Ordu quruculuğu və gücləndirilməsində ən mühüm məsələ hərbi sənaye kompleksinin dəstəklənməsidir.
Bu barədə Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov “Poliqon” jurnalına müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə, Qazaxıstan müstəqillik əldə etdikdən sonra Sovet İttifaqından 50-yə yaxın müdafiə sənayesi müəssisəsini miras alıb: “Onlar əsasən Hərbi Dəniz Qüvvələri üçün silahların, tankların, atıcı silahların, raket sistemlərinin və hava hücumundan müdafiə sistemlərinin komponentlərinin istehsalı üzrə ixtisaslaşıblar.
Ölkənin bütün dövlət orqanlarının fəal işi, aydın hərbi-texniki siyasətin qurulması istər hüquq-mühafizə orqanları arasında, istərsə də hərbi və ikili təyinatlı məhsulların yerli istehsalçıları ilə dəqiq nəzarət və qarşılıqlı fəaliyyət şaquli xəttini qurmağa imkan verdi”.
Nazir vurğulayıb ki, xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində düzgün qurulmuş siyasət müdafiə sənayesinin inkişafında böyük rol oynayır.
“Qazaxıstan ərazisində “NC Kazakhstan Engineering” ASC-nin aparıcı xarici şirkətlərlə birgə müəssisələri fəaliyyət göstərir. Bunlara ASELSAN ilə elektro-optik cihazların birgə istehsalı; “Eurocopter” ilə EC145 helikopterlərinin istehsalı və texniki dəstəyi; “Thales” şirkəti ilə HF və VHF diapazonlarının radio stansiyaları və s. aiddir.
Müstəqillik illərində müdafiə sənayesi orduda tələbat olan məhsulların lokallaşdırılması sahəsində müəyyən uğurlar əldə edib. Bu, ilk növbədə, patron istehsalı, gəmiqayırma, hava hücumundan müdafiə sistemlərinin, optik-elektron sistemlərin, zirehli texnikaların istehsalı və təmiridir. Ancaq əldə edilən nəticələrlə kifayətlənmək olmaz. Texnologiyalar daim təkmilləşir, yeni silah növləri meydana çıxır. İndi raket silahlarının, lazer, elektromaqnit və digər silahların yerli istehsalının mənimsənilməsi məsələsi aktualdır. Silahlı Qüvvələrimizə hər birindən az miqdarda olmaqla geniş çeşiddə məhsullar lazımdır”, – deyə Ruslan Jaksılıkov qeyd edib.
O, Qazaxıstanın hərbi sənaye kompleksinin optik-elektron kəşfiyyat avadanlıqları; zirehli təkərli maşınlar və zirehli personal daşıyıcıları; rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri; ES-145 helikopterləri və yerdəyişmə qabiliyyəti 200 tona qədər olan döyüş gəmiləri; ağır pulemyotlar və kiçik silah sursatları; hərbi qulluqçular üçün avadanlıq və geyim forması istehsal etdiyini diqqətə çatdırıb.
“Yerli müəssisələrimizdə zirehli texnikanın, nəqliyyat vasitələrinin, eləcə də yaylım atəşli reaktiv sistemlərin texniki xidməti və modernləşdirilməsi həyata keçirilir.
Bu günə qədər, yerli istehsal olan pilotsuz sistemlərdən “BET SKY” şirkətinin istehsalı “BURKİT” və “SUNQAR”; “TAHARQA TECHNOLOGIES” şirkətinin istehsalı “Şağala” və “Şağala-M”; “R&D Center Kazakhstan Engineering” şirkətinin istehsalı “KARAKUS” PUA-larının orduda sınaqları keçirilib. Sınaqların nəticəsi olaraq, Silahlı Qüvvələr tərəfindən “SUNQAR” pilotsuz sistemi silahlanmaya qəbul edilib.
Beləliklə, ordunun silah və hərbi texnika ilə sistemli şəkildə təchiz edilməsi onun döyüş effektivliyini artıracaq”, – deyə Qazaxıstanın müdafiə naziri bildirib.