RU

Əliyevin Zelenskiyə təbrik məktubu və hakimiyyətyönlü mediada Ukraynaya ittihamlar

Yayımlandı: 24 Avqust 2024 16:31 Ukrayna və Rusiyanın ərazi bütövlüyü ilə bağlı ziddiyyətli bəyanatlar Azərbaycan Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ukraynanın milli bayramı – Müstəqillik Günü ilə bağlı təbrik məktubu göndərib. Bu barədə “http://president.az” məlumat yayıb. “Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Tarixən bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bugünkü səviyyəsi, bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur”, – deyə Əliyev məktubunda qeyd edib. O bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: “Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik. Bu yaxınlarda Birləşmiş Krallıqda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-Ukrayna dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”. “Bu, Azərbaycanı bir qədər mürəkkəb situasiyaya salır” Avqustun 18 və 19-da Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuat konfransında çıxış edən Əliyev oxşar bəyanatla çıxış etmişdi. O, Azərbaycanla Rusiya arasında “Müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında” Bəyannaməyə əsaslanaraq qonşu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdi. Hazırda Ukrayna ilə müharibə şəraitində olan və onun ərazilərini işğal edən Rusiya ilə bağlı belə bir açıqlama ziddiyyətli idi. Əliyevin bu çıxışını şərh edən siyasi şərhçi Rauf Mirqədirov isə Meydan TV-yə belə demişdi: “Rusiya və Azərbaycanın bir-birinin ərazi bütövlüyü tanıması bəyanatı da problematikdir və prezidentlərin birgə bəyanatında problemli məqamlar yer alıb. Sual yaranır: Azərbaycan Rusiyanın ərazi bütövlüyünü hansı çərçivədə tanıyır? Əgər Ukraynanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlərlə tanıyırsa, bu halda Rusiyanın Konstitusiyasında göstərilən sərhədləri tanımır. Çünki Rusiyanın ərazi bütövlüyü Krımı, Donetski, Luqanskı da əhatə edir. Bu, Azərbaycanı bir qədər mürəkkəb situasiyaya salır. Yaxud birgə bəyanatda 9 noyabr bəyanatına istinad var, yəni Rusiya Ermənistan-Azərbaycan münasibətlərindəki prosesi həmin məcraya yönəltmək istəyir. Məlum Üçtərəfli bəyanat da Rusiyanın moderatorluğu deməkdir və bununla özünün manevr imkanlarını saxlamaq istəyir”. Bu arada hakimiyyətə yaxınlığı ilə tanınan və Əliyevlərin əsas ruporu sayılan REAL TV-də də Zelenski və Ukrayna ilə bağlı ittihamlar səsləndirilib. Maraqlıdır ki, bu ittihamlar İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskiyə məktub göndərməsi ilə eyni günə təsadüf edir və münasibətlərin heç də normal olmadığından xəbər verir. Rusiya ilə Ukrayna arasında nə baş verir? 2022-ci il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb. 2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb. Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. 2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib. 2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb. Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib. Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib. Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
95
50
xural.com

10Источники