Çoxlu sayda zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur.
Bu barədə News24.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
"Sərnişinlərin çoxluğu "Azərbaycan Hava Yolları" aviaşirkətinin üzərinə ciddi əlavə yük yaradıb. Lakin buna və sıx yay uçuş cədvəlinə baxmayaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvandan Bakıya sərnişinlərin daşınması üçün bütün lazımi tədbirləri görür.
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta çatdırılması üçün dünən üç əlavə reys həyata keçirib. Bu günə isə dörd əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək. 600-dən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib.
Hazırda Naxçıvan Beynəlxalq Hava limanında uçuşunu gözləyən sərnişinlər bütün lazımi vasitələrlə təmin olunurlar.
Məlumat üçün bildirək ki, yay aylarında Bakı-Naxçıvan-Bakı marşrutunda yüksək tələbat qeydə alınır. Bu tələbatı qarşılamaq məqsədilə AZAL gün ərzində Naxçıvan istiqamətində 10-15 reys həyata keçirir" - qurumdan bildirilib.