RU

Qlobal istiləşmənin yaratdığı təhlükələrlə mübarizədə COP-un fəaliyyəti ŞƏRH

Qlobal istiləşmənin yaratdığı təhlükələrlə mübarizədə COP-un fəaliyyəti ŞƏRH

İqlim dəyişikləri dünya qarşısında duran ən qlobal problemlərdir. Gündəlik həyatımızda biz istəmədən belə bu dəyişikliyə qismən də olsa səbəb oluruq. Kömürün, neftin, qazın zavodlarda, evlərdə, nəqliyyatlarda istifadə edilməsi atmosferə birbaşa təsir edir ki, bu da iqlim dəyişmələrinə səbəb olur.

Bunu Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti, ictimai fəal Aqil Acalov deyib.

O qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) məqsədi qlobal istiləşmənin mümkün qədər 1.5˚C-ə məhdudlaşdırılmasını təmin etməkdir. Bu məqsədlə qlobal səyləri irəlilətmək üçün Tərəflər Konfransı silsiləli şəkildə həyata keçirilir. Burada dünya liderləri iqlim dəyişikliklərini həll etmək üçün ən yaxşı yolları axtarır və onları müzakirə edirlər. COP29-a daxil olan ölkələr də qlobal istiləşməni 1.5˚C saxlamağı öz üzərilərinə öhdəlik kimi götürüblər. Buna görə də 2050-ci ilə qədər sıfır CO2 emissiyasına nail olmaq lazımdır. Bu, istixana qazlarının səviyyəsinin azaldılmasıdır.

Azərbaycanın da 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının olduğunu diqqətə çatdıran ictimai fəal deyib: “Bu planın əsas tərkib hissəsi bərpaolunan enerji mənbələrini inkişaf etdirməkdir. Ölkəmizdə bunun üçün bir sıra əməkdaşlıqlara başlanmış, müəyyən müqavilələr imzalanmışdır. Azərbaycan enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinə görə də daim diqqət mərkəzində olub. İqlim dəyişiklikləri ilə bağlı bir sıra beynəlxalq müqavilələr bağlanıb. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Konvensiyasına qoşulub. 2000-ci ildə Konvensiyanın Kioto Protokolu təsdiqlənib”.

İqlim dəyişikliyi və onun canlı aləmə təsirinin beynəlxalq aləmdə getdikcə daha çox narahatlıq doğurduğunu deyən Aqil Acalov bildirib: “1988-ci ildə Ümumdünya Meteorologiya Təşkilatı (WMO - World Meteorological Organization) və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP - United Nations Environment Programme) tərəfindən yaradılmış İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC – İntergovernmental Panel on Climate Change) məqsədi bütün səviyyələrdə hökumətləri iqlim siyasətlərinin inkişafı üçün istifadə edə biləcəkləri elmi məlumatlarla təmin etmək olub. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel Birləşmiş Millətlər Təşkilatının və ya Ümumdünya Meteorologiya Təşkilatının üzvü olan hökumətlərin təşkilatıdır və hazırda 195 üzvü var. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin ilk qiymətləndirmə hesabatı 1990-cı ildə yaradılıb”.

Federasiya prezidentinin sözlərinə görə, iqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü də təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır. Onun, eyni zamanda, insanların yurd-yuvalarından ayrı düşməsi hallarını artıracağı da düşünülür. Ümumdünya Səhiyyə Təşkilatının 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə hesab etdiyi iqlim dəyişikliyi, eyni zamanda, daşqın, yoluxucu xəstəliklər və ekstremal istilik riskini də artırır. Gələcəkdə istiləşməni minimuma endirmək cəhdləri uğurlu olsa belə, dəniz səviyyəsinin yüksəlməsi, okean temperaturunun qalxması və okean asidifikasiyası da daxil olmaqla, bir sıra təsirlər əsrlər boyu davam edəcək.

“Demək olar ki, bütün ölkələr BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) qoşulub. UNFCCC-nin əsas hədəfi insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün istixana qazlarının atmosferik konsentrasiyasını stabilləşdirməkdir.

1997-ci ildə imzalanmış və 2005-2020-ci illəri əhatə edən Kioto protokolu UNFCCC çərçivəsində tədbirlərin ilk icrası olub. Kioto protokolu 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəz olunub. 2022-ci ilə qədər UNFCCC-də 198 tərəfdar var idi. Onun ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP), iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır. Müqavilə imzalayan dövlətlərin üç kateqoriyası üçün müxtəlif məsuliyyətlər müəyyən edilib. Bu kateqoriyalar inkişaf etmiş ölkələr, xüsusi maliyyə öhdəlikləri olan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdir. İnkişaf etmiş ölkələr istixana qazlarının antropogen emissiyalarını məhdudlaşdırmaqla iqlim dəyişikliyinin yumşaldılmasına dair milli siyasətlər qəbul etməyə və müvafiq tədbirlər görməyə, habelə ayrı-ayrılıqda və ya birlikdə 1990-cı il emissiya səviyyələrinə görə atılan addımlar haqqında hesabat verməyə çağırılır. Xüsusi maliyyə öhdəlikləri olan inkişaf etmiş ölkələr isə Monreal protokolu ilə nəzarət olunmayan bütün istixana qazları üçün mənbələr üzrə emissiyalarının milli inventarlarını hazırlamaq və onların udma qurğuları vasitəsilə atılması öhdəliyinə əməl etmək istiqamətində inkişaf etməkdə olan ölkələrin çəkdiyi xərcləri ödəmək üçün yeni və əlavə maliyyə resursları təqdim etməyə çağırılır. Bundan sonra inkişaf etməkdə olan ölkələrdən öz inventarlarını UNFCCC katibliyinə təqdim etmələri tələb olunur. UNFCCC, xüsusilə əsas beynəlxalq müqavilələrdəki (Kioto protokolu və Paris sazişi) çatışmamazlıqlara görə tənqidlərlə üzləşib. Məsələn, Paris sazişinin iqlimlə bağlı məqsədlərinə çatmaq üçün effektivliyi müzakirə olunmasına baxmayaraq, əksər ekspertlər bunun qlobal temperatur artımını 1,5 °C-dən aşağı saxlamaq kimi daha iddialı məqsəd üçün yetərli olmadığını bildirirlər. Mümkün icra mexanizmləri, istixana qazları emissiyaları üçün tarixi məsuliyyət və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi ətrafında müzakirələr aparılır”, - deyə Aqil Acalov bildirib.

O, Paris Sazişinin iqlim dəyişikliyi ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq müqavilə olduğunu deyərək əlavə edib: “Bu saziş 2015-ci il dekabrın 12-də Parisdə keçirilən COP21-də 196 tərəfdaş ölkə tərəfindən qəbul edilib. Paris sazişi iqlim dəyişikliyinin azaldılması, uyğunlaşma və maliyyə məsələlərini əhatə edir. 2023-cü ilin fevralına olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının 95 üzvü sazişin tərəfdarıdır. Müqaviləni ratifikasiya etməyən Çərçivə Konvensiyasının üç üzv dövlətindən yeganə əsas emissiya edən İrandır. ABŞ 2020-ci ildə sazişdən çıxsa da, 2021-ci ildə yenidən sazişə qoşulub. Sazişin əsas məqsədi qlobal orta temperatur artımını sənayedən əvvəlki səviyyədən - 2°C-dən xeyli aşağı saxlamaq və temperatur artımını sənayedən əvvəlki səviyyədən 1,5 °C-ə qədər məhdudlaşdırmaq səylərini davam etdirməkdir. Bununla belə, son illərdə dünya liderləri bu əsrin sonuna qədər qlobal istiləşmənin 1,5°C-ə qədər məhdudlaşdırılmasının vacibliyini vurğulayırlar. Qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün istixana qazı emissiyaları 2030-cu ilə qədər 43 faiz azalmalıdır.

Paris Sazişi çoxtərəfli iqlim dəyişikliyi prosesində əlamətdar hadisədir, çünki ilk dəfə olaraq məcburi saziş bütün dövlətləri iqlim dəyişikliyi ilə mübarizə aparmaq və onun təsirlərinə uyğunlaşmaq üçün bir araya gətirir. Onun məqsədi ölkələrə iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaqda kömək etmək və kifayət qədər maliyyə dəstəyi verməkdir. Sazişə əsasən, hər bir ölkə öz milli töhfələrini müəyyənləşdirməli, planlaşdırmalı və mütəmadi olaraq hesabat verməlidir. Paris Sazişinin həyata keçirilməsi mövcud elmə əsaslanan ən yaxşı iqtisadi və sosial dəyişiklik tələb edir. Paris Sazişi ölkələr tərəfindən həyata keçirilən, getdikcə daha iddialı iqlim fəaliyyətlərinin beş illik dövrü üzərində işləyir. 2020-ci ildən etibarən ölkələr müəyyən edilmiş milli töhfələr (MMT) kimi tanınan milli iqlim fəaliyyət planlarını təqdim edirlər. Hər bir ardıcıl MMT əvvəlki versiya ilə müqayisədə getdikcə daha yüksək ambisiya dərəcəsini əks etdirmək üçündür”.

Qlobal istiləşmənin bir çox ölkələr üçün ciddi təhlükələr yarada biləcəyini vurğulayan Aqil Acalovun sözlərinə görə, buzların əriməsi və bununla əlaqədar olaraq dünya okeanının səviyyəsinin artması bir sıra ada dövlətlərinin yox olmasına səbəb ola bilər. Əgər bəşəriyyət qlobal iqlim dəyişikliklərinin öhdəsindən gələ bilməsə, o zaman yaxın gələcəkdə Marşal adaları, Tuvalu, Kiribati, eləcə də bəzi digər ada dövlətləri Yer üzündən yox olacaq. Hesab edilir ki, qlobal istiləşmənin mənfi təsirlərini planetdə temperaturu 1,5-2 dərəcə selsi azaltmaqla məhdudlaşdırmaq olar.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
1
ilk.az

2Источники