Sentyabrın 7-də yola salınan növbəti köç karvanı Şuşaya çatıb.
APA xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 27 nəfərdən ibarət 91 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 204 ailə (763 nəfər) mənzillə təmin edilib.
***
08:03
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
APA xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 91 nəfər olmaqla 27 ailə köçürülüb.
Onlardan 18 ailə (60 nəfər) Bakı şəhərindən, 4 ailə (10 nəfər) Bərdə rayonundan, 2 ailə (8 nəfər) Sumqayıt şəhərindən, 2 ailə (7 nəfər) Tərtər rayonundan, 1 ailə (6 nəfər) Abşeron rayonundan keç edib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.