RU

Sələmçi də risk edir, sələm götürən də...

Bugünlərdə Zaqatalada qətl hadisəsi baş verib. Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb. Mətbuatda gedən məlumata görə, qətl 2 000 manata görə törədilib. Tariyel Əhmədov Həsən Davudovdan sələmə götürdüyü pulun bir hissəsini qaytarsa da, sonda qalan 2000 manatı verməyib. Nəticədə sələmçilik daha bir nəfərin həyatına son qoydu. Çünki bu, bu bizim ilk qarşılaşdığımız hadisə deyil. Tez-tez “Sələmçi öldürüldü” tipli xəbərlər oxuyuruq. Üstəlik, sələmçilik qanunla qadağandır. Bununla belə, sələmçiliklə məşğul olan və onlardan pul götürən şəxslər var. Bu qədər neqativ hallar olduğu və qanunla qadağan edildiyi halda, niyə sələmçilik hələ də var?

İqtisadçı Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirdi ki, qısa müddətdə daha çox gəlir əldə etmək üçün həmin şəxslər pullarını banka qoymağı yox, sələm şəklində verməyi üstün tuturlar: “Həmin şəxslər düşünürlər ki, pullarını banka qoyaraq illik 10 % əldə etməkdənsə, sələmə verib 100 % qazanaram. Dövlətin qoyduğu qanunlardan kənara çıxırlar. Əgər onların bu fəaliyyəti aşkarlanarsa, əldə etdikləri qazanc müsadirə oluna və məsuliyyətə cəlb oluna bilərlər”.

X.Kərimli deyir ki, sələmçiyə üz tutanların böyük qismi banklardan, kredit təşkilatlarından pul götürə bilməyən, vacib pul lazım olan insanlardır: “Sələm götürən şəxs başqa yerdən pul götürə bilmədiyi üçün sələmçidən almağa çalışır. Əgər bank o şəxsə kredit versə, ilk olaraq həmin şəxs banka üz tutar. Sələmçi də bunu bildiyi üçün pulun üstünə daha yüksək faiz qoyur. Hər ikisi burda riskə gedir və hər ikisi də bunun fərqində olur. Pul götürən insanların da əsas riski odur ki, onlar yüksək faiz öhdəliyinin altına girirlər. Daha sonra bu pulun faizləri çox olduğu üçün geri qaytara bilmirlər və daimi olaraq borc içində qalırlar. Sələmçi tərəfdən yanaşsaq, bank kredit vermirsə, deməli, o pulun qaytarılması ilə bağlı risk var. Sələmçidən pul götürüb geri qaytarmayanlar da həddindən artıq çoxdur”.

Klinik psixoloq Rövşən Nəcəfov isə deyir ki, sələm götürmək asan, amma ödəmək çətindir. Problem yaradan da budur: “Bankdan kredit götürmək müəyyən prosedur tələb edir. Təxirəsalınmaz situasiyalarda insanlar zaman aparacaq hallarla məşğul olmaq istəmirlər. İnsanlar hər zaman daha rahat və asan üsula əl atırlar. Problemi an etibarilə həll etmək niyyəti yaxın gələcəkdə daha böyük problem yaratmış olur. Asan olduğu üçün götürür, işini həll etdiyi üçün o an faizini fikirləşmir. Geri qaytarması tələb ediləndə, fərqində olur ki, hansı yükün altına girib”.

Psixoloq əlavə edib ki, böyük maddi yükün altına girən şəxs sonra o pulu qaytara bilmir. Qarşı tərəf də pulunu istəyir, davamlı olaraq pulu qaytarmaqla bağlı danışıqlar olur. Bu da borc alan şəxsi stressə salır: “Stress halında olan şəxs heç vaxt doğru qərar verə bilməz. Davamlı gərginlik şəxsdə müvəqqəti psixoz halı formalaşdırır. Psixoz hal insanı şiddətə təhrik edir. Bütün hallarda sağlam düşüncə meyar olmalıdır, əksi odur ki qətl törətmək riski yüksək olacaq. Bu səbəbdən, insanlarda hüquqi düşüncə formalaşmalıdır. Proses və prosedurların hüquqi formada qiymətləndirilməsi mentallığı daha sağlam inkişaf etdirir”.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
valyuta.az

1Источники