RU

“Vətəndaş cəmiyyəti uğrunda” koalisiyası seçkilərlə bağlı aralıq hesabatını təqdim edib

“Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyası növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabatı təqdim edib.

"Report"un məlumatına görə, hesabatda bildirilib ki, Seçki Müşahidə Koalisiya seçki marafonunda iştirak edən siyasi partiyalar, ayrı-ayrı namizədlər, habelə seçkilərin monitorinqini həyata keçirən beynəlxalq təşkilatların nümayəndələri, ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq, həmçinin müvafiq sorğular əsasında rəyləri, məlumatları toplayır.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Zaur İbrahimlinin təqdim etdiyi hesabatda bildirilib ki, Koalisiya ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox müşahidəçi ilə müşahidə aparacaq. Müşahidəçilər QHT üzvləri, fəalları və könüllüləridir.

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə işğaldan azad olunmuş ərazilərdə də müşahidə aparacaq. Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında, Şuşa şəhərində müşahidəçi kimi 30 illik işğaldan sonra öz yurdlarına daimi yaşamaq üçün qayıtmış QHT nümayəndələri cəlb olunub.

Hesabatda seçkilər ərəfəsində Azərbaycandakı ictimai-siyasi mühit tam sabit olduğu, seçki prosesi ilə əlaqədar kütləvi narazılıqlar, etiraz aksiyaları, təlatümlü proseslərin müşahidə edilmədiyi bildirilib.

Qeyd olunub ki, alternativ informasiya məkanı və mənbələrin formalaşması, ictimai məlumatlandırma imkanları genişlənib. Bütün bunlar isə ümumilikdə məlumatlandırma və maarifləndirmənin miqyasını daha da genişləndirib. İctimaiyyət bütün siyasi spektri əks etdirən məlumat mənbələrinə çıxışla müxtəlif nöqteyi-nəzər, mövqelərlə tanış olmaq imkanına malikdir.

MSK növbədənkənar seçkilərlə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, atıalacaq addımlar haqqında çevik məlumat yayıb və seçkilərlə əlaqədar məlumatlar MSK saytı vasitəsilə əlçatan olub.

Siyasi partiyalara, namizədlərini irəli sürən şəxslər və bütün maraqlı tərəflərə qanunvericiliklə qadağan edilməyən bütün növ fəaliyyətlərin həyata keçirilməsinə şərait yaradılıb. İcra hakimiyyəti strukturlarının, yerli özünüidarəetmə orqanları və seçki adminstrasiyasının qanun çərçivəsində fəaliyyət göstərdiyi və kənar müdaxilələrin olmadığı qeydə alınıb.

Hesabata əsasən, namizədlər qeydiyyat və imzaların toplanması mərhələsində ümumilikdə hər hansı bir süni əngəl və təzyiqlərlə üzləşmədiklərini bildiriblər. Bütün açıq mənbələrdən, namizədlərlə, QHT-lər-lə keçirilən görüşlərdən əldə olunmuş məlumatlar deməyə əsas verir ki, imzatoplama kampaniyası sakit məcrada, qanunvericiliyin tələblərinə əməl olunmaqla keçib. Seçki administrasiyası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının kampaniyaya müdaxiləsi, təzyiqlərlə bağlı hər hansı ciddi fakt qeydə alınmayıb.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib. Deputatlığa namizədliyi irəli sürülən 1 462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqləri verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb. Beləliklə, 145 nəfərin (12%) namizədliyi qeydə alınmayıb.

Namizədliyi qeydə alınmış 1052 nəfərin faiz nisbəti ilə yaş qruplara bölgüsü aşağıdakı kimi olmuşdur:

18-39 yaş: ~39,4%

40-59 yaş: ~43.0%

60 yaş və yuxarı: ~17,6%

Gender bölgüsünə əsasən namizədlərin faiz nisbəti ilə say bölgüsü aşağıdakı kimidir:

Qadın – 26.4%

Kişi – 73, 6%

Namizədliyi qeydə alınan 1052 nəfərdən 308-i nəfər 25 siyasi partiyanın nümayəndələridir. 25 siyasi partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.

QHT nümayəndələrinin seçki prosesində aktiv iştirakı müşahidə olunur. QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb. Namizədlərdən 30 nəfəri isə bələdiyyə üzvü və qulluqçularıdır.

Daha çox namizəd (13 nəfər) 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb. Dairələr üzrə ən az qeydə alınmış namizədlərin sayı isə 6 nəfərdir. Bu dairələr 1 saylı Şərur-Sədərək Seçki Dairəsi, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi, 48 saylı Abşeron Birinci Seçki Dairəsi, 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi və 76 saylı Lənkəran-Masallı Seçki Dairəsidir.

"ASAN xidmət" mərkəzlərində olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə edilib. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Siyahıda adları olmayan seçicilər seçki günü qeydiyyatda olduqları ərazidə yerləşən seçki məntəqəsinə şəxsiyyət vəsiqələrini təqdim etməklə əlavə seçici siyahısına adlarını yazdıra və səs verə bilərlər.

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası avqustun 9-dan etibarən başlanıb. Seçki məntəqələri kifayət qədər avadanlıqları, inventarı, lazım olan digər vasitələri ilə təmin olunub.

Hər bir seçki məntəqəsinin qarşısında təşviqat lövhəsi var. Orada namizədlər öz plakatlarını yerləşdiriblər. Lakin ilkin müşahidələr göstərir ki, bəzən namizədlər arasında qeyri-sağlam rəqabət aparılması, nəticədə təbliğat plakatlarının bəzi məntəqə ərazilərində posterlərin qəsdən yararsız vəziyyətə salınması ilə müşahidə olunur. Lakin bu kütləvi hal daşımır. Bəzi plakatlarda zəruri rekivizit məlumatlarının olmaması ilə əlaqədar məlumatlar da daxil olur.

2024-cü il avqustun 20-nə olan tarixə qədər təşviqat kampaniyası ilə əlaqədar keçirilən tədbir, görüşlərdə, həmçinin təşviqat materiallarının paylanmasında hər hansı müdaxilə haqqında heç bir fakt qeydə alınmayıb.

Təşviqat kampaniyası dövründə kütləvi aksiyalar və seçicilərlə görüşlər üçün kifayət qədər sayda yerlərin ayrılması (açıq havada yerlər və zallar) seçki marafonuna qoşulan siyasi qüvvələrin, namizədlərin sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etməsi sahəsində problemlərin müşahidə edilməyəcəyini söyləməyə imkan verir.

“Media haqqında” Qanunun “Media azadlığı” adlı 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyət azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Seçkilərin yerli və xarici müşahidəçilər tərəfindən izlənilməsi üçün geniş imkanlar yaradılıb. Sadə qeydiyyat prosedurları müşahidəçi kimi vətəndaşların seçkini izləməsinə əlverişli şərait yaradıb. 12 avqust 2024-cü il tarixə qədər, parlament seçkiləri ilə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib. 5831 müşahidəçi MSK-da, 44 868 nəfər DSK-da (Dairə Seçki Komissiyaları) qeydə alınıb. Gözlənilir ki, müşahidəçilərin sayı 90 min nəfərdən çox olacaq.

Monitorinq zamanı müşahidəçilərin qeydiyyatı ilə bağlı heç bir neqativ fakt aşakr edilməyib. Eyni zamanda məntəqələrin 20 faizi veb-kameralarla təchiz olunub. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə öz növbəsində seçkilərin yerli və xarici müşahidəçilərin ciddi nəzarəti altında keçməsi üçün zəruri mexanizmlər yaradır.

Hesabata əsasən, Koalisiyanın müahidələrinin ilkin nəticələri deməyə əsas verir ki, 1 sentyabr növbədənkənar parlament seçkilərinin azad, ədalətli və dünyada qəbul olunmuş demokratik standartalara uyğun keçməsi üçün zəruri hazırlıqlar görülüb, Seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərə ictimai nəzarətinin yüksək səviyyədə olması üçün zəruri addımlar atılıb. Eyni zamanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyət fikir plüralizmi, açıq debatlar, müzakirələr, polemikalar üçün geniş imkanlar açır.

Hesabatın yekununda bir sıra tövsiyələr də irəli sürülüb.

Избранный
10
7
report.az

7Источники