RU

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılıb

Ankara, 17 sentyabr, AZƏRTAC

Ankara Ticarət Palatası Şurasının binasında “Qafqaz İslam Ordusu və Ənvər Paşa” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Ankara Ticarət Palatası, Türk Dünyası Parlamentarilər Fondu (TDPV) və Azərbaycanın Türkiyədəki Səfirliyi çıxış edib.

Tədbir iştirakçıları Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinə dualar oxuyub, daha sonra Qafqaz İslam Ordusu haqqında film nümayiş olunub.

Türk Dünyası Parlamentariləri Fondunun rəhbəri Abdulla Çalışkan Bakının bolşevik və daşnaklardan azad edilməsini Osmanlı ordusunun Birinci Dünya Müharibəsi dövründə qazandığı üç böyük qələbədən biri adlandırıb. “Qafqaz İslam Ordusunun keçdiyi şərəfli yol haqlı olaraq Çanaqqala və Kut əl-Əmər döyüşləri iştirakçılarının şücaətləri ilə eyni sıradadır”, - deyə Abdulla Çalışkan bildirib.

TDPV rəhbəri vurğulayıb ki, türk xalqlarının birliyinin gücü qarşısında heç bir düşmən dura bilməz. “Məhz buna görə də Qafqaz İslam Ordusunun qəhrəmanlarının şücaətini xatırlamaq, yeni nəsilləri vətənpərvərlik və dostluq ruhunda tərbiyə etmək vacibdir”, - deyə o vurğulayıb.

Ankara Ticarət Palatasının İdarə Heyətinin rəhbəri Gürsel Baran çıxışında qeyd edib ki, Türkiyə və Azərbaycan xalqlarını ortaq tarixi-mədəni köklər birləşdirir. İki ölkə liderlərinin uğurlu və düşünülmüş siyasəti “Bir millət, iki dövlət” kəlamı nöqteyi-nəzərindən sıx əməkdaşlığın rəhni oldu.

Daha sonra çıxış edən TADİV-in rəhbəri Aygün Attar Azərbaycanın köməyinə gələn Ənvər Paşanın komandanlığı altındakı ordunun tarixi rolunu qeyd etdi.

O qeyd edib ki, o dövrdə Osmanlı dövlətinin üzləşdiyi çətinliklərə və problemlərə baxmayaraq, qətiyyət nümayiş etdirilib və qardaş Azərbaycan xalqına kömək etmək üçün ordunun formalaşmasına qərar verilib.

“106 il bundan əvvəl Bakını işğaldan azad edən Qafqaz İslam Ordusu əsgərlərinin şücaəti türk və Azərbaycan xalqlarının sarsılmaz dostluğu üçün möhkəm bünövrə formalaşdırıb”, - deyə Attar bildirib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım müxtəlif bəhanələrlə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışan Ermənistanın mövqeyinə diqqət çəkib.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri 30 il ərzində danışıqlar prosesini irəli apara və Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıra bilmədilər. Nəticədə Azərbaycan öz gücü sayəsində tarixi ədaləti bərpa etdi”, - deyən Ayrım ATƏT-in Minsk Qrupunun ləğv edilməsinə çağırış edib.

Türkiyəli deputat Prezident İlham Əliyevin qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə bağlı sənədə istinadın yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi ilə bağlı bəyanatının əsaslı olduğunu qeyd edib.

Tədbir çərçivəsində 1918-ci ildə Azərbaycanda baş verən hadisələrə həsr olunmuş sərgi təşkil olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
47
2
azertag.az

3Источники