Keçmiş nəqliyyat naziri Ziya Məmmədovu həmkəndlilərinin pay torpağını ələ keçirməkdə ittiham edirlər. Ziya Məmmədova qarşı belə bir ittiham onun həmkəndlisi, Ucar rayonunun Qazıqumlaq kənd sakini Sabir Şaiq oğlu Məlikəliyevin Reyting.az-a göndərdiyi şikayət məktubunda yer alıb.
NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki,Sabir Məlikəliyev iddia edir ki, Ziya Məmmədov ona məxsus torpaq sahəsinin anasının adına sənədləşdirilib, saxtakarlıqla ələ keçirilməsinə nail olub.
Şikayətçi daha sonra yazır: “Ucar Rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə bizim ailəyə – atam, Məlikəliyev Şaiq Sabir oğluna, anam, Məlikəliyeva Nailə Sırac qızına, bacım, Məlikəliyeva Aygün Şaiq qızına və mənə Ucar rayonunun Qazıqumlaq kəndində 1.11 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib. Amma Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kəndi üzrə nümayəndəsi Məmmədov Mehman Rakim oğlu vəzifəsindən sui-istifadə edərək mənə və ailəmə məxsus 1.11 ha torpaq sahəsini Ziya Məmmədovun anası Mehdiyeva Şirinnaz Məhəmməd qızına saxta sənədlərlə satıb. Həmin torpaq sahəsi mənim olsa da, heç bir məlumatım və iştirakım olmadan belə bir qanunsuzluğa imza atıblar”.
Şikayətçi qeyd edib ki, Ziya Məmmədov da əslən Qazıqumlaq kəndindəndir. Onun və qardaşlarının Qazıqumlaq kəndində hektarlarla torpaq sahələri və möhtəşəm villaları var.
S. Məlikəliyevin iddiasına görə, M. Məmmədovu Qazıqumlaq kənd icra nümayəndəsi vəzifəsinə Z. Məmmədov təyin etdirib: “Ziya Məmmədovun tapşırığı əsasında bizim ailə – valideyinlərim və bacım 19.02.2013-cü il tarixli 189328 saylı etibarnamə ilə razılıq veriblər ki, ailəmizə məxsus bütün əmlakın – harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq – idarə olunması və onun üzərində sərəncam verilməsi Qazıqumlaq kənd icra nümayəndəsi Məmmədov Mehman Rakim oğluna 10 il müddətində etibar edilib. Hansı ki, buna heç bir əsas olmayıb, çünki Mehman Məmmədov bizim nə qonşumuz, nə qohumumuz, nə də tanışımız deyil. Belə olan təqdirdə nə üçün mənim savadsız valideyinlərim və bacım evimizin, torpaq sahəmizin və digər əmlaklarımızın idarə edilməsini 10 illik etibarnamə ilə ona həvalə etməliyik? Bütün bu saxtakarlıqları Ziya Məmmədovun tapşrığı ilə Mehman Məmmədov və Ucar rayon notariat kontorunun rəisi edib.
Həmin 1, 11 ha əkin sahəsinin Şirinnaz Mehdiyevaya satılması üçün mənim də razılığım və iştirakım olmalı idi. Ancaq mənim iştirakım və razılığım olmadan həmin 1.11 ha torpaq sahəsinin satılmasını Ucar rayon notariat kontoru qanunsuz olaraq həyata keçirib”.
Şikayətçi yazır ki, əgər ona məxsus sahənin satılması üçün M. Məmmədova etibarnamə verməyibsə və alqı-satqıda iştirak etməyibsə, notariat kontoru alqı-satqı müqaviləsini hansı əsasla təsdiq edib?
S. Məlikəliyev qeyd edib ki, alqı-satqı müqaviləsi imzalanan tarixdə Rusiya Federasiyasında olub və ona məxsus satılmasını bu yaxınlarda bilib.
Şitayətçi sonda yazıb ki, Z. Məmmədovun bu və ya digər əməllərindən Ucar rayon sakinləri çox əziyyət çəkir:
“Ziya Məmmədovun tapşırığı ilə Ucar rayonunda çoxlu sayda əmlaklar sahiblərinin xəbəri olmadan ələ keçirilib. Buna görə də mən, mətbuat vasitəsi ilə Azərbaycan prezidenti İlham Əliyevə, baş prokuror Kamran Əliyevə, ədliyyə naziri Fərid Əhmədovdan xahiş edirəm ki, mənim iştirakım və məlumatım olmadan torpağımı Şirinnaz Mehdiyevanın adına sənədlərşdirən Ziya Məmmədovun, icra nümayəndəsi Mehman Məmmədovun və notariat kontorunun əməkdaşı barəsində qanunu və ciddi tədbirlər görülsün”./yenisabah.az