RU

Azərbaycan BRİCS-ə üzv olmaq istəyir. Niyə və o nədir?

Putinin Bakıya dövlət səfərindən sonra, Azərbaycan BRİCS adlanan təşkilata üzv olmaq istədiyini bəyan edib.

BRİCS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birliyidir və ABŞ-ın iqtisadi hegemon olduğu dünyada iqtisadi və siyasi gücə malik olmaq istəyir.

Hələ ki, BRİCS ölkələrinin Azərbaycanın üzvlüyünü qəbul edib-etməyəcəyi məlum deyil.

Azərbaycan hələ iyul ayında niyyətini açıqlayıb, rəsmi müraciət isə Putinin səfər etdiyi günlərdə açıqlanıb.

Brics nədir, hansı ölkələr var?

2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin Bric qrupunu yaradır. Dörd il sonra Cənubi Afrika da ona qoşulduqdan sonra, təşkilat Brics adlanmağa başlayır.

Bu ildən Misir, Ethiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata üzvlüyə dəvət olunub. Genişlənmiş qurumun yeni adı hələ elan olunmayıb, amma BRİCS+ ola biləcəyi ehtimalı böyükdür.

Qrup dünyanın inkişaf etməkdə olan ən mühüm ölkələrini bir araya gətirmək, Şimali Amerika və Qərbi Avropanın daha varlı dövlətlərinin siyasi və iqtisadi gücünə meydan oxumaq üçün yaradılıb.

BRİCS-ə rəhbərlik üzv ölkələr arasında rotasiya qaydasında dəyişir. Bu il rəhbərlik Rusiyadadır.

Azərbaycan niyə BRİCS-ə üzv olmaq istəyir?

Azərbaycan Xarici İşlər Nazirliyindən BBC-yə bu sualı şərh etməyiblər və proritetlər barədə danışmayıblar.

BRİCS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə əməkdaşlığın daha da genişləndirmək üçün platforma ola bilər.

Azərbaycan Rusiya ilə yaxın müttəfiqdir və hətta iki il əvvəl imzaladığı bəyannamə ilə qarşılıqlı öhdəlik götürüb ki, beynəlxalq məsələlərdə eyni və yaxın mövqe nümayiş etdirsinlər.

Çinin isə bölgədə strateji önəmi artır. Azərbaycan da iqtisadi və siyasi dəstək baxımdan Çinin imkanlarından imtina etməz. Elə bu quruma üzvlük arzusunu da Azərbaycan Çinlə birgə verdiyi, strateji əməkdaşlıq qurmaqla bağlı bəyannamədə səsləndirib.

Azərbaycan XİN rəsmisi Mahir Qasımov bir neçə ay əvvəl Bakıda BRICS-lə bağlı keçirilən bir tədbirdə quruma üzv dövlətlərin “böyük əmək bazarına və təbii resurslara” sahib olduğunu vurğulayıb.

“Bizim niyyətimiz BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir”, - Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib, yerli media yazıb.

“Azərbaycan özünə geosiyasi dəstək axtarır və güclü dövlətə sığınmaq istəyir. Amma Azərbaycan taleyini təkcə Rusiyaya bağlamaq istəmir, Çinlə Rusiya arasında balans yaratmağa çalışır- politoloq Ərəstun Oruclu deyir.

Bu üzvlük Azərbaycana nə verə bilər?

Zaur Məmmədova görə, BRICS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ona böyük ixrac imkanları qazandıra bilər, Sputnik Azərbaycan yazıb.

Məsələni yerli mediada təhlil edən bəzi şərhçilər hesab edirlər ki, bu üzvlük Azərbaycana həm də təhlükəsizlik qaranti verəcək.

Elxan Şahinoğlu BBC Azərbaycancaya deyir ki, Azərbaycan Orta Dəhlizin tərkib hissəsi olmaq və Çindən malların öz üzərindən Avropaya daşınacağına ümid edir.

BRİCS-ə üzvlük Azərbaycanı Qərbdən uzaqlaşdıracaqmı?

“Uzaqlaşdıracaq, amma məsələ burasındadır ki, Azərbaycan çoxdan Qərbdən uzaqlaşıb”, - politoloq Ərəstun Oruclu deyir.

Siyasi şərhçiyə görə, Rusiya və İranın təzyiqləri arasında qalan Azərbaycan nicat yolu kimi Çinə üz tutur, “amma Bakıda anlamırlar ki, Çinin xarici siyasəti üzdə göründüyü kimi yumşaq deyil”.

Elxan Şahinoğluya görə, BRİCS-ə üzvlüyü Azərbaycanı Qərbdən uzaqlaşdırmayacaq, çünki Bakı ABŞ-la, NATO ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycanın bu quruma üzvlük niyyəti bəlli olandan sonra sosial mediada şərh yazanların bəziləri Azərbaycanın hələ də Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamadığını, Avropa dəstəkli Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmadığını xatırladırlar.

Qulu Məmmədli adlı bir sosial media istifadəçisi yazır: “Qərb təşkilatları adamdan insan haqları, demokratiya, siyasi məhbus, quru sərhədlər, sərbəst toplaşmaq, ifadə azadlığı kimi zəhlətökən nələrinsə mübahisəsini aparırlar. Amma qadasın aldığım Rusiyanın, Çinin belə bir tələbləri yoxdur”.

Azərbaycan Qoşulmama hərəkatının üzvüdürsə, niyə belə istəyi var?

BRİCS hərbi təşkilat sayılmır. Buna görə də Qoşulmama hərəkatının üzvü olmasına rəğmən, belə bir təşkilatda üzvlük Azərbaycan üçün maneə sayılmır.

BRİCS -in hədəfi nədir?

Qurum geosiyasi məsələlərdən uzaq duraraq, əsasən iqtisadi əməkdaşlığa, çoxtərəfli ticarətə və inkişafa hədəfləndiyini bəyan edib.

Bəzi Qərb təhlilçiləri hesab edirlər ki, qurumda hər ölkənin həm də öz maraqları var. Çin çalışır ki, xüsusilə Afrikada öz gücünü və təsirini artırsın, - Dublindəki Trinity kollecinin professor Padraig Carmody hesab edir.

Rusiya BRİCS-i Qərbə qarşı mübarizəsinin bir hissəsi, Ukraynaya müharibəsindən sonra ona qoyulan sanksiyaların öhdəsindən gəlməyə kömək edən vasitə kimi görür, - Londonda mənzillənən Chatham House analitik mərkəzdən Creon Butler deyib.

Çin Prezidenti Xi Jinping ötən il Cənubi Afrikada keçirilən sammitdə bildirib ki, BRİCS-in böyüməsi dünyanı sülh və inkişaf üçün daha da gücləndirəcək.

BRİCS üzvlüyü üçün hansı kriteriyalara uyğunluq tələb olunur?

Yeni üzvdən BRİCS-in rəhbər prinsipləri ilə uyğunlaşmaq, üzv ölkələrlə diplomatik və dostluq münasibətlərinə sahib olmaq, təşkilatın güclənməsinə töhfə vermək olunur.

Bundan başqa, yeni üzvün regional və strateji qlobal təsirə sahib inkişaf etməkdə olan ölkə olması şərtlər sırasındadır.

Üzvlük proseduruna gəlincə, müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİCS üzvü dövlət” satusuna keçir və nəhayət sonuncu, dördüncü mərhələdə BRİCS üzvü olan dövlət olur.

Təşkilata üzv olmaq qərarı konsensus yolu ilə qəbul edilir.

BRİCS-ə necə üzv olmaq olar?

Üzv olmaq istəyən dövlət BRİCS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİKS üzvü dövlət” satusuna keçir və nəhayət 4-cü mərhələdə BRİKS üzvü olan dövlət olur.

Rəhbər ölkə BRİCS aparıcı prinsipləri və standartlarını müraciətçi ölkə ilə paylaşır.

Bundan sonra qurumun Sherpas adlanan qrupu (təşkilatlara üzv ölkələr arasında kommunikasiyanı həyata keçirir) hesab edərsə ki, “maraqlı” ölkə BRİCS-in əsas prinsip və kriteriyalarına uyğundursa, onun üzvlüyü ilə bağlı tövsiyəni nəzərdən keçirmək üçün təşkilatın üzv ölkələrin xarici işlər nazirlərinə göndərir.

Bu zaman müraciətçi ölkə “maraqlı” statusunu “perspektivli üzv dövlət”-ə dəyişir.

Xİ nazirləri “perspektivli üzv dövlət”i BRİCS liderlərinə tövsiyə edir.

BRİCS liderlərinin konsensus yolu ilə verdikləri qərar müsbət olarsa, “perspektivli üzv dövlət” təşkilatın üzvlüyünə “dəvət olunmuş dövlət” statusunu alır. Həmin ölkənin xarici işlər naziri və ya lideri bu qərarı əldə etdikləri vaxtdan üzv dövlət sayılır.

Избранный
148
bbc.com

1Источники