RU

Qəbələdə 16 min hektar sahənin suvarılması üçün anbar tikilir 

Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Modern.az-a  verilən məlumata görə, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. 

Bu məqsədlə, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir. 

Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Yengicə su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin “Yengicə su anbarının tikintisi haqqında” 2023-cü il 12 aprel tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarının artırılmasının, əkinəyararlı torpaqların genişləndirilməsinin, müasir təsərrüfatların yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının təşviqidir. 

Yengicə su anbarının ümumi su tutumu 17,5 milyon kubmetr, istifadə olunan həcmi isə 12,4 milyon kubmetrdir. Çay hövzəsində qurulan bəndin ümumi uzunluğu 449,5 metrə, hündürlüyü isə 45 metrə çatacaq. Anbar tikilib istifadəyə verildikdən sonra 15 kəndin ərazisində yaşayan 3 minə yaxın fermer təsərrüfatının su təminatı tamamilə yaxşılaşacaq. Ümumilikdə su anbarı tikildikdən sonra Qəbələ rayonunun aran hissəsində 10 min hektar, o cümlədən 6 min hektar yeni torpaq sahəsinin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da  imkan yaradacaq. 

Qəbələ rayonunda yerləşən su anbarında hazırda tikinti işləri davam edir. Göl ərazisinin təmizlənməsi, bənd özülünün qazılması, gil karxanasının üst qatının açılması və sel sutulayıcısı üzrə qazma işləri tamamlanıb, qülləli suburaxıcı qurğu, suburaxıcı tunel üzrə dəmir-beton və bənd üzrə tökmə işləri isə davam edir.

Избранный
24
1
modern.az

5Источники