“Trampın yenidən hakimiyyətə gəlişi isə çox güman ki, digər ölkələrin də iqlimlə bağlı fəaliyyəti dayandıracaq”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-də keçiriləcək prezident seçkilərində namizəd Donald Trampın qalib olmasının dünya iqliminə təsiri ilə bağlı fikirlərini səsləndirən Potsdam İqlimə Təsirin Tədqiqi İnstitutunun direktoru Johan Rockström deyib.
Onun sözlərinə görə, Trampın yenidən hakimiyyətə gəlişi iqlim dəyişikliyinin qarşısını almaq üçün lazım olan təmiz enerji sistemlərinə keçidin sürətini yavaşladacaq.
“O, 2016-cı ildə seçildikdən sonra ABŞ-ı iqlim dəyişikliyi ilə bağlı Paris sazişindən çıxarıb. Yenidən hakimiyyətə gəlişi isə çox güman ki, digər ölkələrin də iqlimlə bağlı fəaliyyəti dayandıracaq. Biz 2030-cu ildə bugünkü kimi emissiya qazları ilə ekologiyanı çirkləndirə bilmərik. Çünki qlobal karbon dərəcəsini 1.5 selsidə saxlamaq şansı növbəti beş il ərzində tükənəcək.
Paris Sazişinə əsasən, 200-ə yaxın ölkə qlobal temperaturun uzunmüddətli sabitliyini yəni 2C, yaxud ideal olaraq 1,5C-də saxlamağı öhdəsinə götürüb. Lakin artıq xəbərdarlıq olunur ki, 1.5C həddi ölkələrin istixana qazı emissiyalarını azalda bilmədiyi üçün risk getdikcə artır. Bu həddə saxlamaq üçün qlobal istixana qazı emissiyaları 2030-cu ilə qədər demək olar ki, yarıya endirilməlidir.
Emissiyalar Covid-19 pandemiyası istisna olmaqla, hər il artmağa davam edib. Debatlarda vitse-prezident Kamala Harris əsas mövzunu iqlim dəyişikliyi ilə mübarizəyə ayırdığı zaman Tramp idxal edilən avtomobillərə tariflər haqqında danışır. Bu, onun belə məsələlərə məhəl qoymadığı mənasına gəlir. Yanlış rəhbərliyin yanlış addımlar atması qorxulu ssenariya səbəb ola bilər”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli