılar. Prezident İlham Əliyev onların hər birinə siyasət və diplomatiya dərsi keçdi.
BMT-də Ermənistanın maraqlarına xidmət edən qətnamənin qəbul olunmasının qarşısı məhz İlham Əliyevin diplomatik müdrikliyi sayəsində alındı. Bu işdə dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, 60-dək ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi müsəlman aləmində qazandığı böyük nüfuz, Avropanın enerji təhlükəsizliyinə verdiyi önəmli töhfə, düşünülmüş neft strategiyasının gətirdiyi siyasi dividendlər Azərbaycanı diplomatik uğurlarını şərtləndirən amillərdir.
Dünya erməniliyinin süqutu
Tarixi Zəfərin qazanılmasında diqqət çəkən əsas məqamlarından biri də Azərbaycanın xarici siyasətində istiqamətlərin düzgün seçilməsi və dünyanın güc mərkəzləri, həmçinin region ölkələri ilə faydalı münasibətlərin qurulması ilə bağlıdır. Bu münasibətlər bu gün də yüksələn xətt üzrə inkişaf etməkdədir.
Bu proseslərin digər mühüm tərəfi Prezident İlham Əliyevin müharibə günlərində nümayiş etdirdiyi yüksək qətiyyət və dünya erməniliyi ilə mübarizədə beynəlxalq təzyiqlərə sinə gərməsi ilə səciyyəvidir. Azərbaycan ictimaiyyəti dövlət başçımızın qələbə əzmini Zəfərimizin əsas şərtlərindən biri kimi dəyərləndirir. Bu, bir reallıqdır ki, Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yalnız hərb meydanında deyil, həm də diplomatik cəbhədə mahir strateq kimi heyrətamiz taktika nümunələrini nümayiş etdirdi, informasiya müharibəsində yorulmadan Azərbaycanın haqq səsini ucaltdı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi ədalət uğrunda mücadilə rəmzinə çevrildi. Məhz onun rəhbərliyi altında uzun illər ərzində davam etdirilən diplomatik mübarizə hərbi uğurumuzu möhkəmləndirən əsas amillərdən biridir və Qələbənin əldə olunmasında bu fəaliyyətin səmərəsi danılmazdır.
Cənab İlham Əliyev 10 noyabr 2020-ci il tarixli üçtərəfli Moskva Bəyanatını qalib sərkərdə kimi fəxrlə, Ermənistanın baş naziri Nikol Paşinyan isə kapitulyasiya aktı kimi gizli şəkildə imzaladı. Bununla biz bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu tarixi yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, bu Zəfər haqq yolunda, ədalətin bərpası uğurunda qazanılmışdır.
Nəticə isə ondan ibarətdir ki, müharibədəki acı məğlubiyyət faktiki olaraq Ermənistanın və onun havadarlarının yüzilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutuna gətirib çıxarmış, “dənizdən-dənizə Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin xəstə milli ideologiyasının fəqərə sütunu qırılmışdır. Bu mücadilədə dahi Heydər Əliyevi siyasi səhnədən atmaq istəyən daxili antimilli ünsürlər məğlub oldular. Beynəlxalq erməni mafiyası və onların Fransa, Niderland, Kanada və s. kimi havadarları məğlub duruma düşdülər. Bu müstəvidə erməni maliyyəsindən bəhrələnən beynəlxaq siyasi və media şəbəkələrinin qazanc imkanları əllərindən çıxdı. “Bu iqtidarın siyasəti ilə biz heç vaxt Şuşaya, Xankəndiyə gedə bilməyəcəyik” iddiası ilə Zəfərin parlaq işığının təsirindən gözləri tutulmuş və əldə olunan tarixi nailiyyətlərimizi sinirə bilməyən AXCP sədri Əli Kərimov və ona bənzər radikal müxalifətçilərin arzuları birdəfəlik puç oldu, xalq qarşısında nüfuzlarını tamamilə itirdilər. Cənab İlham Əliyevin polad iradəsi və “dəmir yumruğ”u ilə bütün bu maneələr məharətlə dəf olunaraq tarixi ədalət bərpa edildi.
Ulu öndərin vəsiyyəti
Tarixi Zəfər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəlik istedadının, onun həm siyasət, həm də döyüş meydanında sərgilədiyi uğurlu taktiki addımların, müzəffər ordumuzun qüdrətinin, igid əsgər və zabitlərimizin qanlarının töküldüyü müqəddəs Qarabağ torpağının həsrətinə son qoymuş tarixi Qələbənin dünyaya nümayişidir. Azərbaycan xalqı bununla, ilk növbədə, bütün bəşəriyyətə sübut etdi ki, biz heç zaman bir qarış torpağımızı belə heç kəsə güzəştə getməyəcəyik. İşğaldan azad olunmuş Şuşada dalğalanan Qələbə Bayrağımızı parada gətirərək və qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirərək hərbi gücümüzü dünyaya göstərdik.
Müharibənin dayandırılması məqsədilə imzalanmış üçtərəfli Moskva Bəyanatı Azərbaycan diplomatiyasının böyük tarixi Qələbəsi və mahiyyət etibarilə, Ermənistanın kapitulyasiyasını təsdiq edən sənəddir. Bu tarixi hadisəyə Milli Məclisin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına ünvanlanan 13 noyabr 2020-ci il tarixli müraciətində siyasi qiymət verilmişdir: “2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etmişdir...Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı qələbəsini təcəssüm etdirir. Tarixi ədalət öz yerini tutur, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunur”.
Bu şanlı Qələbə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı, onu ağır nisgildən xilas etdi, dünya azərbaycanlılarını “azərbaycançılıq” ideologiyası ətrafında daha sıx birləşdirdi, dünyaya əsl tolerantlıq nümunəsi bəxş edən xalqımızın daha yüksək dəyərdə milli özünüdərk və öz gücünə inam hissinin möhkəmlənməsi üçün tarixi zəmin yaratdı, gənclərimizin vətənpərvərlik duyğularını daha yüksəklərə qaldırdı.
Bu Zəfəri Azərbaycan xalqına bəxş etməklə müzəffər Ali Baş Komandanımız həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, – söyləmiş Ulu öndərin ən ümdə arzusunu reallaşdırdı, onun vəsiyyətinə əməl etdi.
Tarixin ibrət dərsləri
44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeri və rolunu daha aydın dərk etmək üçün və dövlət siyasəti müstəvisində tarixi şəxsiyyətlərin rolu baxımından, düşünürəm ki, müqayisəli tarixi paralellərin aparılması yerinə düşər. Bu fikrin sübutu AXC-Müsavat hakimiyyəti dövründə aparılan xarici siyasətlə müqayisədən aydın görünür.
Öz səriştəsizliyini qardaş Türkiyənin üzərinə yıxan Əbülfəz Elçibəyin 1993-cü ildə “İki helikopter istədik, vermədilər” şəklində nümayiş etdirdiyi davranış 2020-ci ildə Rəcəb Tayyib Ərdoğanın böyük səmimiyyətlə dilindən səslənən “Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır” ifadəsi ilə əvəzləndi.
Ötən əsrin 90-cı illərində məhz AXC-Müsavat hakimiyyətinin günahı ucbatından Ermənistana açıq dəstək verən Rusiya 30 ildən sonra Vladimir Putinin deyimində “Qarabağ Azərbaycan ərazisidir” fikri ilə yekunlaşdı. Daha sonra şimal qonşumuzla 2022-ci ildə rəsmiləşən müttəfiqlik münasibətləri bu ilin sentyabr ayında Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazidə lokal antiterror tədbirlərinin daha rahat şəkildə həyata keçirilməsi üçün vacib amil rolunu oynadı.
Birinci Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ənənəvi güclü erməni lobbisini Azərbaycana qarşı alət kimi istifadə edən ABŞ ikinci Qarabağ müharibəsində və ondan sonra baş verən prosesləri bizi qane edəcək tərzdə müşahidə etməklə kifayətləndi.
İctimaiyyəti qonşu İranın üzərinə qaldıran “cəbhəçi”lərin avantürist siyasətindən fərqli olaraq, həssas məqamların mövcud olduğu İran–Azərbaycan münasibətləri Prezident İlham Əliyevin diplomatik gedişləri sayəsində Azərbaycanın ərazi bütövlüyü məsələsində İranın aydın şəkildə nümayiş etdirilən dostluq münasibətləri ilə səciyyələndi.
Türkiyə və Pakistan kimi ənənəvi dost ölkələrlə münasibətlər daha yüksək səviyyəyə qalxaraq sarsılmaz qardaşlıq birliyinin təcəssümünə çevrildi.
Böyük Britaniya, İsrail, İtaliya, Macarıstan kimi böyük dövlətlərin Azərbaycanı açıq şəkildə müdafiə etməsi müasir diplomatiyamızın zirvə nöqtələridir. Həm yaxın qonşu ölkələr, həm də bir çox digər dövlətlərin bir çoxu bu mücadilədə bizə loyal münasibət göstərmiş, ya da ən azından neytral mövqe nümayiş etdirmişdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk əsgərlərinin Zəfər paradında iştirakı, müttəfiqlik məsələlərinə dair 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi Türkiyə–Azərbaycan sarsılmayan birliyinin təcəssümüdür. Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin Bakı və İstanbul üçtərəfli Bəyannamələri, Bakıda keçirilmiş “Üç Qardaş” beynəlxalq hərbi təlim bütün dünyaya bir daha nümayiş etdirdi ki, bu üç dost və qardaş ölkə bundan sonra da bir-birinin yanında olacaqdır.
Sülhün və yeni intibah dövrünün astanasında
Beləliklə, bugünkü taleyüklü möhtəşəm uğurlarımıza tarixi proseslər süzgəcindən nəzər saldıqda, Heydər Əliyevin XX əsrdə başladığı və İlham Əliyevin XXI əsrdə yeni keyfiyyətdə davam etdirdiyi siyasi kursun nə dərəcədə doğru olduğuna daha böyük əminlik yaranır. Digər tərəfdən, tarixi Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ münaqişəsinə son qoyulmasının qlobal miqyasda və bölgənin perspektiv inkişafı üçün son dərəcə müstəsna əhəmiyyətini dərk etməmək mümkün deyil. Artıq xəyallar gerçəkliyə çevrilib, ermənilərin 200 illik layihəsi tarixin zibilliyinə atılıb. Böyük Qələbənin məntiqi davamı kimi, bu il sentyabrın 19-20 tarixlərində həyata keçirilmiş antiterror tədbirləri ilə Qarabağda 35 illik separatçılığa birdəfəlik son qoyulub. Ölkəmizin bütün ərazisində, xüsusilə, Qarabağın hər yerində suverenliyimiz və Konstitusiya quruluşumuz tam bərpa olunub.
Bununla da, Prezidentimiz, yenilməz sərkərdəmiz cənab İlham Əliyevin Xankəndidə ucaltdığı müqəddəs üçrəngli Dövlət Bayrağı ilə Cənubi Qafqaz regionunda tamamilə yeni geosiyasi reallıqların formalaşması prosesi başa çatıb. Özünü xalqın birinci xidmətçisi elan etmiş dövlətimizin başçısı bu il oktyabrın 15-də 20 illik prezidentlik fəaliyyətinin hesabatını da məhz Xankəndidə verdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyev regionumuzu böyük imperiyaların sərvət və geosiyasi maraqları uğrunda yüz illərlə davam edən mübarizə meydanından bölgə xalqlarının birgəyaşayışı, əmin-amanlığı və sülh məkanına çevirmişdir. Bu gün Cənubi Qafqaz öz tarixi, coğrafi, təbii sərhədlərinə qayıtmaqdadır. Bu, indiyədək misli görünməmiş yeni tarixi dönüş mərhələsinin, yeni intibah tarixinin təməlidir. Şübhə yoxdur ki, artıq regional sülh və təhlükəsizlik arxitekturasının real olaraq qurulması ilə səciyyələnən hazırki dövr Azərbaycan tarixində İlham Əliyev dühasının yazdığı növbəti parlaq və şərəfli səhifəyə çevriləcəkdir.
Əli HÜSEYNLİ, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri