Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ittiham aktı elan edilib.
Müttəhimlər T.İbrahimov və T.Rzayev özlərini təqsirli bilməyiblər. Təqsirləndirilən şəxslərin müdafiəçiləri buna görə ilk olaraq zərərçəkənlərin dindirilməsini istəyiblər.
Məhkəmə müraciəti qəbul edərək zərərçəkənlərin və onların hüquqi varislərinin dindirilməsi barədə qərar qəbul edib.
Hadisə zamanı həlak olan Adil Rüstəmovun atası Aydın Rüstəmov məhkəmədə mülki iddia qaldırıb. O, iddiasında təqsirləndirilən şəxslərdən onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib:
"Oğlum həmin zavodda Səyyar Ələsgərov adlı şəxsin obyektində qeyri-rəsmi işləyib. Amma faktiki olaraq zavodda yanğın təhlükəsizliyi ilə bağlı cavabdeh təqsirləndirilən şəxslər olub. Mən onlardan bir milyon manat təzminat istəyirəm".
A.Rüstəmov ifadəsində onu da qeyd edib ki, məsələ ilə bağlı tərəflərlə ünsiyyətdə olub, lakin təklifləri onu qane etməyib.
Vəkillərdən biri isə deyib ki, ki, zərərçəkənləri işə Səyyar Ələsgərov götürüb, iş üzrə adı çəkilən şəxs də məsuliyyətə cəlb olunmalıdır.
Dövlət ittihamçısı isə vəkilə etiraz edərək bildirib ki, sözügedən hadisə yanğın təhlükəsizliyi ilə bağlı baş verib, bu işə cavabdeh də təqsirləndirilən şəxslərdir.
Proses oktyabrın 3-də davam etdiriləcək.
Qeyd edək ki, bu il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.