RU

AZTV rəhbərindən daha bir QALMAQALLI OLAY

Haqqın.az saytında dərc olunan "Azərbaycan televiziyası ailə zorakılığını təbliğ edir" başlıqlı yazı AzTV ilə saytın rəhbərliyi arasında gərginlik yaradıb.


News365.az-ın bakupost-a istinadən məlumatına görə, sözügedən yazıda qeyd olunur ki, Azərbycanda "Məişət zorakılığı haqqında" qanun sərtləşdirilsə də, əvvəllər olduğu kimi, yenə də ailə münaqişələri zəminində qadın və qızların ağır bədən xəsarətləri alması və qətlə yetirilməsi halları çoxdur.

Yazıda son 1 ayda qətlə yetirilən qadın və qızların adlı siyahısı dərc olunub. Qeyd edilib ki, Azərbaycanda hər il məişət zorakılığı nəticəsində 1300-dən 1500-ə qədər cinayət törədilir.

Daha sonra materialda bildirilir ki, Milli Məclisdə problemin müzakirəsi zamanı deputatlar məişət zorakılığını şərtləndirən amillər sırasında KİV və televiziya seriallarının rolunu qeyd ediblər:


"Həqiqətən də, demək olar ki, bütün Azərbaycan “sabun operaları”nda ailədə qadınlara qarşı fiziki və ya psixoloji zorakılıq göstərilir ki, bu da “namus məsələsi” kimi tamamilə məqbul bir hərəkət kimi təqdim olunur.
Yerli serialların standart ssenarilərindən biri belədir: firavan ailədə ata oğlunun arvadının nalayiq davranışından şübhələnməyə başlayır və şübhələrini həyat yoldaşı ilə bölüşür, ana bunu qızına deyir, qız isə məsələni qardaşı ilə müzakirə edir. Bundan sonra ər bunu yaxın dostu ilə müzakirə edir, onu aldatdığına görə arvadını necə cəzalandırmaq lazım olduğunu soruşur. Dostu da ona xəyanətkar arvadından amansız qisas almağı məsləhət görür, çünki ailənin namusu təhlükədədir.

Sonra isə vəziyyət tərsinə çevrilir: qısqanclıqdan dəli olan ər atasının şübhələrini arvadına deyir və ondan bir şillə alır. Sonra ər bacısının yanına gedir və əsassız şübhələrinə görə onu şillə ilə mükafatlandırır. Daha sonra bacı öz anası ilə mübahisə edir, ana da öz növbəsində qızın "dərsini verir".

Bütün bunlar onlarla seriya boyunca uzanır. Hər bir seriyada sonsuz qalmaqallar, qışqırıqlar və hıçqırıqlar. Buradan yalnız bir nəticə çıxarmaq olar: Azərbaycan televiziyasında yayımlanan seriallar "zorakılıq mədəniyyəti"nin yaradılmasına yönəlib".

Daha sonra haqqın.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini təqdim edib. Onlardan psixoloq Pərvin Süleymanova müasir televiziya şouları, filmlər və seriallarda çox vaxt zorakılıq səhnələrinin olduğunu vurğulayıb:

"Bu səhnələrtamaşaçılar tərəfindən tamamilə məqbul və hətta adi hal kimi qəbul edilə bilər. Bu cür seriallar və filmlər aqressiyanın ailə münaqişələrini həll etmək üçün normal bir yol olduğu hissini yaradır. Sonra gender stereotiplərinin formalaşması prosesi gəlir. Televiziya ənənəvi gender rollarını fəal şəkildə yayımlayır, burada kişiləri çox vaxt “dominant”, qadınları isə “itaətkar” kimi təqdim edirlər. Bu, kişi üstünlüyü ideyalarını davam etdirir və buna görə də tez-tez münasibətlərdə güc tətbiqinə haqq qazandırır. Nəticədə izləyicilər məişət zorakılığını sosial cəhətdən məqbul davranış kimi qəbul edirlər".

Onu da qeyd edək ki, yazıda konkret olaraq Azərbaycan Dövlət Televiziyasının adı çəkilməsə də, materialda əsas şəkil kimi AzTV-nın loqosu, yazının içində isə onun yayımladığı serialların fotoları dərc olunub.




AzTV-nin məsələyə reaksiyasi gecikməyib. Dövlət telekanalı öz sosial şəbəkə hesabında "Haqqın.az-ın haqsızlığı" başlıqlı yazı dərc edib. Həmin yazını olduğu kimi təqdim edirik:

"Düzü, ölkədə 5-10 normal sayt varsa, onun da birinin haqqın az olduğunu düşünürdük. Lakin görünür bu saytın da ya reytinqini artırmaq, ya da qazanc əldə etmək hərisliyindən artıq "peşəkar reketçilik" yolunu tutmasınının şahidiyik. Haqqın az-ın zaman-zaman AzTV ilə bağlı sifariş qoxulu yazılarını oxumuşuq, lakin bu dəfəki yazı əndazəni aşdı. Yəni bu qədər də yox artıq...

Deməli, sayt dünən AzTV-nin loqosu altında "Azərbaycan televiziyası ailə zorakılığını təbliğ edir" adlı yazı hazırlayıb. Yazıda haqqın az əməkdaşları hər nə qədər çalışsalar da, AzTV-nin hansı zorakılığı nə zaman və harada təbliğ etməsini nəinki əsaslandıra bilməyib, əksinə özlərini gülünc duruma salıblar. Niyə?
1. Əvvəla, haqqın az əməkdaşlarının nəzərinə çatdıraq ki, AzTV ölkədə ailə-məişət, tərbiyə və milli dəyərləri təbliğ edən əsas kanaldır və bu yöndə yalnız son 1 il ərzində onlarla videoçarx, sənədli və bədii filmlər hazırlanıb. Nümunə kimi şəklini verdiyiniz "Sevginin ünvanı" serialının əsas motivi də erkən nikah, narkomaniya ilə mübarizə və ailə dəyərlərinin təbliğidir. Haqqın az əməkdaşlarına məsləhət görərdik ki, yazı hazırlamazdan öncə həmin seriala diqqətlə baxsınlar.

2. ⁠"Analitik yazı"da faktiki əksər kanallarda yayımlanan seriallardan şəkillər verilsə də, nədənsə, başlığa yalnız AzTV-nin loqosu çıxarılır. Haqqın az əməkdaşlarına məlumat üçün deyək ki, AzTV-nin də daxil olduğu QSC özlüyündə yalnız 3 kanalı - AzTV, Mədəniyyət TV və İdman TV-ni birləşdirir. Sayt əməkdaşları ya bunu bilməyəcək dərəcədə cahildir, ya da görünür sifarişçinin tələbindən çıxa bilməyiblər. Əks halda, heç olmasa obyektivlik naminə başlıqda digər kanalların da loqolarını verərdilər.

3. ⁠Jurnalistikada hər hansı qurumun adı çəkilirsə, yaxud tənqid olunursa, ən azı peşə etikası həmin qurumla əlaqə saxlamağı, qarşı tərəfin də fikrini öyrənməyi tələb edir. Təbii ki, obyektiv yanaşma varsa... Yox, əgər yazı qərəz və sifariş əsasında hazırlanırsa, qarşı tərəfdən mövqe öyrənməmək də olar. Haqqın az-ın metodu kimi...

Və sonda... Əziz həmkarlar, əgər bütün bunları sifariş yox, reytinq naminə edirsinizsə ki, AzTV-nin loqosunu görüb yazını daha çox oxusunlar, gecikmisiniz. Çünki, artıq nə AzTV o AzTV-dir, nə də oxucu o oxucudur. Biz dəyişmişik. Siz də dəyişin. Adınız haqqın-dırsa, yazdığınız da haqqına olsun. Hərçənd"...

Избранный
11
18
news365.az

10Источники