Ermənistan baş nazirin müavini Mqer Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistan missiyasının direktoru Con Alelo iki ölkə arasında inkişaf əməkdaşlığına dair qrant sazişinə düzəlişi imzalayıb.
Turkustan.az xəbər verir ki, yeni saziş çərçivəsində nəzərdə tutulan məbləğin həddi iki dəfədən çox artırılaraq, 120 milyon dollardan 250 milyon dollara çatdırılır, həmçinin birgə layihələrin sahələri genişləndirilir.
Ermənistan hökumətinin iddiasına görə, genişləndirilmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
Qriqoryan Ermənistanın islahatlarla bağlı gündəliyinin həyata keçirilməsini dəstəklədiyinə görə ABŞ-a təşəkkürünü bildirib.
“Bu dəyişiklik bizim Ermənistanla tərəfdaşlığımıza sadiqliyimizi nümayiş etdirir. Biz dəstəyimizi artırmaqla və proqramlarımızı genişləndirməklə Ermənistanın böyüməsinə və uğur qazanmasına kömək edirik. Bizim ümumi məqsədlərimizə çatmaqda Ermənistan hökuməti və nazirlikləri ilə işimiz həlledici rol oynayır”, - Con Alelo vurğulayıb. (teleqraf.com)