EN

Fond və xammal bazarları çökür - səbəb

Azərbaycana hansı təsirləri ola bilər?

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi Yaxın Şərqdə narahat münasibətləri daha da gərginləşdirib. Bütün dünya İranın İsrailə mümkün zərbələrini gözləyir. Son dərəcə gərgin siyasi-hərbi atmosfer, gözlənildiyi kimi, Yaxın Şərqin əsas məhsulu olan neftin qiymətlərinə artırıcı təsir göstərdi. Qısa müddətdə neft qiymətləri 78 dollardan 81 dollara qədər bahalaşdı. Lakin bu proses uzun sürmədi, 2 gündən sonra qiymətlər sürətlə düşməyə başladı. Hazırda Brent etalon markalı neftin bir bareli 75 dollar ətrafında dəyişir. 

Neft bazarında qiymətlərin düşməsinin əsas səbəbi kimi dünyanın iki ən böyük iqtisadiyyatına malik ölkələrdən - Çin və ABŞ-dan gələn xəbərlər göstərilir. Belə ki, Çinin Milli Statistika İdarəsinin (NSO) hesabatına əsasən, iyulda ölkənin istehsalat sektorunda satınalma menecerləri indeksi (PMI) ayında 49,4 bəndə qədər azalıb. Əvvəlki ay göstərici 49,5 bənd olmuşdu. Bundan əlavə, bu ilin yanvar-iyun aylarında Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların (XBİ) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz azalaraq 498,91 milyard yuana (68,7 milyard dollar) düşüb. 

Avqustun 1-də məlum olub ki, iyulda ABŞ-ın istehsal sektorunda (ISM Manufacturing) işgüzar aktivlik indeksi iyundakı k48,5 bənddən 46,8 bəndə qədər azalıb və 2023-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb. Analitiklərin konsensus proqnozu 48,8 bəndədək artım nəzərdə tuturdu.

ABŞ-dan daha bir bədbin məlumat məşğulluq sahəsindən açıqlanıb. ABŞ Əmək Nazirliyinin açıqladığı statistikadan məlum olub ki, iyul ayında ölkə iqtisadiyyatında iş yerlərinin sayında 114 min artım qeydə alınıb. Yenidən işlənmiş məlumatlara görə, iyunda iş yerlərinin sayı əvvəllər bildirildiyi kimi 206 min yox, 179 min artıb. İyulda ABŞ-da işsizlik iyun ayındaki 4,1 faizdən 4.3 faizə yüksəlib. Bu, 2021-ci ilin oktyabr ayından bu yana ən yüksək səviyyədir.Trading Economics ekspertlərinin konsensus proqnozu iyul ayında iş yerlərinin sayının 175 min artacağını və işsizliyin 4,1 faiz səviyyəsində qalmasını nəzərdə tuturdu.

Qeyd edək ki, məşğulluq sahəsi Federal Ehtiyatlar Sistemi(FED) üçün monetar siyasət qərarlarının qəbulunda əsas göstəricilərdən biridir. İşsizliyin artımı tənzimləyicinin sentyabrda faiz dərəcələrini endirəcəyi ehtimalını artırır. Lakin eyni zamanda işsizliyin artımı ABŞ iqtisadiyyatında artım sürətinin yavaşımasının əlaməti hesab olunur. 

Məhz ABŞ-da statistik göstəricilərin açıqlanmasından sonra dünya xammal və fond bazarlarında böyük volatillik meydana gəlib. Ötən həftənin sonlarında ABŞ və Avropa fond bazarlarında müşahidə olunan sürətli eniş bu həftənin ilk iş günü digər bazarlarda daha kəskin formada özünü büruzə verir. Belə ki, avqustun 5-də birjalarda ticarət başlanan kimi Cənubi Koreyanın əsas fond birjası indeksi KOSPI 8,7 faiz azalıb. Yonhap agentliyinin ticarət məlumatlarına istinadən yaydığı xəbərə görə, bu, 2008-ci ildən bəri müşahidə olunmayan haldır. Cənubi Koreya vonunun məzənnəsi də dollar qarşısında zəifləyib. Cənubi Koreya mediası bu bazar ertəsini birja üçün “ən pis gün” adlandırır. Sərt eniş birjanın fəaliyyətinin 20 dəqiqə müddətində dayandırılmasına gətirib çıxarıb.

Gün ərzində Cənubi Koreyanın ən böyük şirkətlərindən Samsung Electronics-in səhmləri 10,3 faiz, SK hynix 9,8 faiz, Hyundai Motor-unku isə 8,2 faiz ucuzlaşıb.

Dünən həmçinin İstanbul fond birjasında analoji hal yaşanıb: birja indeksləri 5 faizdən çox dəyər itirdiyinə görə ticarət yarım saatdan çox dayandırılıb. Ən çox bankların səhmlərində dəyərsizləşmə qeydə alınıb.

Afina fond birjasında da indeksin kəskin düşməsi qeydə alınıb. Qısa müddətdə 5 faizdən çox dəyərsizləşmə Yunanıstanın fond bazarında böyük təlatümə, investorların xaotik şəkildə səhmləri satmağa başlamasına səbəb olub.

Yaponiyanın əsas fond indeksi NİKKEİ 12,4 faiz, Tayvanda indekslər 8,4 faiz, Avropada 3 faizə yaxın dəyər itirib. ABŞ-da NASDAQ indeksinin 3 faiz düşməsindən sonra texnoloji nəhənglərin hesabına bu prosesin daha da dərinləşəcəyi gözlənilir. “The Economist” yazır ki, Amerika fond bazarlarındakı eniş süni intellektə olan ümidlərin özünü doğrultmaması ilə bağlıdır. Mütəxəssislər Microsoft, Alphabet, Amazon və Apple kimi ABŞ-ın texnologiya nəhənglərinin hesabatlarının dərcindən sonra belə nəticəyə gəliblər ki, investorların süni intellektlə bağlı əvvəlki eyforiyası sürətlə aradan qalxır.

"Financial Times" yazır ki, dünyanın ən böyük texnologiya şirkətləri 2024-cü ilin əvvəlindən kapital xərclərini 50 faiz artırıb, onların ümumi həcmi 100 milyard dollara çatıb. Sərmayə qoyuluşunun prioritet sahəsi süni intellekt sistemlərinin fəaliyyətini təmin edən infrastrukturun genişləndirilməsidir. Analitiklərin eləcə də investorların bu yatırımlarının özünü doğruldacağına inamı getdikcə azalır. Nəticədə, ABŞ-ın ən böyük texnologiya şirkətləri - Apple, Amazon, Microsoft, Alphabet (Google), Meta Plaforms və Tesla-nın səhmlərinin ucuzlaşması baş verir. Sonuncudan başqa bütün səhmlər artıq demək olar ki, 10 faiz ucuzlaşıb, Tesla isə 7,5 faiz itirir.

Fond indeksləri ilə yanaşı, kriptovalyutaların qiyməti də ucuzlaşır - Bitcoin (BTC) 15,93 faiz ucuzlaşaraq 52 582 dollara, Ethereum (ETH) isə 22,12 faiz ucuzlaşaraq 2 348,7 dollara düşüb. Rəqəmsal valyutalar ABŞ-da tənəzzül qorxusu fonunda bir neçə aylıq minimuma çatıb.

Göründüyü kimi, Yaxın Şərqdə gözlənilən qısamüddətli gərginləşmə belə Çin və ABŞ iqtisadiyyatındakı neqativ proseslərin xammal və fond bazarlarına mənfi təsirini önləyə bilməyib. Məsələn, Liviyanın ən böyük neft yatağı olan “Şərara”dan hasilatın məhdudlaşdırılmasına dair xəbərlər belə neft bazarına qiymətartırıcı təsir göstərə bilməyib. 

Bəzi analitiklər fond bazarlarındakı volatilliyi müvəqqəti hesab edərək, xüsusilə ABŞ-da qəbul ediləcək siyasi qərarla aradan qalxacağını gözləyirlər. Bu baxımdan, tezliklə FED rəhbəri Cerom Pauellin sentybarda uçot dərəcəsinin endiriləcəyinə dair açıqlama verəcəyi gözlənilir.

Azərbaycanda fond bazarının inkişaf etməməsi ölkə iqtisadiyyatını bu bazardakı volatilliyin birbaşa təsirindən qoruyur. Lakin Dövlət Neft Fondunun investisiya portfelinin mühüm bir hissəsi hazırda dəyərsizləşən texnologiya nəhənglərinin səhmlərinə yatırılıb. Bu baxımdan, həmin şirkətlərin səhmlərində ucuzlaşma Azərbaycanın əsas valyuta ehtiyatlarının toplandığı Neft Fondunun böyük itkilərə məruz qalmasına gətirib çıxara bilər. Belə ki, fondun təsdiqlənmiş investisiya siyasətinə əsasən, bu il onun investisiya portfelinin 25 faizə qədəri səhmlərə yatırıla bilər. Bu ilin birinci yarısında ABŞ texnologiya nəhənglərinə Neft Fondunun yatırımlarında ciddi artım edilib. Bu isə fond üçün riskləri daha da artırır. 

Bundan əlavə, əsas gəlir mənbəyi neft ixracı olan Azərbaycan üçün neft bazarındakı qiymət fonu son dərəcə mühüm əhəmiyyətə malikdir. İqtisadçı-alim Vüqar Bayramovun sözlərinə görə, dünyada tələbin azalması neft bazarına birbaşa təsir göstərərək volatilliyi artırıb: “Digər tərəfdən, bu il ABŞ-da quyuların sayının azalmasına baxmayaraq neft hasilatında artımlar müşahidə edilir. Hazırda Birləşmiş Ştatlarda gündəlik neft hasilatı 13.3 milyon bareldən çoxdur.  Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından əhəmiyyətlidir”. 

İqtisadçı-alim xatırladır ki, 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmələrdən sonra əsas maliyyə sənədində neftin qiyməti 60 dollardan 75 dollaradək artırılıb: “Hazırda dünya bazarında neftin qiyməti büdcədəki qiymətdən cüzi artıqdır. Doğrudur, 2024-cü ilin geridə qalan ayları üzrə neftin orta qiymətini nəzərə aldıqda mövcud bazar tarazlığı fiskal gəlirlərimiz üçün risk formalaşdırmır. Amma sözsüz neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də tədiyyə balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq.

Neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".

Dünya SAKİT,
“Yeni Müsavat”

Chosen
132
musavat.com

1Sources