RU

Ali təhsildə motivasiya böhranı: Vaxt və resurs israfı?

Son illərdə ali təhsil müəssisələrinə marağın artması cəmiyyətimizdə psixoloji rəqabət meydanına çevrilib. Ali təhsilin önəmi inkar edilə bilməz, lakin bu sahəyə yanaşma mütləq məntiqli və məqsədli olmalıdır. Təhsil ocaqlarının və tələbələrin sayının artması, hər kəs üçün arzulanan bir tendensiya olsa da, təəssüf ki, cəmiyyətimizin bir hissəsi hələ də bu prosesə məntiqsiz yanaşır.

Bunu təhsil eksperti Elmin Nuri Fins.az-a açıqlamasında deyib. O qeyd edib ki, illərdir abituriyentlərə və onların valideynlərinə ixtisas seçimi ilə bağlı məsləhətlər verir və bu müddət ərzində müşahidə olunan əsas məqam ondan ibarətdir ki, çox az sayda insan ali təhsilin uzunmüddətli perspektivlərini ciddi şəkildə nəzərə alır:

“Bəzi abituriyentlər və valideynlər sadəcə ali məktəbə qəbul olmağı əsas məqsəd kimi görür, nəticədə keyfiyyətə deyil, yalnız "diplom" əldə etməyə fokuslanırlar. Bu yanaşma əslində ali təhsilin mahiyyətinə ziddir”.

E.Nuri ali təhsil almağın məqsədli bir proses olmasını vurğulayaraq bildirir ki, tələbə öz gələcəyinə uyğun ixtisas seçimi etməlidir:

“Bu il baş verən maraqlı bir hadisəyə də toxunub: 600-dən yuxarı bal toplayan iki abituriyent yalnız bir universitet və ixtisas seçərək qəbul olmadılar, lakin onlar hədəflərinə fokuslandılar və alternativ seçim etmədilər. Bu yanaşma cəmiyyət üçün örnək olmalıdır. Gənclər yalnız diplom əldə etmək üçün deyil, məqsədyönlü bir təhsil yolu seçməlidirlər. Bu, ali təhsilin dəyərini artıracaq və gənclərin cəmiyyət üçün daha faydalı olmalarını təmin edəcək”.

Ekspert onu da vurğulayıb ki, bəzən tələbələrin ali məktəbə daxil olduqdan sonra motivasiyasını itirdiyini görmək mümkündür:

“İlk həvəs keçdikdən sonra onlar niyə universitetdə olduqlarını anlamağa çalışır və bəzən məqsədli olmadıqları üçün təhsilin əhəmiyyətini itirirlər. Buna görə də, məqsədi olmayan ali təhsil yalnız vaxt itkisi olaraq qiymətləndirilməlidir”.

E.Nuri inamla bildirir ki, gələcəkdə tələbələr ali təhsilə daha məqsədyönlü yanaşacaq və bu, ali təhsil sisteminin inkişafına müsbət təsir göstərəcək.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
fins.az

1Источники