RU

Sosial şəbəkələr: zamanı öldürdüyümüz məkan - Psixoloqlardan XƏBƏRDARLIQ » AzadMedia.az


Sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. İnsanların əksər hissəsi gününün ən azı bir neçə saatını feysbuk, votsap, tviter, Tik-tok, Telqram, instaqram, yutub kimi sosial şəbəkələrdə keçirir. Bir çoxları hesab edir ki, sosial şəbəkələrdən həddindən artıq istifadə insanlara müxtəlif tərəflərdən mənfi təsir göstərir.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, insan sosial varlıqdır:

“Sosiallıq da ünsiyyətdən yaranır. Sosiallaşmaq stressi, narahatlığı və depressiyanı azaldır, özünə dəyəri, rahatlıq və rifahı artırır. Eyni zamanda tənhalıqdan doğan aqressivliyin qarşısını alır, insan ömrünü uzadır. Araşdırmalar göstərir ki, insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün nəzərdə tutulmuş bir texnologiyaya çox vaxt sərf etmək və sosial mediada həddən artıq zaman keçirmək sizi tənhalığı və təcrid olunmağı hiss etdirir, narahatlıq, depressiya kimi psixi sağlamlıq problemlərini dərinləşdirir. Çoxsaylı tədqiqatlar da sosial şəbəkələrdən həddindən artıq istifadə ilə depressiya, narahatlıq, təklik, özünə zərər və hətta suisidal düşüncələrlə bağlı artan risk arasında güclü əlaqə tapıb”.

Psixoloq qeyd edir ki, sosial şəbəkələrdə həddindən artıq çox vaxt keçirirsinizsə, bunun paralelliyində kədər, narazılıq, məyusluq, tənhalıq hissləri həyatınızı bürüyübsə, o zaman daha sağlam həyat tərzi formalaşdırmalısınız:

E.Rüstəmovun sözlərinə görə, insanın psixi cəhətdən sağlam olması üçün canlı ünsiyyətə ehtiyacı var.

Psixoloq bildirib ki, sosial şəbəkələrdən düzgün və məhdud şəkildə istifadə nə qədər inkişafetdirici və faydalı olsa da, həddindən artıq istifadə asılılıq və digər psixoloji sağlamlıq problemlərinə gətirib çıxarır:

“Sosial media və internetdən uzaq, ailə üzvləri və dostlarla canlı ünsiyyətdə olmaq psixoloji rifahın yüksəlməsinə birbaşa təsir edir. Depressiya, əsəb problemləri, təşviş pozuntusu, fobiyalar da daxil olmaqla idarə olunmayan və fərdin şəxsi həyatına mənfi təsir göstərən psixoloji narahatlıqlar zamanı isə fərd mütləq şəkildə psixoloji dəstək almalıdır”.

Psixoterapevt Səbinə Bayramovanın sözlərinə əsasən, sosial şəbəkələr insanları real həyatdan və üz-üzə ünsiyyətdən uzaqlaşdırır ki, bu da tənhalaşmaya səbəb olur.

“Sosial təşviş yaşayan fərd foto, video və ya hər hansı bir post paylaşırsa, paylaşdığı post az bəyənmə, mənfi şərh və ya heç şərh almazsa, o, həmin postu silmək kimi davranış nümayiş etdirə bilər ki, bu da həmin şəxsdə yetərsizlik hissi ya da özünə inamın itməsinə yol aça bilər. Öz “mən”inə hörməti aşağı olan fərdlər virtual mühitlərdə özləri üçün yeni şəxsiyyətlər yaratma ehtiyacı duya bilər”.

Psixoloq bildirib ki, sosial şəbəkələr daim başqalarının həyatı ilə müqayisələr yaradır, çünki istifadəçilər həyatlarının ən yaxşı anlarını paylaşmağa meyillidirlər:

“Bu, xüsusilə, yeniyetmələr və gənclər arasında öz “mən”inə hörmət problemlərinə və yetərsizlik hisslərinə səbəb ola bilər. Daimi sosial müqayisə depressiya və təşviş kimi psixoloji sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, sosial şəbəkələr insanları bir-birinə yaxınlaşdırmaq üçün nəzərdə tutulsa da, bu əlaqələr real dünya münasibətlərini əvəz etmədiyi və səthi olduğu üçün həddindən artıq istifadə təcridolunma hissini artırır. Tədqiqatlar göstərir ki, sosial mediadan çox istifadə edən insanlar daha çox tənhalıq hiss edirlər. Bu, onların depressiya və təşviş simptomlarını artıra bilir və ümumi rifahına mənfi təsir göstərir.
Sosial media tələbələr və işləyən şəxslərin məhsuldarlığına mənfi təsir göstərə bilər. Bu vəziyyət, zamanla stress, yetərsizlik hissi və öz “mən”inə hörmətin aşağı düşməsinə səbəb ola bilər, bu da depressiya və təşviş simptomlarını tətikləyə bilər. Gecə gec saatlarda sosial mediada vaxt keçirmək yuxu keyfiyyətini azalda bilər ki, bu da depressiya və təşviş simptomlarını gücləndirə bilər”.

Səbinə Bayramova qeyd edir ki, sosial medianın psixoloji təsirlərini azaltmaq üçün müəyyən vaxtlarda onmdan uzaq olmaq istifadəçilərin psixoloji sağlamlığını qoruyub saxlamağa kömək edə bilər.

Psixoloq Aytən Ələkbərova bildirib ki, sosial şəbəkələrdən alınan stress insans ciddi problemlər yarada bilir:

Bizə müraciət edən insanların əksəriyyəti sosial platforma üzərindən qazandığı stess nəticəsində yaranan xroniki təşvişlə yanımıza gəlir. Sosial mediadan aldığı stress kortizon hormununu artırır. Kortizon hormonu artdıqca, insanın içərisində sanki sərçənin çırpıntısı baş verir. İnsanlar bu vəziyyətdə səbəbin nə olduğunu anlaya bilmirlər. Səbəblər isə insanın yuxusuz qalması, sosial şəbəkələrdə zaman itirməkdir. Soial media insanların müxtəlif xəstəliklərə və psixoloji imunitetini sıfıra endirməsinə səbəb olur”.

Psixoloq Samirə Bağırovanın sözlərinə görə, sosial şəbəkədən istifadə zamanı səmərəli keçirmək deyil, öldürməkdir:

“Zaman bizə aid olduğu üçün, özümüzü hissə-hissə öldürürük. Sosial şəbəkələrin işi sosial ünsiyyət yaratmaq və əsasən məlumatları paylaşmaqdır. İnsana isə canlı ünsiyyət çox vacibdir. Dinləmək və danışmaq, empatiya qurmaq insan üçün inkişafdır. Gün ərzində sosial şəbəkədən yarım saatdan artıq istifadə depressiya, ruh düşkünlüyü, tənbəllik, həyata laqeydlik, yaddaş pozuntusu, neqativ düşüncələr, gələcəyə inamsızlıq ayardır. Əgər neqativ xəbərlər, kriminal hadisələr, təşviş yaradan xəbər saytları izlənilirsə, bunlar yuxusuzluq, təşviş-həyəcan, panik atak, səbəbsiz əsəb və gərginliyin yaranmasına gətirib çıxarır. Sosial şəbəkədə keçirilən boş vaxtları müxtəlif hobbilərlə əvəz etmək, hətta özünü məcbur etmək vacibdir. Allah insana zaman verib, insan onu öldürməklə məşquldur".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
2
azadmedia.az

3Источники