“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Masazır təmsilçisinin xorvat çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“Futbolçularımı təbrik edirəm. Qələbəyə layiq idik. Bu barədə heç bir şübhə ola bilməz. İlk saniyələrdən məqsədimiz 3 xal götürmək idi. Bir ay arzində 7-ci oyunumuz idi. Bu oyun göstərdi ki, fiziki cəhətdən hazırıq. Bu, bizim mental cəhətdən də güclü olduğumuzu göstərir. Xoşbəxtəm ki, qapımızda qol görmədik. “Neftçi”yə heç bir şans vermədik. Onlar qapımızda qol vəziyyəti yarada bilmədilər. “Neftçi” hücumda pis çıxış etdi. Amma bu, bizlik deyil, “Neftçi”nin problemidir.
Rəhbərliklə demək olar ki, hər gün danışırıq. Qələbələr kimi, heç-heçə və məğlubiyyətlər də futbolda normaldır. Bəzən nəticələr istədiyin kimi olmur. İki cəbhədə vuruşmaq hər kəs üçün ağırdır. Amma bu gün oyunçularımın reaksiyası mükəmməl idi”.
Renduliç “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”sunu (Xorvatiya) keçmək şanslarını da dəyərləndirib:
“Osiyek”lə oyundan öncə Xorvatiya mətbuatına bildirmişdim ki, “Zirə” çox ciddi rəqibdir, onların keyfiyyəti var. “Zirə” mənim haqlı olduğumu göstərdi. “Qarabağ” haqda da demişəm ki, çox yaxşı komandadır, hücumda istedadlı oyunçuları var. Bu, həqiqətdir. Avropada son illərdə mükəmməl nəticələr göstəriblər. “Qarabağ”la oyunlar “Dinamo” üçün çox ağır olacaq. Bizi iki çox maraqlı matç gözləyir”.
“Səmimi desəm, heç Ştoqrini də gətirmək istəməzdim” – Qriqorçuk
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk da komandasının yeni mövsümdəki ilk məğlubiyyətinə şərh verib:
“Bu gün məğlub olduq. İstədiyimiz kimi oynamırıq. Hər şey neqativ görünür. 3 tur ərzində azarkeşlərimizə qələbə baxş edə bilməmişik.
Yeni futbolçuların gəlməsi sevindiricidir. Biz bunun üzərində çox iş görürük. Hələ transferlərimiz bitməyib, yeni oyunçular gələcək. Hər futbolçunun performansını mühakimə etmək üçün ən azı 5-6 tur lazımdır. Bəzi oyunçular obyektiv səbəbdən tam hazır deyillər. Son oyunlarını may ayında keçiriblər. Yavaş-yavaş komandaya uyğunlaşmağa cəhd göstərirlər. Sərgilədiyimiz oyundan narazıyam. Bundan daha yaxşı çıxış etməliyik”.
Qriqorçuk yeni transferlərin sırf onun seçimi əsasında komandaya cəlb edilib-edilmədiyinə dair suala da cavab verib:
“Mənə oyunçuların siyahısı verilir. Onlara baxıb seçimlər edirik. İstisna hal kimi Andrey Ştoqrini qeyd edərdim. Mənim əvvəlki komandamda çıxış edib. Sırf mənim təqdimatım əsasında “Neftçi”yə gəlib. Hər gələn futbolçu haqda klubun mətbuat xidmətinə verdiyim açıqlamanı indi də təsdiqləyirəm. Səmimi desəm, heç Ştoqrini də gətirmək istəməzdim. Amma artıq bu baş verib. Klubda bir sistem var, oyunçuları izləyirlər, təhlil edirlər. Məşqçi də bunun əsasında seçim edir. Sivil yoldur, buna da hörmətlə yanaşıram. Antonovu “Qəbələ”yə gətirəndə şayiələr yayılmışdı ki, mənim yaxın qohumumdur. Çalışdığım hər futbolçunu çox istəyirəm, hamısına hörmətlə yanaşıram. İstəyirəm onların yaddaşında yaxşı qalım”.
Ukraynalı mütəxəssis təcrübəli yarımmüdafiəçi Qara Qarayevin əvəzedici heyətə göndərilməsinə də münasibət bildirib:
“Qara həm yaxşı insandır, həm yaxşı futbolçudur. Uzun illər Azərbaycan millisinin şərəfini qoruyub, Azərbaycanın ən böyük klublarından birində çıxış edib. Onunla səmimi söhbət etmişəm, Qaraya dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm. Əvəzedici heyətdə olması klubla futbolçu arasında olan məsələdir. Mən bu haqda şərh verə bilmərəm”.