Antibiotikə qarşı müqavimət (AMR) səbəbindən ölüm hallarının nisbəti 2050-ci ilə qədər 70 faiz arta bilər.
Nəticələri "The Lancet" jurnalında yayınlanan araşdırmaya görə, 2050-ci ilə qədər AMR-yə bağlı ölüm hallarının olma ehtimalı 39 milyona qədərdir.
204 ölkədə təxminən 520 milyondan çox məlumatın qiymətləndirildiyi araşdırmada 1990-2021-ci illər arasında antibiotik müqavimətinə bağlı ölüm hallarının illik təxminən 1 milyon ətrafında olduğu müəyyən edilib.
Mütəxəssislər yaşlı xəstələrin daha yüksək risk kateqoriyasına daxil olduqlarını bildiriblər. Həmin dövrdə 5 yaşdan aşağı uşaqlarda AMR nisbətində azalma müşahidə edilib, lakin 70 yaşdan yuxarı adamlarda 80 faizlik bir artım qeydə alınıb.
Araşdırmada son dövrlər AMR-yə bağlı ölüm hallarının artaraq davam etdiyi vurğulanıb. Növbəti 25 ildə bu səbəbdən ölüm nisbətində təxminən 70 faiz artım olacağı proqnozlaşdırılır.
Tədqiqatçılardan olan Los-Ancelesdəki Kaliforniya Universitetindən Kevin İkuta nəticələrin 2050-ci ilə qədər hər dəqiqə dünyada 3 nəfərin AMR-yə bağlı infeksiyalardan öləcəyini göstərdiyini deyib. O, növbəti 25 ildə AMR-yə bağlı ölüm hallarının əksəriyyətinin Cənubi Asiya və Saxaraltı Afrika ölkələrində baş verəcəyini gözlədiklərini bildirib. "Təəccüblüdür ki, antibiotiklərin həddindən artıq və ya düşünülmədən istifadə edildiyini görürük. Bu da zamanla bakteriyaların daha müqavimətli olmasına təzyiq yaradır", - deyə İkuta əlavə edib.
Bu məlumatlar əsasında tədqiqatçılar dərmanların həddindən artıq istifadəsinin qarşısının alınması və antibiotiklərin əlçatanlığının daha diqqətlə idarə olunmasının vacibliyini vurğulayıblar.