Türk dünyasında ortaq əlifbanın qəbulu ilə bağlı fəaliyyət ortaq dil və mədəniyyətlərimizin daha da yaxınlaşması baxımından olduqca mühüm layihədir. Ortaq əlifbanın mənimsənilməsi, türk xalqları arasında əlaqəni güçləndirəcək və ortaq mədəni dəyərlərin qorunmasına xidmət edəcək. Bu, həm də SSRİ dağıldıqdan sonra müstəqilliyini qazanan və daima birliyimiz uğrunda mübarizə aparan türk xalqlarının arzuolunan inteqrasiyanı təmin edəcək. Ümumiyyətlə, ortaq əlifbaya olan ehtiyac uzun illər hər platformada xalqlarımız tərəfindən dilə gətirilən ən mühüm məsələlərdən biri olub. Uzun illərdən sonra türk dövlətləri arasında əlifba və terminologiya birliyinin təmin edilməsi Türk Dövlətləri Təşkilatının (TDT) təsis edildiyi İstanbuldakı Liderlər Toplantısında qəbul edilən “Türk Dünyası 2040 Baxışı” sənədində də yer alıb. Bununla da, yenidən gündəmə gələn ortaq əlifbanın qəbulu ölkələrimiz arasında çətir rolunu oynayan TDT-nin xalqlarımız arasında uzun illər hər sahə üzrə qopmuş əlaqələrin sürətli bərpası istiqamətində atılan mühüm addımlardan biri oldu.
Hər mədəniyyətin təməli dil, dilin təməli isə hərfdir. Bu baxımdan ortaq əlifba ortaq mədəni irsimizin ən vacib hissələrindən olan ədəbiyyatımızın xalqlarımızın hər bir fərdi tərəfindən rahatlıqla oxunub öyrənməsinin də təməlidir ki, bu da qeyd olunan inteqrasiyanın əsasını təşkil edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı və Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce bildirib.
Bu il fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universiteti haqqında danışan müsahibimiz deyib: “Uzun və yorucu işin nəticəsi olaraq bu il Türkiyə-Azərbaycan Universiteti ilk tələbələrini qəbul edəcək. Bu ali təhsil müəssisəsinin tələbə qəbuluna başlaması iki ölkə arasındakı əlaqələrin daha da güclənməsi baxımından olduqca mühüm hadisədir. Bundan sonrakı mərhələdə universitetin fəaliyyətinin hər iki ölkənin aidiyyəti qurumları tərəfindən yüksək səviyyədə dəstəklənməsi vacibdir”.
Türk Dövlətləri Təşkilatının ali təhsil sahəsi üzrə lokomotivi rolunu oynayan bu universitetin iki ölkə arasında təhsil sahəsində ən konkret layihə kimi qiymətləndirən professor bildirib: “Türkiyə-Azərbaycan Universiteti ilə bağlı gözləntilər olduqca yüksəkdir və bu, universitetə müəyyən öhdəliklər verir. Bu öhdəliklərin əsasını isə regionun ali təhsilinə rəhbərlik edəcək və cazibə mərkəzinə çevriləcək təhsil bazası yaradaraq xüsusilə mühəndislik və tibb sahəsi üzrə yeni sistem modeli ortaya qoymaqdır. Bu sistemə uyğun insan resursu yetişdirmək də yeni ali təhsil müəssisəsinin fəaliyyətinin təməl prinsiplərindən birini təşkil edəcək. Bundan əlavə, bu universitet Türk dünyasının təhsil sahəsində əməkdaşlığını daha da inkişaf etdirəcək bir çətir olmalıdır. Burada, eyni zamanda, Türk mədəniyyətini və Türk dünyası dəyərlərini mənimsəmiş gənclər yetişdirilməlidir”.
Türkiyənin ən qabaqcıl ali təhsil müəssisələri tərəfindən bu universitetdə bölümlər açıldığını xatırladan professor bunu yeni təhsil modeli kimi qiymətləndirib: “Dostluq və qardaşlıq əlaqələrini müxtəlif sahələr üzrə hər il daha da inkişaf etdirən Azərbaycan və Türkiyə ali təhsil üzrə münasibətləri də ən yüksək səviyyəyə çatdırmağı qarşısına məqsəd qoyub. Bunun ən gözəl nümunələrindən olan Türkiyə-Azərbaycan Universiteti də iki ölkə arasında ortaq elmi araşdırmaları gücləndirəcək, bu sahədə keyfiyyətli təhsil və araşdırmaları təmin edəcək məkanlardan biridir. Yeni bölümlər açmaq əvəzinə hər iki ölkənin aparıcı universitetlərinin burada öz proqramlarına başlaması isə müxtəlif sahələrdə özünü doğrultmuş proqramların birləşdirilməsini hədəfləyir”.
Mənbə: AZƏRTAC