“Bizim şahidi olduğumuz ənənəvi müharibə və münaqişələrdən fərqli olaraq İsrail-HƏMAS savaşı həm də ideoloji müharibədir”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Bakir Həsənbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, İsrail özünə vəd olunuduğuna inandığı torpaqlar uğrunda savaşır:
“Fələstinlilər isə yaşadıqları torpaqlarda dövlət qurmaq ideologiyası ilə yaşayırlar. Hətta HƏMAS-ın yeni lideri Yəhya Sinvarın özü də qaçqın düşərgəsində dünyaya gəlib. Onu da nəzərə almaq lazımdır ki, münaqişə başlayanda HƏMAS-ın tərkibində 50 mindən çox hamilə qadın, 62 min isə südəmər uşaq var idi. Bu isə o deməkdir ki, hər doğulan uşaq bir müddət sonra HƏMAS-ın üzvü olur. Ümumiyyətlə, İsraillə HƏMAS arasındakı ideoloji müharibə bitməyən savaşlar sırasındadır. ABŞ, Qərb və Avropanın həmin regionda iqtisadi maraqları var. Çünki dünya dəniz ticarətinin 20 faizə yaxın hissəsi Qırmızı dəniz ətrafında baş verir. Hətta husilərin ilk hücumu nəticəsində həmin istiqamətdə cəmi 5 günlük durğunluq yarandı və dünya ticarətinə 2 trilyon dollar ziyan dəydi. Bu isə həddindən artıq böyük rəqəmdir”.
Həmsöhbətimiz qeyd edib ki, müharibənin davam etməsinin yeganə səbəbkarı İsrail deyil:
“Müharibədə 40 min fələstinli ölüb. Bu da soyqırım deməkdir. Amma bu insan ölümlərini və dağıntılarını İsrail ordusunun törətməsinə rəğmən, baş verənlərin əsas səbəbkarı məhz HƏMAS-dır. Biz qəbul etməliyik ki, HƏMAS bir terror təşkilatıdır. HƏMAS bu gün müharibə siyasəti aparır. Bu isə onların özünün formalaşmasının siyasətidir.
HƏMAS özünü siyasi partiya elan edib, amma siyasi partiyanın ordusu olmur. Siyasi partiya nə üçün yeraltı şəhərcik formalaşdırmalıdır? Bütün bunların hər biri onların gizli məqsədlərindən xəbər verir. Məsələn, HƏMAS-ın yeni lideri Yəhya Sinvar 22 il İsraildə həbsdə olub. Buna səbəb də onun İsrailin çox sayda əsgərini öldürməsidir. Bu gün ən böyük yanlışlıq HƏMAS-ın başına müharibəyə daha meyilli bir adamın gətirilməsidir. Hansı ki, ötən ilin 7 oktaybrında da müharibəni məhz başladıb. O, “kölgə lider” olub və uzun illər Qəzzanı qeyri-rəsmi şəkildə idarə edib”.
Ekspert hesab edir ki, bu proses belə terror təşkilatlarının məhv olmasına səbəb olacaq:
“Amma çox təəssüf ki, İran və bəzi dövlətlərlə yanaşı, bir çox təşkilat da onların maddi və mənəvi qidalanması üçün fəaliyyət göstərirlər. Əslində, dünya bir olmalı və terrora “yox” deməlidir. Həmçinin, BMT müşahidəçi mövqeyindən artıq əməli fəaliyyətə keçməlidir. Bununla da günahsız insan qırğınına son verməlidir. Ona görə bu tip terror qruplaşmaları tarixdən silinməlidir”.
Bakir Həsənbəyli İsrail-HƏMAS müharibəsinin nə vaxt bitəcəyi ilə bağlı isə bunları deyib:
“Ümumiyyətlə, İsrail-HƏMAS müharibəsi heç vaxt bitməyəcək. Bu müharibə həmişə aktiv fazada olub. Nəzərə alaq ki, mütəmadi olaraq qətliamların, partlayışların şahidi oluruq. Sadəcə olaraq, müharibə adlanan vəziyyət dayana bilər. Bütün müharibə və münaqişələr ticarət yollarına, dəhlizlərə nəzarət etmək üçün başlayır.
Bu, indiki dövrdə artıq özünü daha açıq şəkildə biruzə verir. Əgər həmin bölgədəki dəhlizlər Qərbin, xüsusən də ABŞ-nin nəzarətinə keçərsə, müharibə dondurulmuş münaqişə mərhələsinə keçə bilər. Amma bu prosesin 2024-cü ildə baş verməsi inandırıcı görünmür”.