İtaliyanın “Yuventus”un və Türkiyə millisinin futbolçusu Kenan Yıldız UEFA Çempionlar Liqasında (ÇL) yeni rekordlara imza atıb.
Arena.az xəbər verir ki, gənc hücumçu buna Niderlandın PSV komandasına qalib gəldikləri (3:1) ÇL-in Liqa mərhələsinin 1-ci turunun matçında qol vurmaqla nail olub.
Qarşılaşmada hesabı açan forvard Alessandro Del Pyeronun rekordunu qırıb. O, Turin təmsilçisində bu turnirdə ən gənc yaşda (19 yaş 136 gün) qol vuran oyunçu adına sahib çıxıb. İtaliya millisinin sabiq üzvü 1995-ci ildə Almaniyanın “Borussiya” (Dortmund) klubunun qapısına 20 yaş 308 günündə yol tapıb.
Bundan əlavə, Kənan Türkiyənin də tarixinə düşüb. O, Cengiz Ünderi (20 yaş 222 gün) geridə qoyaraq ÇL-də bu ölkənin ən gənc qolçusu olub.
Nəhayət, hücumçu ÇL-də mövsümün ilk qolunu vuran ən gənc futbolçuya çevrilib. Əvvəlki rekord 1992/1993 mövsümündə Belçikanın “Brügge” komandasında çıxış edən Daniel Amokaçiyə (19 yaş, 331 gün) məxsus idi.
Xatırladaq ki, Kənan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. 2023-cü ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu artıq öz adından söz etdirməyi bacarıb. Gənc yaşına rəğmən, Yıldız “Yuventus”un əsas komandasında 37 oyuna çıxıb, 5 qola imza atıb və 3 məhsuldar ötürmə verib.
Kənan Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 14 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 19 yaşlı türk hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.