EN

Papaqçıya ərə gedən Xan qızı — Azərbaycanın görkəmli şairəsinin anadan olan günüdür — MARAQLI FAKTLAR

Avqustun 6-sı Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın anadan olan günüdür.



Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci ildə Şuşada anadan оlub. Atası ona öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün оnu sarayda «Dürrü yekta» (Təк inci), el arasında isə «Xan qızı» çağırıblar.



Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilib və Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilib. Belə bir ehtimal da var ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gələrək tоy edib və Xurşidbanunu Dağıstana — öz doğma кəndinə, оradan da Tiflisə aparıb.



1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlib. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyublar.



Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi var. Bunlardan biri şairənin soy köküdür. Yəni Natəvanda iki böyük nəslin — Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı var.



Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıb. Onun bir neçə qəzəli Vasif Quliyevin «Dünənə uzanan cığır» (B., 2000) kitabında çap olunub.



Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə gedib, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirib. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olublar. Şairə ömrüboyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.



Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun «Xurşid» imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb.



Natəvan həm də istedadlı rəssam olub. Onun bədii tikmələri «Gül dəftəri» (1886) adlı albomundakı rəsmlər buna sübutdur.



Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri var. Xeyriyyəçi, mesenat və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olub. Xurşidbanu Natəvan Şuşada «Məclisi-üns» ədəbi məclisini təşkil edib. 1873-cü ildə Şuşaya su kəmərini çəkdirib: bu su kəməri indi də «Xan qızı bulağı» adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs edib.



***



Xasay xanla evləndikdən sonra Natəvan dörd il övlad arzusu ilə alışıb-yanıb. Hər gün Allaha dua edən Xan qızı 1854-cü ildə əri ilə Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət edirlər. Bu ziyarətdən bir il sonra 1855-ci ildə onların oğlu Mehdiqulu xan, 1856-cı ildə qızı Xanbikə dünyaya gəlir.







Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar.



***



Natəvan 1869-cu ildə könlünə yatan Seyid Hüseyn adlı kasıb bir (təbii ki, Seyid Hüseyn Xan qızı kimi var-dövlət sahibi deyildi — F.X.) şuşalıya ərə gedir. Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar olub. Papaqçı idi. Bu evlilikdən də Natəvan xanımın üç oğlu dünyaya gəlib.



***



Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasına nifaq salır. Oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.







Seyid Hüseyndən olma oğlu Mir Abbas 17 yaşında vəfat edib. Onun ölümü Xan qızına ağır təsir etdiyindən uzun müddət Xan qızı bu ağır dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə Natəvan (zəif, gücsüz) təxəllüsünü götürür.



***



Yaradıcılığa IXI əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun «Xurşid» imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, cüzi hissəsi günümüzə gəlib çatıb. 1870-ci ildən etibarən Natəvan təxəllüsü ilə qəzəllər yazıb.



***



Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə onun Bakıda məşhur fransız yazıçısı Aleksand Düma ilə görüşməsi olub. Xasay Xanın mükəmməl fransız dili bilgisi nəticəsində onlar dostlaşmışdılar. A. Dümanın «Qafqaza səyahət» kitabında bu görüş haqqında məlumat öz əksini tapıb.







Natəvan 1873-cü ildə Şuşadan yeddi kilometr aralı olan Sarı Baba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirimiş, sonra böyük su anbarı tikdirmiş, hovuz, hamam və buzxana düzəltdirib. Şəhər əhalisinin gəzintisi və istirahəti üçün yaşadığı evin günbatanında bağ saldırıb.



***



Tarixdən məlumdur ki, Xurşudbanu Natəvan oğlu Mehdiqulu xana qırx gün qırx gecə toy çaldırıb. Bu toyda XIX əsrin məşhur xanəndələri, aşıqları iştirak ediblər. Məsələ ondadır ki, toy üç hissədən ibarət olub. Birinci məclisə əsilzadələr, ikinci məclisə sənətkarlar, üçüncü məclisə isə yoxsullar dəvət olunub. Adətə görə qadınlar gündüz, kişilər axşam toya gələrdilər. Bu toyun ən yaddaqalan məqamlarından biri də budur ki, Xan qızı qırx gün qırx gecə Qarabağın bütün kasıb kəndlilərinə yemək paylayıb, plov vermiş, hər dəvətliyə bəxşiş bağışlamışdır. Toyda xələt yığılmamış, əksinə, Xurşudbanu özü qonaqlara hədiyyələr verirmiş.



***



Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoyur.



***



Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın Kəngərli məntəqəsində yarımçıq qalmasına səbəb olur.



***



Şairənin həyatının son illəri daha acınacaqlı keçib. O, yaylaqlarını və yararlı torpaqlarını itirərək var-yoxdan çıxır, borca düşür. Hətta dövrü mətbuatda çıxan xəbərlərə görə o, ağır maddi çətinliklər üzündən, ev əşyalarını, zinət əşyalarını açıq satışa qoymuşdu. (Bakinskie quberrnckie vedomosti” qəzeti, ¹ 43; Yenə orada, 1896, ¹ 5.)



***



Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb. Xan qızı Ağdamda “Imarət” deyilən ailə qəbiristanlığında dəfn olunub.



Adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
ictimaimedia.az

1Sources