RU

Uşaqlar niyə asılılığa meylli olur?

İnsan həyatının ilk illəri, ailə mühitində formalaşan bir şablonla əhatə olunur. Bu mühit, uşağın gələcək münasibətlərinin və sosial bacarıqlarının təməlini qoyur. Ailənin təqdim etdiyi ünsiyyət və davranış modelləri, uşağın dünyaya baxışını və sosial əlaqələrini müəyyənləşdirir. Valideynlərin uşaqlarına empatik şəkildə yanaşması, onları dinləməsi və duyğularını anlamaq üçün göstərdiyi diqqət, uşaqların şəxsiyyətinin və sosial bacarıqlarının inkişafına müsbət təsir edir. Beləliklə, ailə mühiti, uşağın sağlam bir sosial bacarıq bazası qurmasında həyati əhəmiyyət daşıyır.

Bəs, psixoloqlar nə deyir?

Müsahibimiz psixoloq Minarə Səbzəliyevadır:

-Minarə xanım, uşaqların sosial bacarıqlarının inkişafında ailənin rolu nə dərəcədə əhəmiyyətlidir?

-Hər hansısa fərdin toplumda yaşamının ilk addımları məhz ailədən başlayır. Bu səbəblə ən çox ailə daxilində ünsiyyəti və münasibəti uşaqlar rol model olaraq müəyyənləşdirirlər ki, bununla da onların dünyaya münasibəti də formalaşa bilir. Uşaq inkişafına nəzər saldığımız zaman görərik ki, münasibətlərin uşağa təsiri məhz erkən uşaqlıq dönəmindən etibarən başlayır. Bu səbəblə də uşağın ilk münasibət quracağı mühit olan ailə həm uşağın sağlıqlı inkişaf göstərəbilməsi, həm də ünsiyyət bacarıqlarının doğru şəkildə inkişafı, bununla da yeniyetməlikdə, yetkinlikdə qura biləcəyi sağlam münasibətlərə təkan yaradır. Hansı ki, araşdırmalar nəticəsində deyə bilərik ki, uşağın valideynləri ilə qurduğu ünsiyyətdə valideynlər tərəfindən aşılanan sağlam ünsiyyət bacarıqları önəmli rol oynamaqdadır.

-Valideyn-övlad münasibətləri sağlamlığını hansı faktorlara əsasən müəyyənləşdirə bilərik?

-Əslində, burada uşağı eşitmək, onu dinləmək və dediyini anlamaq ən vacib kontinumlardır. İlk növbədə valideynlər övladları ilə ünsiyyət qurarkən əsasən suallar verməyi daha çox sevirlər. Bu suallar uşaqlardan soruşulduqda özlərini sorğulanmış hiss edirlər və günahkarlıq hiss ilə də müdafiəyə keçə bilirlər. Bu səbəblə uşaqlara suallar verərkən baş verən hadisə və nəticələrinə deyil, hisslərə/duyğulara fokuslanmaq önəmlidir. Unudulmamalıdır ki, uşaqlarla yaxşı ünsiyyət bacarıqlarının təməlində yaxşı bir dinləyici olmaq durur. Hətta bir sıra ədəbiyyatlarda qeyd olunur ki, valideynlər öz övladlarını empatik dinləməyi bacara bilərlər və uşaqlarını təsirli bir şəkildə dinləyilərsə, uşaqlara öz problemlərini özləri həll etməyi də öyrənməsinə təkan yaradırlar ki, bu da həm problem həll etmə bacarığı, analiz bacarığı kimi bir sıra vacib kontinumlara müsbət təsir edir.

-Ailə daxilində sağlam ünsiyyət uşağın inkişafını necə təsir edir?

-Ən yaxşı şəkildə dəstəkləndiyini hiss edən uşaqlar ailə daxilində münasibətin daha yaxşı olduğu mühitdə böyüyən uşaqlardır. Bunun əksi olduğu təqdirdə isə bu, uşağın daha problemli davranışlar sərgiləməsinə gətirib çıxara bilir. Övladının düşüncələrinin və hisslərinin ciddiyə alınması, ailə daxilində situatsiyadan asılı olaraq hər hansısa mövzuda verilən qərarda söz sahibi olması, verdiyi suallara isə inkişaf dönəminə uyğun şəkildə cavablar verilməsi önəmlidir. Ailə daxilində övladla ünsiyyətin sağlıqlı olması uşağın inkişafının hər dönəmində önəmlidir, lakin yeniyetməlik dönəmində konflikt və yaranmış gözlənilməyən problemlərin daha sağlıqlı şəkildə yönləndirilməsində isə gərəklidir. Məhz bu səbəbdən uşaqlıq dönəmindən ailə ilə qurulan sağlıqlı ünsiyyət bağının birbaşa yeniyetməlik dönəminin həm yeniyetmə, həm də ailə üçün daha asan keçməsini həyata keçirə bilər. Belə ki, burada ünsiyyət vasitəsilə yeniyetmə ailə dəstəyini hiss edir və bunun verdiyi motivasiya ilə daha yaxşı nəticələbiləcək qərarlar alır. Təbii ki, burda bir sıra önəmli nüanslar var ki, valideynlər bunları nəzərə alaraq ünsiyyət qurmalıdılar. Hansı ki, onlar bilməlidir ki, övladları ilə qurulan ünsiyyət onu rahatlatmaq, ehtiyyaclarını diqqətdə saxlamaq, ehtiyaclarına zamanında qarşılıq vermək, fərd olaraq dəyər vermək, dəstək olmaq, düşüncələrinə hörmət etmək bu ünsiyyətdə önəm daşıyır. Hətta onlar övladları ilə ünsiyyət qurduqları zaman mütləq ki, bu nüanslara da diqqət etməlidirlər ki, hansı ki, övladları ilə göz kontaktı qurma, uşağın inkişaf dövrünə uyğun fenomenləri seçmə, situasiyada və ya baş verənlərə görə doğru səs tonu, bədən dili, jest və mimikalardan doğru istifadə etmək həm uşağın diqqətini çəkmək, həm də ünsiyyətin doğru şəkildə qurulması üçün önəmlidir. Qarşılıqlı ünsiyyətin təməllərində isə valideyn və övlad arasında dürüst ünsiyyət inkişaf etdirilməlidir, uşaqların hisslərinə fokuslanılmalıdır, uşaqları olduğu kimi qəbul etməlidirlər.

Psixoloq qeyd edir ki, valideyn-övlad münasibətləri uşağın fiziki, emosional və sosial inkişafını gücləndirən bir münasibətdir:

-Bu münasibət uşağın şəxsiyyətini, həyati qərarlarını və ümumi davranışlarının təməlini yaradır. Eyni zamanda sosial, fiziki, zehni və emosional sağlamlıqlarının gücünü də artırır. Valideynlərə güvənli və sağlıqlı bir bağlanma ilə böyüyən övladlar yaşamlarında partnyorları/dostları ilə daha xoşbəxt münasibətləri inkişaf etdirmə mövzusnda daha yaxşı şansa sahib olurlar. Valideyni ilə tutarlı və sağlıqlı münasibəti olan bir övlad stress altında və çətin situatsiyalarda emosiyalarını idarə etməyi öyrənir. Təbii ki, bu sağlıqlı valideyn övlad münasibəti də uşağın zehni, emosional və hətta zəkasının inkişafına belə müsbət təsir edir. Uşağın özgüvəninə, özünü adekvat qiymətləndirməsinə yardım edir. Hətta araşdırma nəticəsində korrelyasiyalar bizə bunu deməyə əsas verir ki, valideynləri ilə pozitiv bir münasibət quranda övladlar daha güclü problem həll etmə bacarıqları qazanırlar.

Yeniyetmələrdə maddə istifadəsi, cəmiyyətin qarşılaşdığı ciddi problemlərdən biridir. Bu dövrdə, gənclərin kimlik axtarışı, sosial təsirlər və psixoloji dəyişikliklər onları riskli davranışlara yönəldə bilər. Maddə istifadəsi, bəzən stress, diqqət əksikliyi və ya emosional çətinliklərin həlli kimi görünə bilər, lakin uzunmüddətli təsirləri həyatları üzərində mənfi izlər buraxa bilər. Gənclərin maddə istifadəsinin qarşısını almaq və mübarizə aparmaq üçün düzgün məlumatlandırma və dəstək sistemləri vacibdir.

Asılılıq üzrə mütəxəssis Anar Abbasovla da söhbətləşdik.

-Anar bəy, yeniyetmələrdə maddə istifadəsinə səbəb ola biləcək ailə faktorları hansılardır?

-Biz, araşdırmalara istinad etsək görərik ki, ümumiyyətlə maddə istifadəsi sırf yeniyetməlik dönəmindən etibarən başlayır. Yeniyetmələrdə maddə istifadəsinə səbəb olan tək bir risk faktorundan savayı dost qrupu, valideynlə bağlı, şəxsin xüsusiyyətləri ilə bağlı, toplumla, bioloji və bir sıra başqa bu kimi faktorlarla bağlı olaraq bir neçə risk faktorunun bir araya gəlməsi şəxsi əsrimizin başlıca bəladı olan psixoaktiv maddə istifadəsinə, istərsə də digər bir sıra davranış asılılıqlarından əziyyət çəkməsinə gətirib çıxara bilər. Lakin hal-hazırda bu müsahibəmizdə mən sırf ailə/valideyn risk faktoruna yönəlib, onu ələ almaq istəyirəm.
Ailələrdə həddən artıq konflikt, mübahisə, yüksək stressə səbəb olan davranışlar və bu kimi neqativ halların varlığı, sağlam olmayan ünsiyyət forması, hansı ki, valideynlərin övladları və ya bir birlərinin şəxsiyyətinə yönəlik günahlandırmaları, problemin həllinin ortaq şəkildə aparılmaması, ailənin hər hansısa üzvünün psixoaktiv maddə istifadəçisi və ya digər asılılıqlardan əziyyət çəkməsi burda həm uşağa rol model olması, həm də uşağın qarşılanmayan ehtiyacların gələcəkdə psixoloji problemləri yaranmasına başlıca təkan yarada bilər. Həddən artıq avtoritar ya da qoruyucu valideynlər, təbii ki, parçalanmış ailələrdən olan uşaqlar və yaxud valideynin birinin yoxluğu, ailənin asılılıqla bağlı informasiyalardan bixəbər olması və ya tənqidi fikrinin olmaması, ünsiyyət problemləri, emosional problemlər, valideynlərin hüquqi problemlərinin çox olması, hansı ki, antisosyal dağıdıcı davranışlarının olması, uyğun olmayan stresslə mübarizə mexanizmləri, övladlarını başqası ilə daimi müqayisə və tənqid birbaşa ailələrlə bağlı risk faktorları arasındadır. Yəni gördüyünüz kimi, ailə asılılığın yaranmasında böyük bir rol oynadığı kimi, eyni zamanda da deyə bilərik ki, ailə asılılıqdan remissiyada birbaşa mühüm rol oynayır.

A.Abbasov qeyd edir ki, maddə istifadə edən yeniyetmənin ailəsi ilə birlikdə çalışma yeniyetmənin maddə istifadəsindən imtinası və müalicənin uğurlu nəticələnməsi üçün böyük önəm daşımaqdadır:

-Hansı ki, bunu illərlə aparılan araşdırmalar bir daha təsdiq edir ki, valideynlərin müalicəyə qatılması burada müalicənin nəticəsini artıran önəmli bir faktordur. Məhz bu səbəbdən valideynlərin də bu dönəmdə öyrənmələri, inkişafı da gözardı edilməməlidir. Ana və atanın, digər əsas ailə üzvlərinin asılıııq yaradan maddələr və asılılıq müddəti haqqında maariflənməsi, maddə istifadə edən şəxsi necə anlayacaqları, onunla necə rəftar edəcəkləri, yeniyetməlik dönəmi və xüsusiyyətləri ilə bağlı məlumatlı olmaları, təsirli disiplin yöntəmlərini öyrənmələri, yaranmış problemlərin həll yollarına yönəlik davranmağı, övladları ilə təsirli ünsiyyət qurmaları labüddür ki, bu da birbaşa olaraq müalicə nəticəsinə və effektivliyinə təsir edir. Bir başqa araşdırmada hətta qeyd olunur ki, asılılıqdan əziyyət çəkən övladların olduğu ailələrin çoxunda gənclərin/övladların ünsiyyət problemlərir vardır. Ailənin maddə istifadəsini xoş qarşılayan, təhlükəli olaraq qavramayan valideyn tutumladı gənc üçün birbaşa böyük bir riskdir. Lakin ailə övladı ilə sağlıqlı ünsiyyət quraraq öz dəyərləri, inanc sistemləri ilə maddə istifadəsinin doğru olmadığını izah edirsə, həmçinin də övladının xarici və daxili resursların artırırsa, burada onsuz da övlad şüurlu şəkildə öz istiqamətini müəyyənləşdirir. 

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
olaylar.az

1Источники