ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana pul yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb.
Bakıvaxtı.az-ın məlumatına görə, razılaşma Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və USAİD-in Ermənistan missiyasının direktoru Con Alelo tərəfindən imzalanıb. Genişlənmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edir.
Bəs görəsən, ABŞ-nin bu dəstəyinin arxasında duran səbəblər nədir?
Politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ hər zaman bu və ya digər regionda öz maraqlarını təmin etmək üçün müxtəlif adlar altında maliyyə ayırmaqla, ölkəni faktiki təsir altına almaq metodundan istifadə edir.
Onun sözlərinə görə, ABŞ tabeliyində olduğu, idarə etdiyi təşkilatlar, qurumlar vasitəsilə müxtəlif ölkələrdə beşinci kalonlar formalaşdırır. İndi də eyni fəaliyyəti Cənubi Qafqaz regionunda həyata keçirmək istəyir:
"ABŞ hər nə qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində müəyyən addımlar atsa da, öz mövqeyində ikili standartların olduğu ortadadır. Ermənistanın birtərəfli qaydada dəstəklənməsi, silahlandırılması, separatçıların tör-töküntülərinin müdafiə olunması bunun ən bariz sübutudur. Bu sırada ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi olan USAID xüsusi olaraq seçilir”.
Müsahibimiz qeyd edib ki, əslində bu agentliyin Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox artırmaq haqqında qərarı gözlənilən idi. Dediyinə görə, bu planın əsası bu il aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşündə qoyulmuşdu:
“Həmin görüşdə əvvəldən elan olunmadığı halda USAİD rəhbərliyinin də iştirak etməsi Ermənistana külli miqdarda maliyyə vəsaiti ayrılacağı ilə bağlı ehtimallar irəli sürməyə imkan verirdi. Çünki söhbət hər hansı bir təşkilatdan deyil, Samanta Pauerin rəhbərlik etdiyi bir qurumdan gedir".
Yusif Bağırzadə bildirib ki, Samanta Pauer hər zaman Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla sıx əlaqələrdə olub. Hətta erməni milyarderin "soyqırıma məruz qalmış ermənilər"ə yardım etmək məqsədilə yaratdığı "Avrora" təşkilatından 1 milyon dollar dəyərində mükafat da alıb. Odur ki, indi də öz anti-Azərbaycan və anti-türk mövqeyi ilə tanınan, Azərbaycanla Türkiyəni "vəhşi" adlandıran, qondarma soyqırımın tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirən bir şəxsin rəhbərlik etdiyi qurumdan nə isə başqa şey gözləməyə dəyməz.
Yusif Bağırzadə: Ağ ev təlimlərlə ABŞ-Ermənistan siyasi birliyini göstərmək istəyirdi
"5 aprel görüşü ərəfəsində Azərbaycanın bütün etirazlarına və belə bir görüşün Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, gərginliyin artmasına səbəb olacağını deməsinə baxmayaraq, o görüş təxirə salınmadı. Həmin ərəfədə Prezident İlham Əliyevə zəng vuran ABŞ Dövlət katibi Antoni Blinken bu görüşün Azərbaycana qarşı olmadığını desə də, sonrakı proseslər Azərbaycanın öz etirazlarında haqlı olduğunu göstərdi. Bunun ən bariz sübutu kimi "Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimlərini göstərmək olar. ABŞ bu təlimlərlə ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərmək istəyirdi və buna da nail oldu. Həm İrana, həm də Rusiyaya "mən artıq bölgədəyəm" mesajını vermiş oldu", - deyə Yusif Bağırzadə vurğulayıb.
Politoloqun fikrincə, Ermənistanın sürətli şəkildə silahlanması istiqamətində addımların atılması, bu ölkəyə müxtəlif fondlar və qurumlar vasitəsilə yüz milyonlarla yardımın verilməsi və eləcə də birgə hərbi təlimlərin keçirilməsi ilə ABŞ Ermənistandakı revanşist qüvvələri də qızışdırmış oldu. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ özü də sülh çağırışlarında səmimi deyil və otuz il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri kimi tutduğu mövqedə də elə bir ciddi dəyişiklik baş verməyib.
Gülşən Şərif