O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.
Bu gün dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasından 112 il ötür.
Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi tanınan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb. Uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.
Kiçik yaşlarından musiqi ilə məşğul olmasına baxmayaraq, hərbçi olmaq arzusunda idi. İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində almışdı. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirdi. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayıb. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının, Radio Komitəsinin orkestrində çalışmağa başladı. 1935-37-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq adını keçmiş SSRİ məkanında məşhur insanların siyahısına daxil edə bildi.
1937-ci ildə Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunan maestro 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin “Nərgiz” operasına dirijorluq edib. 1938-ci ildə Azərbaycan İncəsənətinin birinci Moskva dekadasından sonra Niyazi simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunub.
1948-ci ildən həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olan sənətkarın yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir, onun adını milli musiqi sənətində “qızıl mərhələ”nin simvolu kimi xatırlayırlar.
O, daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmadı. 30-cu illərin əvvəllərində ilk əsəri olan “Od içində” fortepiano poemasını, daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan “Zaqatala süitası”nı yazdı. Korifey sənətkar Azərbaycan mahnılarından “Kəklik”, “Qaragilə”, “Xumar oldum”, “Ay bəri bax” və digər simfonik orkestr üçün işləmiş, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota köçürüb.
Azərbaycan kinosu səsli filmlərə keçid aldığı dövrlərdə Niyazi bu sahəyə də öz töhfəsini verə bilib. O, bir sıra film və teatr tamaşaları üçün musiqi bəstələyib. Bunların arasında “Kəndlilər”, “Mənsur”, “Ceyhun və Ülkər” filmlərinin adını qeyd etmək olar. O, “Almaz” filminin musiqisini atası Zülfüqar Hacıbəyovla birgə işləyərək 40-cı illərdə Süleyman Rüstəmin “Təbrizim” şeirinə mahnı bəstələyib. Az sonra isə ilk dəfə “Xosrov və Şirin” operasını yazıb.
Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirməyə başladı. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanan maestro 1949-cu ildə ən məşhur əsərini — “Rast” simfonik muğamını nota aldı. İlk dəfə xarici ölkəyə 1951-ci ildə “Praqa baharı” festivalında iştirak etmək məqsədilə gedən Niyazi ömrünün sonunadək 23 ölkədə qastrol səfərində olub.
1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunan Niyazinin SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etməyi o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O, burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlamaqla yanaşı, P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanıb.
Həmin vaxt maestro Niyazi dünyanın məşhur kollektivlərindən biri olan Londonun Kral Teatrının orkestri ilə çıxış etməli olur. Niyazi bu orkestrlə çıxış edərkən, əlbəttə, öz ustalığına tam arxayın idi. Onu bu sənət səfərinə göndərənlər də bunu yaxşı bilirdi. Maestro Niyazinin ustalığına, musiqi duyumuna bələd idilər. London Kral orkestrinin ifaçılarının, deyirlər, qəribə bir xüsusiyyəti var. Onlar orkestrə gələn bütün dirijorları, necə deyərlər, “dişlərinə vururlar”, yoxlayırlar. Hansısa zarafatsevər musiqiçi bu dəfə maestro Niyazini yoxlamaq fikrinə düşür.
Maestro Niyazi orkestrlə məşq edəndə həmin ifaçı əsərin ifa tərzi ilə uyuşmayan yad notlar vurur. Niyazi o saat həmin uyarsızlığı duyur və orkestri saxlayır. Sakitcə həmin musiqiçiyə yanaşıb qulağına pıçıldayır: “Bəlkə…” Hər şey o ifaçıya aydın olur. Orkestrin qalan üzvləri Niyazinin musiqi duyumunu görüb özlərini yığışdırırlar.
Niyazi 1961-ci ilin ayağı sayalı günlərindən birində Londona səfər etmişdi. O zaman maestronun konsert proqramında Baxın, Bethovenin, Çaykovskinin və neçə-neçə dünya sənətkarlarının əsərləri vardı. Onun bütün konsertləri uğurla keçdi. London qəzetləri Niyazinin ustalığını, ifaçılığını dəfələrlə təriflədilər. Onun haqqında məqalələr yazdılar. Bir gecədə üslubca kəskin fərqlənən musiqi əsərlərinə dirijorluq edəndə də Niyazi ifaçılığına, ustalığına həmişə sadiq qaldı.
1965-ci ildə maestro Niyazi Türkiyə səfərinə gedib. O, həmin məmləkətin ən böyük konsert birliklərindən biri olan Prezident orkestri ilə çıxış etməli olub. Böyük sənətkar Çaykovskinin “Qaratoxmaq qadın” operasına dirijorluq edib. Sonra yenə də həmin orkestrlə dünya sənətkarlarının, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Türkiyənin mərkəzi qəzetləri bu böyük sənətkarın uğurlu sənət səfəri haqda geniş məqalələr dərc ediblər.
Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib.
Əmisi Üzeyir bəy körpəni ilk dəfə Zülfüqar bəyin qucağında görəndə, onun baxışlarından xoşlanır və deyir: “Bu uşaq lap knyaza oxşayır”. Bir müddət uşağı zarafatla “Knyaz” deyə çağırırlar, amma yaş kağızında Niyazi adını yazdırırlar. Di gəl, Üzeyir bəyin verdiyi “Knyaz” adı həyatı boyunca maestro Niyazi ilə birgə yaşadı. Yaxın dostları onu həmişə Knyaz deyə çağırırdılar.
1972-ci ildə “Ulduz” jurnalına verdiyi müsahibədə sənətə necə gəldiyindən belə anladır:
“Mən təsadüfdən dirijor olmuşam. Xüsusi dirijorluq təhsilim yoxdur. Bir əsər yazmışdım, dirijorluq edən olmadı, dedim, özüm olaram. Mən sənətindən zövq almayan, sənətini işgəncə sayan adamları bədbəxt hesab edirəm. Hər dəfə məşqə gedəndə, səliqə ilə geyinirəm. Bu uzun illərdir ki, belə davam edir. Əgər yolda məni görən olsa, elə başa düşər ki, ya toya, ya da məclisə gedirəm. Çünki sənətim mənim üçün xoşbəxtlikdi, bayramdır. Allaha inanan qatı dindar kilsəyə hansı inamla gedirsə, mən də pultun arxasına o cür inamla gedirəm. Əgər hiss eləsəm ki, bu inam getdikcə azalır və görsəm ki, artıq dirijorluq məni yormağa başlayır, onda hər şeyə əlvida deyərəm. Bəli, dirijorluq mənim əbədi xoşbəxtliyimdi. Ancaq o zamanlar pulta getdiyim yol elə bil, bir qədər uzanır. Bu da ki, görünür, yaşla bağlıdı”.
Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. Əslən Cənubi Azərbaycanlı tələbə Həcər xanımla da Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi Həcər xanımı burada görür və bir-birinə aşiq olurlar. Ailənin İrana geri dönmək fikri vardı, ona görə, Həcərlə Niyazinin yaxınlaşmasını əngəlləmək istəyirlər.
1932-ci ildə Həcərgilin ailəsi İrana köçür. Həcərin ailəsi onu Niyaziyə vermir. Gənclər 1933-cü ildə qaçıb gizlicə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nikahı 1940-cı ildə rəsmiləşir. Düz 51 il birgə ömür sürürlər.
Həcər xanım xatirələrində qeyd edir ki, gənclik illərində olduqca kasıb yaşayıblar. Hətta Niyazinin ayaqqabıları su buraxmasın deyə içinə qat-qat qəzet qoyurmuş. Niyazi soyuqlayır, səhhəti pisləşir və vərəm xəstəliyinə tutulur. Bəstəkarlar İttifaqının köməyi ilə onu Ukraynaya yollayırlar. Xəstə olan dövrlərdə o, Həcər xanımın ondan iyrənib iyrənmədiyini yoxlamaq üçün yemək yediyi qaşığı ona da uzadırmış. Həcər xanım isə bundan heç zaman boyun qaçırmır, eyni qaşıqda yemək yeyirmiş.
Təftiş komissiyasının isə 13 fevral 1937-ci il tarixli iclasında «Niyazinin şəxsiyyəti barədə» məsələ, hətta xüsusi müzakirə obyektinə çevrilir. 6 bənddən ibarət olan ittihamnamədə Niyazinin «xalq düşmənləri» — Əli Kərimov və Ruhulla Axundovla şəxsi dostluğu, Əli Kərimovun hazırladığı və İttifaqın «ziyanına» yönəldilmiş tədbirlərə Niyazinin dəstək verməsi, bu insanlarla dostluğun şəxsi mənafe naminə istifadə olunması və s. bu kimi fikirlər söylənir. Lakin Niyazi 1937-ci ildə repressiya olunanlar siyahısına düşmür. Onu o vaxt da, sonra da Bəstəkarlar İttifaqının ozamnkı sədri Üzeyir Hacıbəyov qoruyur.
Niyazi türk musiqiçiləri ilə yaxından əməkdaşlıq qurmuşdu. 1973-cü ildə Niyazi, Polad Bülbüloğlu və Fərəc Qarayevlə Türkiyədə səfərdə olublar. 1977-ci ildə Niyazi türk bəstəkarı A.Sayqının «Koroğlu» operasını tamaşaya qoymaq üçün yenidən Türkiyəyə səfər edir. Onun haqqında Türkiyədə deyilmiş məşhur bir deyim də var: “İstanbulu iki adam fəth eləyib: bir Sultan Fateh, bir də maestro Niyazi”.
Maestro ordakı günlərini belə xatırlayır: “Bir gün İstanbulda orkestrlə məşq edirdim. Bu əsnada solistlər içəri girdi ki, maestro, bizlə nə vaxt məşq edəcəksiniz? Dedim, sizinlə axırda məşq edəcəyəm. Gördüm, onlar tutuldular. Soruşdular, qüsurumuz nədir ki, belə qəzəbləndiniz? Dedim, qəzəblənmək niyə? Siznən axırda məşq edəcəyəm. Haçandan-haçana məlum oldu ki, türklərdə “axır” sözü yoxdur. Onlar “son” deyirlər. “Axır” sözü isə “axur” kimi başa düşülür. Xeyli gülüşdük. Belə hadisə heç jurnalistlərin gözündən yayınar? Elə səhəri türk qəzetləri yazdı ki, maestro Niyazi bizim solistləri axura göndərib”.
Niyazi qəlbən çox zərif adam olub. O, incidiyi adamlarla barışmırdı. Misal üçün, Maesrto, Qara Qarayev və Fikrət Əmirovla bir-biri dindirmirdilər. Onlar ölənəcən barışmadılar.
Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir və evdəki əşyaların hamısını satır. Maestronun həmişə barmağında gəzdirdiyi brilyant qaşlı üzüyü və Almaniyada ona hədiyyə olunan qızıl dirijor çubuğunu da oğurlayıb satır.
Niyazi 1984-cü il avqustun 2-də 71 yaşında ürək çatışmazlığından vəfat edir. Niyazi dünyasını dəyişəndən beş il sonra Ceyhun Niyazinin evinə gələrək Həcər xanımdan pul istəyir, ancaq istədiyini əldə edə bilmədiyi üçün Həcər xanımı boğaraq qətlə yetirir və qaçır. Bundan sonra o həbs olunur və elə həbsdə də dünyasını dəyişir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта