Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub?
Afad Qurbanov Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət olunaraq Türk Dil Qurumunun şərəf üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir. Bir neçə gün öncə, 12 sentyabr 2024-cü il tarixində Türk Dövlətləri Təşkilatı tərəfindən Ortaq Türk Əlifbasının layihəsi təsdiq olunaraq, sözügedən layihənin tətbiqi ilə əlaqədar razılığa gəlinmişdir. Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi, bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması, eləcə də Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılmasından ibarət olmuşdur. Komissiya, 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın qrafikası əsaslı Ortaq Türk Əlifbası layihəsini hərtərəfli şəkildə nəzərdən keçirmiş, bu layihədə gərəkli olan məqamlara diqqət yetirərək ümumilikdə 1991-ci ilin layihəsini qəbul etmişdir. Qeyd olunmalıdır ki, 1991-ci ildə Ortaq Türk Əlifbasının hazırlanmasının əsas təşəbbüskarı və tərtibatçısı tanınmış türkoloq, dilçi-alim və ictimai xadim, Müasir Azərbaycan Əlifbasının müəllifi akademik Afad Qurbanov olmuşdur. Məlum olduğu kimi, 18-20 oktyabr 1991-ci il tarixdə İstanbulda Marmara Universitetinin Türkologiya İnstitutu tərəfindən təşkil edilən “Müasir Türk Əlifbası” simpoziumunda Afad Qurbanovun təqdim etdiyi Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin dilçiləri tərəfindən qəbul edilmişdir. Həmin iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan dilçilər iştirak edirdilər. Dilçilərin müzakirəsinə təqdim edilən əlifbada mövcud olan 34 hərfin 29-u türk dilindən götürülmüşdür. Akademik Afad Qurbanovun gərgin əməyi nəticəsində 1991-ci ildə türk dünyası üçün 34 hərfdən ibarət latın qrafikası əsasında hazırlanmış Ortaq Türk Əlifbasının layihəsi bütün türkdilli xalqların fonetik sistemini əhatə etmişdir. Afad Qurbanov 1993-cü ildə Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin alimləri tərəfindən qəbul olunarkən demişdir ki, “Bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Türk xalqlarının siyasi, iqtisadi və mədəni birliyinin yaranması və həyata keçirilməsi üçün ortaq türk dili və əlifbasının xüsusi tarixi əhəmiyyəti vardır. Ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcəkdir”. 1993-cü ildə hazırlanmış Orta Türk Əlifbası: Ortaq Türk Əlifbasının hazırlanmasındakı, Türkoloji dilçiliyin və Ortaq Türk Dilinin inkişafındakı xidmətlərinə görə Afad Qurbanov Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət olunaraq Türk Dil Qurumunun şərəf üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir.