Ukrayna qüvvələri sentyabrın 13-də Kursk vilayətinin Qluşkovo rayonunda irəliləyib.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında deyilir: “Geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri yenilikcə Veselinin cənubuna (Qluşkovodan cənub-qərbdə) irəliləyib”. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik bu məlumatı şərh etməyib.
Eyni zamanda, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsindəki mövqelərinə əks-hücumları davam etdirir. Lakin sentyabrın 10-dan 11-nə keçən gecə başladılan əks-hücum ətrafındakı səs-küyə rəğmən, ortada ciddi nəticə yoxdur. ISW hesab edir ki, ruslar Kurskda uzunmüddətli və uğurlu əməliyyat üçün daha güclü qruplaşma yaratmalıdırlar. Bundan ötrü isə cəbhənin digər bölgələrindən Kurska daha çox əlavə qüvvələr köçürməli olacaqlar: “ISW Rusiyanın Kursk bölgəsindəki əks-hücumlarını izləməyə davam edir. Lakin hələ ki, Rusiyanın Ukrayna qüvvələrinin Kursk bölgəsindən tamamilə sıxışdırılmasına yönəlmiş genişmiqyaslı, əlaqələndirilmiş əks-hücum əməliyyatına başladığını müşahidə etməyib”.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın əks-hücumunun başladığını təsdiqləyib. Pentaqon isə Rusiyanın buradakı kiçik irəliləyişini “əhəmiyyətsiz” adlandırıb.
Ukraynalı hərbi ekspert Konstantin Maşovets yerli mətbuata açıqlamasında hazırda Kursk vilayətində 33-35 min rus əsgərinin olduğunu qeyd edib. Eyni zamanda, Zelenski deyib ki, ruslar Ukraynanı Kurskdan çıxarmaq üçün 60 mindən 70 minə qədər hərbçi toplamaq istəyirlər. Təhlilçilər deyirlər ki, Kreml indiyədək Kurskda zəif təlim keçmiş və təchiz edilmiş çağırışçılara, nizami və qeyri-nizami qoşunların kiçik hissələrinə arxalanıb. ISW hesab edir ki, Rusiyanın öz ərazisini geri almaq əməliyyatı hazırda oraya toplanan qoşundan daha çox və təcrübəli qüvvələr cəlb etməyi tələb edəcək.
C.Məmmədov
“AzPolitika.info”