“Ermənistandakı daxili vəziyyət sakit kimi görünsə də, əslində gərgindir”.
Bu sözləri Milli Məclisin VI çağırış deputatı Vüqar İskəndərov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və komandası indidən 2026-cı ildə keçiriləcək seçkilər barədə narahatdırlar:
“Qarabağdan öz istəkləri ilə Ermənistana gedən ermənilər Paşinyanın özü üçün də baş ağrısına çevrilir. Bu səbəbdən də Paşinyan və komandası onlarla da mübarizə aparmalıdır. Hazırda Paşinyanın ən böyük arzusu Qarabağdan gələn ermənilərin xarici ölkələrə getməsini təmin etməkdir.
Çünki onlardan xilas olmaq istəyir. Biz bunu Paşinyanın komandasından bir neçə üzvünün fikirlərində eşitmişik. Artıq parlamentin spikeri Alen Simonyan da “Dağlıq Qarabağ” adlı qurumun mövcud olmadığını deyib. Artıq Paşinyan hökuməti qondarma qurumla bağlı bütün məsələləri birdəfəlik “dəfn edərək” bu yükdən xilas olmaq istəyir”.
Həmsöhbətimiz son günlərdə keşiş Baqrat Qalstanyanın Serj Sarkisyan və Robert Köçəryanla görüşməsinin də məqsədlərindən söz açıb:
“Keşiş Baqrat Qalstanyan zaman-zaman Paşinyana narahatlıq yarada bilir. Keşişin keçmiş prezidentlər – terrorçular Serj Sarkisyan və Robert Köçəryanla görüşməsi də diqqət çəkir. Yəqin ki, onlar güclərini birləşdirərək payızda Paşinyana qarşı yeni mübarizə yolları barədə düşünürlər.
Artıq bununla bağlı yol xəritəsi hazırlanır. Baqrat keçmiş prezidentlərlə hansı yollara əl atmaqla bağlı məsləhətlər almaq üçün görüşüb. O, hətta daha əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla da görüşməyə cəhd edib. Lakin bu görüş baş tutmayıb”.
Vüqar İskəndərov diqqətə çatdırıb ki, keşiş yenidən Paşinyana qarşı kütləvi mitinqlər başlatmaq istəyir:
“Köçəryan və Sarkisyanla da görüşdə gələcək planlar və onların bu mitinqlərdə iştirakı, habelə maliyyə dəstəyi kimi məsələlər müzakirə olunub. Onlar güclərini birləşdirərək Paşinyana qarşı mübarizə aparmağı hədəfləyirlər. Lakin Paşinyan da ona problem yaradan qüvvələri tərksilah etmək üçün hərəkətə keçib.
Əhalinin əksəriyyəti hələ də Nikol Paşinyanı dəstəkləyir. Onlar Paşinyanın siyasətini bəyənməsələr də, indiyəqədərki hakimiyyətlərin nə qədər dağıdıcı olduğunu bilirlər. Buna görə də ən pisdən bir az pis olanı seçərək Paşinyanı dəstəkləməyə davam edirlər”.