RU

Təşəbbüs qaldırmadılar: Bu abituriyentləri oxumağa qoymadılar

Xəbər verdiyimiz kimi, bu il yüksək nəticə göstərən iki abituriyent müsabiqədən kənarda qalıb. Onlardan biri Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini, digəri isə Bakı Ali neft Məktəbindən yalnız bir ixtisas seçib. Həmin abituriyentlərin kənarda qalması cəmiyyət tərəfindən də birmənalı qarşılanmayıb. İnsanların bir qismi bunu abituriyentlərin öz səhvi olduğunu desə də, bir çoxu da 600-dən yüksək bal toplayan abituriyentlərin təhsildən kənar qalmasına etiraz edib. Onların istədikləri ixtisas üzrə oxuması üçün əlavə bir yerin ayrılmasının vacib olduğunu bildiriblər.Mediaxeberleri.Az saytı olaraq, biz də həmin gənclərin istədikləri sahədən kənarda qalmaması üçün xeyli səy göstərdik. Bunun üçün hara və kimə müraciət etməyimizin doğru ola biləcəyini araşdırdıq. Təhsil ekspertlərinin fikirlərini öyrəndik.Saytımıza açıqlama verən təhsil eksperti Etibar Əliyev bildirdi ki, tələbə qəbulu planını Nazirlər Kabineti təşkil edir və təsdiqləyir.“Ancaq burada bir mühüm məqam var: yüksək nəticə göstərən 2-3 abituriyent müsabiqədən kənarda qalıbsa, Elm və Təhsil Nazirliyi mütləq Nazirlər Kabinetinə müraciət edərək, iki əlavə yerin ayrılması ilə məsələni həll edə bilər. Ona görə də, Elm və Təhsil Nazirliyi bu məsələni birmənalı şəkildə qaldırmalıdır. Əgər qaldıra bilsə, mən düşünürəm ki, Nazirlər Kabineti də həmin məsələnin müsbət həll olunması üçün humanizmə söykənən vacib bir addım ata bilər”.Ekspertin bu sözündən, sonra ilk olaraq Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva ilə əlaqə saxladıq.K. Quliyeva bildirdi ki, qəbul imtahanlarını və ixtisas seçimini Dövlət İmtahan Mərkəzi aparır: “Ali təhsil müəssisələrinin bu prosesə qarışmaq səlahiyyəti yoxdur”.Baki Ali neft Məktəbinin mətbuat katibi Aqşin Kamal isə bildirdi ki, bizdə keçid balları çox yüksəkdir, abituriyent seçim edərkən gərək bunları nəzərə alardı. Onlar üçün əlavə yer ayırmaq çətin məsələdir.Universitetlərdən ümidimizi üzüb, Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin aparıcı məsləhətçisi Fərizə Əhmədovaya üz tutduq.F. Əhmədova "suallarınızı DİM-ə ünvanlasanız daha doğru olar, çünki bu, onların keçirdiyi müsabiqənin nəticəsidir"- deyə cavab verdi.Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov isə bildirdi ki, DİM-in belə bir səlahiyyəti yoxdur.“Bilirsiniz ki, ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını Nazirlər Kabineti təsdiq edir. Bu qaydalara əsasən, tələbə qəbulu müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Abituriyentlər müsabiqədə iki mərhələdə keçirilən imtahanda əldə etdikləri nəticələrə (bala) əsasən iştirak edirlər.Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını özləri seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizəsi formasına daxil edir və təsdiqləyirlər. Abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir.Bəzən olur ki, yüksək bal toplayan abituriyentlər yalnız bir ali təhsil müəssisəsini və ya ixtisası, bəzən yalnız dövlət sifarişli yerləri seçirlər. Bu, abituriyentlərin tam haqqıdır və kimsə onları seçimlərinə görə günahlandıra bilməz. Onların konkret istəkləri olur. Siz elektron ərizənizdə bir, beş və ya on beş ixtisasın kodunu yazmaqda sərbəstsiniz. Təbii ki, abituriyentlər istəmədikləri ixtisasları ərizələrində yazmamalıdırlar. Biz bunu həmişə səsləndiririk və abituriyentlərə yalnız istədikləri ixtisasları ərizələrində göstərməyi tövsiyə edirik.Abituriyentlər müsabiqə vəziyyətinin reallıqlarını da nəzərə almalıdırlar. Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisas seçimindən öncə abituriyentlərə kömək etmək məqsədilə lazımi statistik məlumatlar təqdim olunur. Hər kəs plan yerləri, öz fərdi imtahan göstəricilərinin abituriyentlərin ümumi imtahan nəticələri sıralamasında yeri və əvvəlki illərdə formalaşmış keçid ballarını müqayisə edib müəyyən nəticə çıxara bilər.Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən hər bir ixtisas üzrə təsdiq olunan bəlli sayda plan yerləri var. Siz müəyyən bir bal toplayıb yazdığınız ixtisasa qəbul olmamısınızsa, bu o deməkdir ki, sizdən daha yuxarı bal toplayan şəxslər ora qəbul olunublar.Sizdən yuxarı bal toplayan və hər hansı bir ixtisasa qəbul olunan şəxsi müsabiqədən kənarlaşdırmaq və daha aşağı bal toplayanı sırf oranı istəyir deyə həmin ixtisasa yerləşdirmək və ya mövcud qəbul planından əlavə yerləşdirmə aparmaq digər müsabiqə iştirakçılarının hüquqlarının pozulması deməkdir. Plan yerlərinin sayının müəyyən olunması - artırılması və s. məsələlər də DİM-in səlahiyyətlərinə aid deyil.Hər kəs müsabiqənin mahiyyətini dərk etməlidir. Burada məqsəd sizin topladığınız bala və mövcud plan yerlərinə uyğun ən bilikli abituriyentləri seçmək və yerləşdirməkdir. Əgər bir ixtisas üçün 10 plan yeri ayrılıbsa və ora 50 iddiaçı varsa, deməli bizim yalnız ən yüksək bal toplayan 10 nəfəri seçmək imkanımız var”.Bütün qurumlar "bizim bu səlahiyyətimiz yoxdur" deyərək, Nazirlər Kabineti qarşısında təşəbbüs qaldırmaq istəmədi, məsuliyyəti üzərindən atdı. Beləliklə, iki savadlı gənc təhsildən kənarda qaldı.

Избранный
12
mediaxeberleri.az

1Источники