EN

Xain PKK-çıdan Kərkük türklərinə qarşı məkrli addım: Türkmən dili yasaqlandı

2021-ci ilin oktyabrında Kərkük şəhər Məclisi türkmən dilini bölgə rəhbərliyinin rəsmi dilləri arasına qəbul etməklə Kərkükdə türkmən dilinin də rəsmi dil olmasına yol açmışdı. Həmin qərara əsasən, Kərkükün türkmən millət vəkillərinin təzyiqi nəticəsində “Latın əlifbası” Kərkük türklərinin cari əlifbası kimi təsdiqlənmişdi. Bu qərarın qəbulundan sonra, İraqın sabiq baş naziri Məhəmməd Şiya əs-Sudani 1 mart 2023-cü ildə Kərkükdəki rəsmi yazışmalarda ərəb və kürd dilləri ilə yanaşı, türkmənlərin ana dili olan Türkməncənin də rəsmi dil kimi istifadə edilməsi ilə bağlı təlimat vermişdi.

Bundan sonra Kərkük vilayət administrasiyası və Şəhər Məclisinin binasına türk dilində kövhələr vurulmuş, həmçinin Kərkük valiliyinin binasına da türkməncə “Kerkük Valiligi” lövhəsi asılmışdı. Vilayət rəhbəri türkmən dilinin yer almadığı bütün lövhələrə bu dildə yazının əlavə edilməsi tapşırığını vermişdi.

Ümumiyyətlə, Kərkük şəhər parlamentinin (Məclisinin) çıxardığı bu qərarla Türkmən dili Osmanlı dövlətinin süqutundan sonra ilk dəfə İraq ərazisində rəsmi dil olaraq təsdiq olunub. Bu qərarın qəbuluna qədər Kərkük rəhbərliyində rəsmi dil olaraq yalnız ərəb və kürd dilləri istifadə olunurdu.

Həmin vaxt bir çox ekspertlər Kərkük Məclisinin atdığı bu addımın zəngin neft qaynaqları səbəbindən strateji ərazi kimi qiymətləndirilən Kərkükün siyasi gələcəyində türkmənlərin də rolunun artacağına və onların ərəb və kürdlərlə bərabər haqqlara sahib olacağına zəmin yaradacağına müsbət təsir göstərəcəyini bildirirdilər. Lakin bu təxminlər, öncəgörmələr təəssüf ki, özünü doğrultmadı.

Sözügedən qərarın qəbul edilməsindən 3 il keçəndən sonra, Kərkükün bu günlərdə seçilən PKK-çı yeni valisi Rebvar Taha Kərkük valiliyindəki türkməncə yazıları yığışdırmağa başlayıb və İraq Konstitusiyasına əsasən yerli rəsmi dillərdən biri olan türk dili yeni valinin göstərişi ilə qeyri-rəsmi olaraq ingilis dili ilə əvəz olunub.

İraq Türkmən Cəbhəsindən bu məsələ ilə bağlı yayılan yazılı açıqlamada bildirilib ki, "Kərkükün yeni Valisi, Anayasanın tələbini açıqça pozaraq Türkmən dilini rəsmi yazışmalardan qaldırdı".

Göründüyü kimi PKK-çı valinin iş başına gələn kimi atdığı bu xain addım Kərkük türkmənlərinə qarşı yeni assimilyasiya dalğasının ilk əlamətidir. Rebvar Tahanın ilk addım kimi məhz türkmən dilinin yasaqlanmasından başlaması uzaq hədəflərdən xəbər verir. Hər bir xalqı güclü edən, ayaqda saxlayan əsas qüvvə məhz onun ana dilidir, milli dilidir. Dili yasaqlanan xalqı sonradan digər məhdudlaşdırıcı addımlarla tədricən zəiflətmək, məhv etmək asan olur.

Türkiyə və Azərbaycan bu məsələni İraq mərkəzi hökuməti ilə koordinasiyalı şəkildə diqqət mərkəzində saxlamalıdır. Kərkük həm Türkiyə, həm də Azərbaycan üçün istər tarix və soykök baxımından, istərsə də geosiyasi cəhətdən çox önəmlidir.

Bəybala Mirzəyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
6
visiontv.az

10Sources