Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Şamaxı rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.
Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.