EN

Məhkəmədə ictimai fəala qarşı zorakılıq olub

Yayımlandı: 13 Avqust 2024 18:00 İctimai fəallar konvoyun söyüş söyməsinə etiraz edib “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov Penitensiar Xidmətin konvoylarının zorakılığına məruz qalıb. Bu hadisə avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində – prosesi izləməyə gələn ictimai fəallar və jurnalistlərin gözü önündə baş verib. Məhkəmə prosesinə sədrlik edən hakim Səbuhi Hüseynov bildirib ki, Afiəddin Məmmədovun işi üzrə şahid qismində tanınan şəxslərə bildiriş göndərilsə də, onlar məhkəməyə gəlməyib. Bu səbəbdən məhkəmə prosesi təxirə salınacaq. Bu zaman Afiəddin Məmmədov bildirib ki, onun vəsatəti var və onu səsləndirmək istəyir. Lakin Səbuhi Hüseynovun sədrlik etdiyi, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyası vəsatəti dinləmək istəməyib, prosesin təxirə salındığını deyib. Afiəddin Məmmədov buna etiraz edib: “Bu, nə davranışdır? Biz burada boşbaş bişiririk? Məhkəmənin aparılma qaydası var…”. Afiəddin Məmmədov bildirib ki, səhər saat 8-dən istintaq təcridxanasından çıxarılaraq, məhkəməyə gətirilib. 8 saatdır ki, ac-susuz saxlanılır. Ona məhkəmə zalına kostyumda gəlməyə icazə vermirlər, pencəyi çıxarmağı tələb edirlər. Ən əsası, məhkəmə zalında da hakimlər qarşısında əlləri ön tərəfdən qandallanmış vəziyyətdə saxlanılır və proses boyu açılmır. İctimai fəal bunları deyərkən Penitensiar Xidmətin əməkdaşı onu dartıb aparmağa çalışıb. Afiəddin Məmmədov buna etiraz edərkən həmin konvoy söyüş söyüb, ictimai fəala qarşı zorakılıq tətbiq edib.. Məhkəmə zalında olan fəallar buna etiraz edib. Məhkəmə prosesi təxirə salınıb. Afiəddin Məmmədov 8 aydır ki, həbsdədir. Ötən il avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri bir qrup moped sürən kuryerlə birlikdə polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Etiraz aksiyası başa çatandan az sonra Afiəddin Məmmədov yaşadığı evin yaxınlığında həbs edilib, ona 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra avqustun 4-də Elvin Mustafayev, bir həftə sonra isə Ayxan İsrafilov narkotik ittihamıyla həbs olunub. Afiyəddin Məmmədovun 30 sutkalıq cəzası başa çatandan sonra o, avqustun sonunda azadlığa buraxılsa da, sentyabrın 20-də yenidən həbs olunub. Bu dəfə o, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolda gedərkən mübahisə etdiyi Səfər Hüseynov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib. Afiəddin Məmmədov məhkəmədə ifadəsində bildirib ki, o, Səfər Hüseynov adlı şəxsi tanımayıb. Onun sözlərinə görə, hadisə də ittihamda yazıldığı kimi, Məhəmməd Hadi küçəsində yox, yaşadığı evin blokundan çıxanda baş verib: “Saat təxminən 5-ə 20 dəqiqə işləmiş evdən çıxdım. Toya gedəcəkdim. Blokdan çıxanda bir kişi mənə tərəf gəldi, yanında da qadın vardı. Yaxamdan yapışdı. Əlində bıçaq vardı. Əlindən bıçağı almağa çalışdım. Əvvəl başa düşmədim ki, nə istəyir, sonra anladım ki, təxribatdır, mənə qarşı da Samir Aşurovun başına gətirdikləri planı qurublar. Üzümdən yumruqla vurdu, burnum zədələndi, qan gəldi. Yerə yıxıldım, kürəyimdən də zədələndim. Ekspertizadan da keçmişəm. Bir də baxdım ki, bu, özü özünü vurur. Təxminən 3 dəqiqə sonra polislər gəldi”. Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə maddələrilə ittiham irəli sürülüb. İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. O, avqustun sonunda 30 sutkalıq həbsdən buraxılandan sonra bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
99
1
xural.com

2Sources