RU

Tələbələr üçün gediş haqqı pulsuz olsun - Deputatdan TƏKLİF

Xəbər verdiyimiz kimi sentyabrın 16-da ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb. Bu gün təklif olunan məsələlərdən biri də tələbələr üçün gediş haqqının pulsuz olması məsələsidir. Övladları ali məktəblərdə oxuyan bir çox valideynlər gediş haqqına pullarının çox çıxdığını bildirir. Hətta elə valideynlər var ki, iki və ya üç övladının gediş haqqı xərclərini ödəməli olur. Əlbəttə bu da ailələrə müəyyən çətinlik yaradır. Tələbələr üçün gediş haqqı pulsuz ola bilərmi?Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, tələbələr üçün gediş haqqının pulsuz olması məsələsi ara-sıra gündəmə gətirilir və təkliflər verilir:"Hesab edirəm ki, bu məsələ mütləq müzakirə edilməlidir. Bu gün elə tələbələrimiz var ki, ödənişli əsaslarla təhsil alır. Həm gediş haqqı, həm də təhsil haqqının ödənilməsi valideynlər üçün böyük yükdür. Nəzərə alsaq ki, elə valideynlər var ki, iki və daha artıq övladının təhsil və gediş haqqı xərclərini ödəməli olur. Qeyd edim ki, bu gün Bakıda öz evlərində yaşayan tələbələrlə yanaşı, regionlardan təhsil almaq üçün gələn tələbələrimiz də var. Həmin tələbələrin valideynləri onların kirayə, qida, kommunal xərcləri ilə yanaşı gediş haqqı xərclərini də ödəməli olur. Bəzi ölkələrdə tələbələr üçün ya güzəştlər edilir, ya da onlar ümumiyyətlə gediş haqqından azaddırlar. Məqsəd də tələbəni gündəlik məişət qayğılarından uzaqlaşdırmaq və onların fikrini öz dərslərinə yönəltməkdir".Deputat qeyd edib ki, Bakının ətraf kənd, rayonlarda yaşayan tələbələrimiz universitetlərinə getmək üçün iki və ya artıq avtobus dəyişməli olur:"Eləcə də Sumqayıtda yaşayan tələbələr. Ona görə də düşünürəm ki, gediş haqqı ilə bağlı tələblərə güzəşt olunmalıdır. Ya yarı qiymətinə, ya da tamamilə pulsuz ola bilər. Tələbələrin təhsil haqqından azad olunması onların ailə büdcəsinə böyük qatqıdır. Hesab edirəm ki, bununla bağlı səlahiyyətli qurumlar öz təkliflərini hazırlanmalıdır".

Избранный
42
2
dia-az.info

3Источники